Kölgəsindən qorxanlar

Məndə çoxdan belə təsəvvür yaranıb ki, siyasət o şeydir ki, onunla Azərbaycanda nə hakimiyyət, nə də müxalifət məşğul olur. Müxalifət bizim özümüzünküdür, onu qınayanda, irad tutanda da məqsədimiz o olur ki, bu siyasi vektor daha güclü, daha mütəşəkkil olsun. Başqa bir məqsədimiz yoxdur.

O ki qaldı hakimiyyətə, burada məsələ bir az qəlizdir. Ölkədə baş verənlərə baxanda adamın ağlından bir sual keçir: əcəba, doğrudanmı bunların hamısı bircə məqsədə – hakimiyyətdə qalmağa xidmət edir?

Milli Şuranın fəaliyyətilə bağlı iradlarımı bir neçə dəfə yazmışam. Amma məlum olur ki, hətta indiki şəraitdə belə bu təşkilat hakimiyyəti bərk təşvişə salıb. Əgər belə olmasaydı Şuranın təsisçi təşkilatlarından birini bu qədər çək-çevirə salmazdılar. 

Səhv etmirəmsə, 2003-cü ildə də elə belə olmuşdu. O vaxt da müxalifət sıralarına yol tapmış, hətta onların etibarını qazanmış bir nəfər seçki ərəfəsində müxalifətin iğtişaşlar törətmək planları haqda hakimiyyəti məlumatlandırmağı özünə “borc” bilmişdi. 

Qərəz, ssenari elə həmin ssenaridi. Bəs təşviş nədən yaranır? Güman edirəm ki, bu sualın cavabı hamıya çox yaxşı bəllidir. 

Ölkədə çox böyük narazılıq var. Bu narazılığın fonunda istənilən adam böyük siyasi dəstək qazana bilər, yetər ki, o, yalnız həqiqti desin və özü də bunu ağıllı şəkildə ifadə etsin. 

Ona görə “ağıllı şəkildə” deyirəm ki, indi insanlar ucuz populizmi çox da sevmirlər, onlar ağıllı söz eşitmək istəyirlər. 

Hakimiyyətdəkilər bunu bilir. Bildiklərindən də təlaş keçirirlər. Ona görə də müxtəlif ssenarilər uydururlar. Milli Şuranın elə bir qanadına yapışıblar ki, orada, ümumiyyətlə, radikal baxışlı adam tapmaq çox çətindir. 

Bu, mənim yadıma məşhur bir sovet lətifəsini salır. Bir nəfərdən soruşurlar ki, “Kapital”ı kim yazıb? Başlayır and-aman etməyə ki, vallah, mən yazmamışam!

YAP-ın elə əvvəllər də siyasəti belə idi. Gündə bir “çevriliş planı” aşkar edirdilər. Amma bir dəfə belə olsun kimsə bu planın vaxtında üstünü açdığına görə bu hakimiyyətə təbriklər söyləmirdi, çünki bilirdilər ki, hamısı yalandır, heç nə yoxdur. 

Indi də belə edirlər. Bunların fantaziyası o qədər də zəngin deyil, yalnız primitiv şeylər uydura bilirlər ki, bunlara da özlərindən başqa bir kimsə inanmır.

Milli Şuraya əvvəl “Rusiya layihəsi” dedilər. Görəndə ki, V.Putin bunları dəstəkləməyə, I.Əliyevə “xeyir-dua” verməyə gələcək, başladılar onu “Qərbin layihəsi” adlandırmağa. Özü də bütün bu ideoloji maskarad, vur-tut, iki ayın içində oldu.

Indi son çarəyə əl atıblar. Elə təssəvvür yaranır ki, bunlar ölkədə dünyanın ən azad və ədalətli seçkisini keçirməyə hazırlaşırlar, amma müxalifət bunun qarşısını alır!

Ona görə də düşünürəm ki, hakimiyyət edəcəyi qanunsuzluqlara qarşı müxalifətin və cəmiyyətin mümkün etirazının qarşısını indidən almağa, bir növ ictimai ovqatı yoxlamağa cəhd edirlər. Bilirlər ki, seçkini tamam saxtalaşdıracaqlar, hətta indiki namizədlərlə belə onu udmaq şansları sıfra bərabərdir. Elə bu səbəbdən də müxalifəti indidən təzyiq altına salmağa cəhd edirlər.

Əvvəllər də belə edirdilər. Hər dəfə bir qanunsuzluq etmək ərəfəsində müxalif qüvvələrə qarşı güclü təbliğata başlayır, onlara təzyiq edirdilər. Sonra da öz bildiklərini edirdilər.

Ölkə müxalifəti ilk dəfədir ki, birləşib. Mən demirəm ki, seçim idealdır. Yox, bundan da yaxşı variant ola bilərdi. Amma bu, oldu. Buna da şükr demək və öz dəstəyimizi vermək zorundayıq.

Müxalifətin siyasi seçiminin neqativ tərəflərilə pozitiv tərəfləri də var. Milli Şuranın indiki namizədinə qarşı kompromat tapmaq çox çətindir. O, bir ziyalıdır, müəllimdir. Ona nə deyəcəklər? Nə yapışdırmağa çalışacaqlar?  Deyiləsi, yapışdırlası şey yoxdur. Təbii ki, o, çox da güclü siyasi fiqur deyil, amma o, böyük bir siyasi qurumu təmsil edir. Hakimiyyəti elə qorxudan da budur. Insanlar müxalifət liderlərinə olan rəğbətlərini bu adama qarşı istiqamətləndirəcəklər.

Qərəz, hakimiyyət bərk qorxuya düşüb. Bunlar öz kölgələrindən də qorxurlar. Bu qorxu bəzən elə həddə çatır ki, adamın gülməkdən başqa çarəsi qalmır. 

Bir tərəfdən istəyirlər ki, seçkiyə legitimlik görüntüsü vermək üçün Milli Şura seçkidə iştirak etsin, o biri tərəfdən də qorxurlar ki, Milli Şuranın qələbəsi o qədər aşkar olar ki, onu ört-basdır etmək üçün bunların məharəti çatmaz. Vallah, əsl tragikomediyadır. Elə deyilmi?