Məncə, YAP hakimiyyətinin batmamaq üçün göstərdiyi son çabalar, son çarpışmalar tarixə bu cür məzəli adla düşməyə layiqdi – “Yumurta islahatı”…
Istər korrupsiyaya qarşı “mübarizə” olsun, istər yumurtanın qiymətinin inzibati yollarla salınması. Gerçəkdən, çox məzəli mənzərə yaranır. Bazar iqtisadiyyatı və inzibati yolla qiymətsalma.
Yumurtanın qiyməti ona görə qalxmayıb ki, toyuqlar daha iri yumurtlamağa başlayıb və onun məhsulu çəkiylə də satılmır ki, deyəsən bunun təsiri olub.
Bircə səbəb var – korrupsiya.
Bir anlıq xəyalınıza gətirin ki, Fransa prezidenti müşavirə keçirir və barmağını silkələyib deyir ki, yumurtanı baha satanlar cəzalandırılacaqlar. Əminəm ki, dodağınız qaçdı və xeyli istirahət elədiniz.
Bircə səbəb var, dedim. O səbədən də hər şeyin qiyməti kəllə-çarxa qalxıb ölkəmizdə. Yumurtadan tutmuş azadlığa qədər.
Lap “Dəli Kür” filmi düşür adamın yadına. Orada yumurta döyüşdürən uşaq Çernyayevskiyə izah eləyir: “Urus, bu toyuq, bu yumurtanı doğub…”. Hə, deməli, yumurtanı doğan hansısa iqtidar deyil, toyuqdu. O toyuqlar da iki hissəyə ayrılır – həyət toyuğu, fabrik toyuğu. Ancaq hər iki toyuq hansısa yumurtadan çıxıb. O yumurta isə baha olub. Ondan çıxan cücə isə toyuq olana qədər xeyli yol keçib. O yolda onun böyüdülməsi üçün xeyli xərc çəkilib. Xərclər bununla bitməyib və sağ olduqca toyuğu yemləməkdə davam eləməlisən. Yemin qiyməti isə dəhşətli dərəcədə yuxarıdı. Çünki yemi satanlar taxıl zəmilərinə qoyduğu mayanısa çıxarmağa çalışırlar. O öz buğdasını yaxşı qiymətə sata bilməsə, balalarına yumurta ala bilməyəcək. Yumurta satan isə qiyməti prezidentin xətrinə salsa, onda dən ala bilməyəcək və toyuqları nəinki yumurta doğmayacaq, dünyalarını belə dəyişəcəklər. Axı toyuqlara demək olmaz ki, mən sənə yem verməyim, sən yumurtlamaqda davam elə, çünki dövlət başçısının xüsusi tapşırığı var. Hakimiyyətdə qalmaq üçün yumurtanın qiyməti aşağı olmalıdı. Toyuq olmasına baxmayaq (adamlara belə bəzən aşağılamaq üçün toyuq ağıllı deyirlər), toyuqlar durub hansısa YAP-ın hakimiyyətdə qalması, avam camaatın başını ucuz yumurtayla aldatması üçün acqarına yumurtlayan deyil.
Hə, toyuqlar ömrünü hökumətimizə bağışlayandan sonra, təbii ki, onun sahibi də yumurta alverindən olduğuna görə, dəhşətli sıxıntılara düşəcək. Onun toyuqları ölməsə belə, adam durub yumurtasını mayasından ucuzuna satan deyil. Hələ toyuğun iynə-dərmanını demirəm.
Fabriklərdə məsələ lap qəlizdi. Yem, işçilərin əmək haqları, yer pulu, ƏDV, adi vergi, işıq, qaz, su pulu, yumurtaları dükanlara daşıyan avtomobillərin amortizasiya xərcləri, yanacaq sərfiyyatı, sürücünün zəhməthaqqısı… eyyy, bu elə bir zəncirdi ki, ucu-bucağı yoxdu.
Toyuqların yemlənməsini bir qırağa qoyaq. Deyək ki, ömründən kəsib prezidentə bağışlamağa öyrəncəli olanlar, gəlirlərindən də kəsməyi bacardılar. Yaxşı, axı işini bilməyən o biçarələr sabah dükana gedəndə görəcək ki, ay dadı-bidad, qiyməti düşən təkcə yumurtadı. Məgər prezidenti təkcə yumurtasatanlar sevirmi? Bəs qiyməti elə kəllə-çarxdaca qalmış bütün başqa ərzaqlar, tərəvəz, ət, süd, un məhsulları??? Axı prezident onların qiyməti haqda heç nə deməyib, heç kimə barmaq silkələməyib, heç kimin qulağını yerindən çıxarıb divara mıxlayacağını söyləməyib… Ya onlar prezidenti sevmir, ya da prezident onları yumurtasatanlardan daha çox sevir…
Buna deyirlər, ədalətsizlik. Yox, iş çox fırıqdı. Yaxında adamlar yumurta üzünə həsrət qalacaq. Hələ onu da fırıqlığın üstünə gələk ki, prezidentin yumurta islahatı camaatın ağlına bir şey saldı. Demək, səsini çıxarıb tələb eləyəndə, çox şeyə nail olmaq mümkünmüş. Xalqın da istədiyi o qədər şey var ki, sanamaqla qurtarmaz. Indi, döy başına, yan ay YAP… Bu da yumurta islahatı…