Niyə vaxt yoxdur?

YAP-çıların sevimli sözüdür bu, “korrupsiya dünyanın hər yerində var”. Amma deyirsən, dünyanın başqa ölkələrində söz azadlığı da var, sərbəst toplaşmaq azadlığı, ədalətli məhkəmə, hüququn aliliyi, milli iradənin üstünlüyü də var, bəs onlardan bizdə niyə yoxdur, susurlar, səsləri çıxmır.

Nə isə, mövzumuz bu deyil. Indi yaptokratların sözü olmasın, yaltaqlar, merkantillər, fürsətgirlər, şəxsi mənfəət hissi ictimai mənafe duyğusundan üstün olanlar da dünyanın hər yerində ola bilər. Ancaq dərd burasındadır ki, bizdəkilər bu sarıdan da çox fərqlidirlər, hədsiz əcaib, idbar görünürlər, dəhşətli dərəcədə əttökən, bayağı, aqrardırlar, onlara qarşı zərrəcə tolerant olmaq (hansı ki, hər bir halda bu heç lazım da deyil!) olmaq üçün bir azca əl yeri belə, qoymurlar.

Məsələn, mən internetdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov adlı bir nəfərin açıqlamalarını oxudum, bilmədim onun bu sözlərinin qarşısında nə demək, nə yazmaq lazımdır: “Müxalifət liderlərində vətənpərvərlik hissi olsa, onlar cənab Ilham Əliyevi vahid namizəd kimi irəli sürərdilər. Inanıram ki, o zaman müxalifətin xalq arasında olan reytinqi qalxardı”. 

Həqiqətən heç bir şərhə ehtiyac yoxdur. Mən Nüsrət müəllimə qibtə edirəm. Doğrudan. Tam ciddi. Həyatda bu cür qafa ilə yaşamaqdan gözəl nə ola bilər. Fond prezidenti belə danışmaq, belə qafaya sahib olmaq üçün nə yediyini, nə içdiyini desə, çox sevinərəm. Yoxsa səhər-axşam kitab, bilgi, vətəndaş mövqeyi, haqq, hüquq, ədalət, çağdaşlıq, Avropaya inteqrasiya, modernləşmək haqqında yazmaqdan əlimiz qabar olub, ömrümüz çürüyüb, həyatımız zəhərə çevrilib. 

Mən xalqla bağlı ən sərt tənqidi yazılar yazarkən də daxilən bizim toplumun potensialına inanmışam. Bu potensial olmasaydı, Üzeyir bəy, Axundov, Sabir, Mirzə Cəlil, Haqverdiyev kimi simaların yetişməsi mümkün idimi? Sadəcə, son 90 illik tarix fərqli vəziyyət yaratdı. Biz 20-ci illərdə Azərbaycanın həqiqi ziyalı nəslinin xeyli önəmli nümayəndələrini itirdik. Onların xeyli hissəsi ölkədən getdi, xeyli hissəsi də bu və ya digər formada məhv oldu. 30-cu illərdə proses daha da şiddətləndi, açıq terror nə qədər dəyərli adamın mənəvi və fiziki sonluğunu şərtləndirdi. Sonra isə böyük aşınma başladı. Birmənalı olaraq daxilən kölə, qorxaq, müti “ziyalı nəsli” yetişdirildi, sistem ancaq öz standartlarına uyğun gələnləri “görkəmli yazıçı”, “böyük alim” təyin etməyə başladı. Bəli, məhz təyin etməyə. 

Zamanla biz XIX əsrdən başlayan və XX əsrin əvvəllərində artıq xeyli yayğınlaşmış maarifçi dalğadan qopduq, səviyyə get-gedə daha da düşməyə başladı. Son 40 illik ata-oğul hakimiyyətinin nəticəsində vəziyyət daha da eybəcərləşdi, biz artıq indi “mədəniyyət”, “ziyalı” adına rəqsanələrin, səməd səmədovların, yunus oğuzların, vüqar əhmədlərin, hüseynbala mirələmovların, ilham mirzəyevlərin ümidinə buraxılmışıq. Gecə-gündüz onların təbliğ edilir, onlar vəsf olunur, bir növ onlar “böyük yazıçı, müğənni, şair, alim” təyin edilirlər. Hələ bu da son hədd deyil. Səviyyə düşməyə davam edəcək. Bunların təqdim etdikləri gənclərə baxanda başqa cür düşünmək mümkün deyil. Bəli, belə davam etsə, biz bir azdan Anar Rzayevi, Fikrət Qocanı, Ilhaməni əliçıraqlı axtaracağıq, onlara şükr edəcəyik. 

Hə, vəziyyət düşündüyümüzdən də çox ağırdır. Rejimi dəyişməklə isə biz sadəcə, müsbətə doğru bir addım atmış olacağıq. Ən çətin, ən ağır mübarizə əslində məhz ondan sonra mübarizə başlayacaq. Biz xalqdan oğurlanan, “yuyulan” çirkli pulların yerini daha çox çalışıb, tər töküb qaytara bilərik.  

Amma yuyulan beyinləri doldurmaq, məsələn, adamların öz ömründən kəsib prezidentə bağışlamaması üçün nə qədər əziyyət çəkmək, nə qədər məşəqqətlərə qatlaşmaq, nə qədər tər tökmək lazım gələcək.

Bir sözlə, görüləsi iş çoxdur. 

Ona görə də daha artıq bu sistem qaldıqca o görüləcək işlər, sağaldılacaq yaralar artır.

Gözləməyə vaxt yoxdur.