İntihar aşiqləri

Kürdəmir onsuz da yanır. Bir də yayın bu cırhacırında Kürdəmirdə susuzluqdan yox, hirsindən üstünə benzin töküb özünü yandırmağı düşünün. Hər halda çox dəhşətli mənzərə yaranır. Hələ bu yandan hayına yetişib onu söndürməyə çalışan adamın halını da fikirləşin. Sonra o yanıqla (sizə III dərəcəli yanıqdan danışıram) bərbad gündə olan səhiyyəmizin təndir kimi cayır-cayır yanan bir əyalət xəstəxanasını, orda od tutub yanan tibbi bazar qiymətlərini və bir də bütün bunlarla bərabər yanmış adamın istidən qovrulub kül olmasını xəyalınıza gətirin. Adamın bu boyda əzaba gücü çatır. Amma… Amması bir az sonra.

Desəm ki, bu cəhənnəm zəbanəsi azmış kimi bunun üstünə bir də polisin işə qarışmasını ağlınıza gətirin, o zaman əminəm ki, sizin də ürəyiniz kabab olacaq!

Polisin işə qarışması dedim. Ancaq məsələ ondadı ki, istintaq polisi işə qarışmamış da, işin içində polis var. Deməli, məsələ belədi: “Teleqraf.com”a verilən xəbərə görə, Kürdəmirin Sığırlı kənd sakini olan sürücü, sahə müvəkkilini və özünü yandırıb. Avtomobildə benzin qabları olub və sahə müvəkkili onun daşıdığı yanacaqla maraqlanıb. Bu zaman onların arasında mübahisə yaranıb. ƏSƏBLƏRINƏ HAKIM OLA BILMƏYƏN (seçdirmə bizimdir – P.) sürücü avtomobildəki benzini özünün və sahə müvəkkilinin üstünə tökərək od vurub. Hadisə nəticəsində hər iki şəxs III dərəcəli yanıq xəsarəti alıb. Vəziyyəti ağır olan sürücü və sahə müvəkkili rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb”. (Indi də o sürücünün yanmış dərisinin polisdə yenidən necə soyulacağını da gözünüzün önünə gətirin!)

Polisin istənilən sürücü ilə söhbətini və əsəb yaradacaq məqamı təsəvvür eləmək qətiyyən çətin deyil. Yüz faiz arada “polisə hörmət” və yaxud da “onda şöbəyə gedək, orda ağlın başına gələr” söhbəti olub. Təkcə özünə görə deyil, bütün əhalinin, xüsusilə də sürücülərin polislərdən yığdıqları əsəb istənilən adamın şüuraltısında toplanıb və istənilən polisin “hörmət” və ya “şöbə” söhbəti bütün o yığıntıları üst qata çıxarır, əsəb yaradır. Mümkündür ki, 20-30 litr benzin alverilə dolanan sürücünü polis divara qısnayıb, qanunu onun gözünə soxub. Sürücü isə, “ölkənin neft yataqlarını satıb cibimə qoymuram ki, 5-10 litr benzin alıb, üstünə qəpik-quruş qoyub balalarımı saxlayıram”, – deyib, polis də: “Nə olsun, mənim də balalarım var” və s. Söhbət şişib, axırı da yanğınla bitib. Hamı bilir ki, odla oynamaq olmaz. Ancaq polis bilməyib. Beləcə, iş iki ailənin başsız qalması həddinə çatıb.

Əslində, onların hər ikisi haqlıdı. Çünki ikisi də məşəqqət içində yaşayır, övladını dolandıra, nə bilim oxuda bilmir, ona görə də hər ikisi o birisinin dərisini soymağa çalışır. Heç biri də bu qəziyyənin – sürücü, niyə çax-çuxla məşğul olmasının, polis isə bu çax-çuxa görə rüşvət istəmək zorunda qalmasının səbəbini anlamaqdan ötrü bir kərə zəhmət çəkib başını bir balaca yuxarı qaldırmır və səbəbkarı görə bilmirlər. Ona görə də hər ikisi bir-birini didməyə məcburdu. Çünki mövcud şəraitdən intihar həddinə çatan və özündə buna cəsarət tapan sürücü bu şəraitdən qurtulmaq üçün bir dəfə də olsun, seçkilərdə doğru seçim eləməyib, yəqin bu dəfə də eləməyəcək, çünki qorxacaq. Ölümdən qorxmur, özünü yandırır, ama pərdə arxasında gizli seçim etməkdən qorxur. Həmin rüşvət yığmağa məcbur olan polis də, özünün və elə onun haqqını tələb edənləri xürd-xəşil edir, seçkidə öz fikri olanları gözüm-çıxdıya salır.

Indi gəl bu xalqı başa düş. Rus şairi Fyodor Ivanoviç Tütçevin sözləri yada düşür: “Umom Rossiyu ne ponyat”. Mən səni necə başa düşüm axı, ay cinayətə gücü çatıb, hüququna yaxın düşə bilməyən azərbaycanlı? Övladının yolunda intihar eləyirsən, ancaq bil ki, bu gedişlə bir gün sənin övladın da intihara məcbur olacaq. Sonra da onun övladı. Bunumu istəyirsiniz?..