Başlıqdakı sual mənim bu sorunu bilməzliyimdən irəli gəlmir. Sadəcə oxucunun diqqətini yazıya yönəltmək üçündür. Əlbəttə, ən azı bir ay on gün Ilham Əliyev prezidentdir. Oktyabrın 9-na təyin edilən prezident seçkilərinəcən bu belə olacaq. Oktyabrın 9-can Ilham Əliyev həm də prezidentliyə namizəd olacaq. Və o hər iki kateqoriya üzrə hüquqlarından aşar-daşar yararlanır. Özü də televiziyaların köməyi ilə. Televiziyalar hakimiyyətin başıqapazlısı olduğuna görə.
Prezident seçki öncəsi Azərbaycanın bütün rayonlarını birər-birər gəzməyə başlayıb. Faktiki olaraq hər səfər birbaşa ünsiyyət, seçkiöncəsi birbaşa təbliğat deməkdir. Prezidentin gəlişi şərəfinə yerli icra başçıları rayonlarına əl gəzdirir, cənab Əliyev də hər rayona səfərini əlində qızıl gül dəstəsi ziyarətlə başlayır, mütləq bağları gəzir, lent kəsir, düymə basıb nəyisə işlə salır. Iş o yerə çatıb ki, icra başçıları açdırmağa obyekt tapmayıb özəl dairələrə də əl qoyublar. Məsələn, Qax rayonunda olarkən Ilham Əliyev “El Rekort” hotelinin konfrans salonunun açılış lentini kəsib. Hotelin özünün yox ha, konfrans salonunun. Televiziyalar utanıb-qızarmadan açılış törəninə seçmə təriflə bəzək vurublar. Televiziyalara baxanlarsa həm prezidentin Qaxda hotel üçün konfrans salonu açmasından, həm də bunun təqdimatından utanıblar. Prezidentin salon açmaq üçün hansısa rayona getməsi dünyada görünməmiş biabırçılıqdır.
Mahiyyətdən uzaqlaşmayaq, prezident administrasiyasından lentkəsmə mərasiminə qatılan əməkdaşa məsləhət görərdim ki, bu lentləri qeydiyyata alaraq arxivdə toplasın, onlardan “analoqu olmayan” sərgi açmaq olar. Lap Ginnesin “Rekordlar” kitabına düşmək də. Bir şəkil, bir lent, məncə pis olmaz. Baxılar. Kim bu sərgiyə hansı niyyətlə gələcək, o ayrı məsələ. Əsas odur dünyada bənzəri olmadığına görə Nadir Qafarzadənin “Maral”ı kimi reytinqləri qırar.
Ilham Əliyev prezident kimi rayonları gəzir. Prezidentliyə namizəd kimi isə “vəkilləri” rayonları gizli dolaşırlar. Tezliklə açıq işə keçəcəklər. Televiziyalar prezidenti göstərir, “vəkillərin” adını belə çəkmir. Əslində Ilham Əliyev qeydiyyata alınmış prezidentliyə namizəd olduğuna görə MSK təbliğat dönəmindən qabaq namizədin səfərlərini geniş və bir qədər də yaltaqcasına işıqlandıran televiziyaları məhkəməyə verməlidir. MSK öz qərarlarına hörmətlə yanaşmağı bacarsa, belə olmalıdır. Çünki seçkiyə cavabdeh qurum kimi MSK iki həftə qabaq KIV-lərə müraciət edərək onları seçki qanununun tələblərinə əməl etməyə çağırıb. Bildirib ki, hər hansı namizədin xeyrinə və ya əleyhinə olan təşviqat materiallarının dərc olunması və yayılması qadağandır. Indi nədən MSK bu boyda qanunsuzluğa – Ilham Əliyevin aşarı təbliğatına göz yumur?
Prezident hansısa rayona səfər edib, etsin. Hər telekanal informasiya proqramında bu səfər barədə bir dəqiqəlik süjet versin, yetər. AzTV hər səfərdən azı 20-30 dəqiqə material hazırlayır. Onu Azərbaycan və rus dillərində yayımlayır. Bazar günü “Həftə”də eyni material daha geniş, şərhlərlə göstərilir. AzTV hazırladığı materialı telekanallara ötürür. ITV, ATV, Space də o iyirmi dəqiqənin azı 10-15 dəqiqəsindən yararlanır. Bu da olur iqtidar namizədinin birbaşa və ikiqat təbliğatı. Ikiqat, çünki prezident rayon səfərlərində sakinlərlə görüşərkən özü öz təbliğatını aparır, bol-bol tərifləyir. Televiziyalarsa onun çıxışını verir, üstəlik, kadrarxası mətnlə deyilənlərə, görünənələrə bəzəkli cümlələr qoşurlar. MSK isə görməzlikdən gəlir.
Məncə, prezidentliyə namizədlər və onların arxasında olan siyasi qurumlar bu məsələnin üstünə getməli, həm telekanalları, həm də qanunsuzluğa göz yuman MSK-nı məhkəməyə verməlidirlər. Lider və ATV-ni MSK ilə birgə məhkəməyə verməyə daha bir səbəb var. Bu iki telekanalda müxalifət namizədlərinin əleyhinə çirkin kampaniya gedir. Iqtidar namizədini tərifləyən telekanallar müxalifət namizədlərini gözdən salan xəbər törəməli “Sədadan sonra”, “Sitatın sonu” kimi verilişlər hazırlayırlar. Üstəlik, bu verilişləri millət vəkilləri aparır. MSK isə göz yumur. MSK-nın “gözünə çöp düşüb”, müxalifətə nə gəlib?
Sənubər