YAP üzvü kömək üçün haray çəkdi

Qəzetimizin elektron poçtuna Abşeron rayonu Saray qəsəbə sakini, Adil Mənsimov 27-də yaşayan Yeni Azərbaycan Partiyasının Abşeron rayon Təşkilatının üzvü Məhərrəmov Fazil Cəbrayıl oğlu ilə bağlı müraciət daxil olub. Fazil Məhərrəmov hər iki ayağının damar tutqunluğundan illərdir əziyyət çəkir. Ayağına qan işləmədiyindən artıq barmağının biri amputasiya olunub. Xəstəlik digər barmaqlarına da sirayət edib. Respublika Mərkəzi Klinikası, Neftçilər və digər özəl klinikalarda təcili olaraq damar xəstəliyi ilə əlaqədar ona “Stend” deyilən qurğu qoyulmasının vacibliyini bildirmişlər. Əks təqdirdə o hər iki ayağını itirməli olacaq. Bunun üçün böyük məbləğdə (4500 AZN) tələb olunur. YAP üzvi isə bu məbləğin heç qohum-əqrəbasında da olmadığını bildirir.
5 nəfərlik ailənin yeganə qazanc gətirəni Fazil Məhərrəmovdur. İndi təcili olaraq onun ayaqlarında damar əməliyyatı olunmalıdır. Lakin heç bir xəstəxanada bunu pulsuz etmirlər. Həmişə üzvlük haqqını vaxtında ödəyən YAP üzvü üzləşdiyi vəziyyətdən şoka düşmüş, bundan sonra kimə və hara müraciət edəcəyini də bilmir.
 8 ay öncə 24 yaşlı qızı Pərvanə Məhərrəmova uzun çəkən iflic xəstəliyindən vəfat etmişdir. Fazil Məhərrəmov evində qiymətli nə varsa sataraq onun müalicəsinə xərcləyib.  Buna baxmayaraq övladını həyata qaytarmaq mümkün olmayıb. YAP üzvü bildirir ki, övladının xəstəliyi ilə bağlı müraciətlər zamanı da rəsmi qurumlar ona heç bir köməklik göstərməyiblər.

Xəbər xidməti