Səlahəddin Əliyev: «Bu gündən YAP-dan çıxıram, bu partiya nəvələrimə zülm və əzabdan başqa heç nə verməyib»
Bugünlərdə “Azadlıq”a maraqlı bir müraciət daxil olub. 1992-ci ildən YAP-ın üzvü olan Səlahəddin Əliyev qızının dörd övadına dövlətin qayğısız münasibətindən söz açıb:
“Qızımın dörd övladının üçü üçəmdir. Hazırda qızım Məlahət Heydərova Binəqədi rayonunda kirayə yaşayır. Gələcəyin əsgərləri olan övladları isə olduqca çətin durumdadır. Üçəm uşaqların qeydiyyatda olduğu Nərimanov rayon icra hakimiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çoxsaylı müraciətlər göndərsək də, bu uşaqlara müavinət verilmir. Vətənə üç əsgər verəcək ananın bu gün yaşamağa yeri belə yoxdur. Uşaqların atası günəmuzd fəhlə işləyir, qazancını kirayəyə, yoxsa əkizlərin yeməyinə, dərmanına, kommunal xərclərə vermək fikrilə vurnuxur. Son vaxtlar kommunal xərci ödəyə bilmədikləri üçün ailənin işıq və qaz təchizatı kəsilib.
Əkizlərin problemilə bağlı YAP-ın icra katibi Əli Əhmədova müraciət etmişəm. Çünki o, Nərimanov rayonunun millət vəkilidir. Amma 7 aydır ki, heç bir cavab almamışam. Bir partiya rəhbəri öz üzvünə cavab vermirsə, belə bir partiya mənim nəyimə lazımdır?! Odur ki, bugündən etibarən özümü YAP üzvü hesab etmirəm və həmin partiyadan kənarlaşdırılmağımı tələb edirəm. Bu partiya nəvələrimə zülm və əzab verməkdən savayı, heç nə verməyib”.
Sosial şöbə