Milli Şuradakı fəaliyyətimizdən narahat olublar

Yaşar Cəfərli: «Mənə qarşı baş verən təxribatlarla bağlı beynəlxalq təşkilatlara və səfirliklərə müraciət edəcəm»

Ehtiyatda və Istefada olan Zabitlər Birliyinin rəhbəri  Yaşar Cəfərli ona qarşı olan təxribat xarakterli hərəkətlərlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Milli Şuraya üzv olduğu gündən etibarən Yaşar Cəfərliyə və rəhbərlik etdiyi quruma qarşı müxtəlif maneələr yaradılır: ú

“Naməlum şəxslər ofisimizin qarşısında keşik çəkirlər, işçilərimizi izləyirlər. Biz ehtimal edirik ki, bizi izləyən maşınlar Müdafiə Nazirliyinin əməkdaşlarına məxsusdur. Özünü Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxslər qeyri-qanuni yollarla təşkilatımızın üzvlərini təxribata sürükləyir, onlardan mənə və idarə heyətinə qarşı ifadələr almağa cəhd edirlər. Bundan başqa, istifadə etdiyim mobil telefona zənglər edilir və mənə təsir etməyə çalışırlar”- deyə bəyanatda bildirilir.

Xatırladaq ki, bir müddət öncə Yaşar Cəfərli naməlum şəxslər tərəfindən döyülmüşdü.

Yaşar Cəfərli ona qarşı olan təxribatlarla bağlı Baş Prokuror Zakir Qaralova məktub ünvanlayıb. Məktubda bəyanatda göstərilən faktlar bir daha vurğulanıb və aşağıdakı fikirlər yer alıb: “Hesab edirəm ki, ”EL” hərəkatının sabiq üzvü Əflan Ibrahimovun AXCP sədri Əli Kərimlinin, Milli Şuranın Icra Aparatının rəhbəri Eldar Namazovun guya “iğtişaşlar hazırladıqları” barədə məlumatların yayılması fonunda mənə edilən təxribat xarakterli zənglərin və göndərilən mesajın məqsədi Milli Şura üzvü olaraq məni uydurma “dövlət çevrilişinə” hazırlıqda ittaham etməkdən ibarətdir. Digər tərəfdən, bu təxribat xarakterli hərəkətlər həm də Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən şəxsən mənə qarşı yönəlmiş qara piar və mətbuat vasitəsilə ünvanıma təhqiramiz ifadələrlə dolu açıqlamalarla müşayiət olunur. Buna misal olaraq 27 avqust tarixində “Qafqazinfo” saytında MN-nin mətbuat xidməti rəisinin adından yayımlanan informasiyanı (Link: http://www.qafqazinfo.az/xeber-bu-gerizkal-axmaq-gorun-hans-yolu-secib-t62934.html) göstərmək istəyirəm. 

1.28 avqust 2013-cü il tarixində +79640542589 nömrəsindən mənə zəng edən adamın şəxsiyyətinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülsün. 

2.02.04.2013-cü il tarixində mənə qarşı sui-qəsdə cəhd aktında iştirak edən adamların şəxsiyyətinin müəyyənləşdirilməsinə yaradılan süni problemlərin və maneələrin aradan qaldırılması və ədalətli araşdırılma aparılması təmin edilsin. 

3.Bu müraciətdə göstərilən digər məsələlərin də araşdırılması və qanunsuz hərəkətlərin qarşısının alınması üçün qanuna müvafiq tədbirlər görülsün”.

Yaşar Cəfərli qəzetimizə açıqlamasında bildirdi ki, hakimiyyət öz rəqiblərini sıradan çıxarmaq üçün müxtəlif üsullara əl atır və biz də Milli Şurada olduğumuz üçün bu kompaniya bizə qarşı da həyata keçirilir: “Mən inanmıram ki, bu bəyanatların, məktubların hansısa müsbət nəticəsi olsun. Mən bu məsələnin Milli Şurada müzakirə olunmasını təklif edəcəm. Daha sonra beynəlxalq təşkilatlara və müxtəlif səfirliklərə də müraciət edib, faktlarla hər şeyi göstərəcəm”.

Ilham Hüseyn