Arif Əsgərov qardaşını niyə işdən çıxarıb?

Əli Əsgərovun vəzifədən azad edilməsi ilə bağlı təfərrüatlar

Xəbər verildiyi kimi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun qardaşı Əli Əsgərov tutduğu vəzifədən azad edilib. Əli Əsgərov Tovuz Dəmiryol Stansiyasının rəisi vəzifəsində çalışırdı. Bir müddət əvvəl Əli Əsgərovun adam öldürülməsi barədə məlumat yayılmışdı.

“Yeni Müsavat”ın yaydığı həmin məlumatda bildirilirdi ki, iyulun 31-də Tovuzun dövlət dəmiryol stansiyasının rəisi Əli Əsgərov ərazidə sahibsiz itləri güllələmək üçün çağrılan vətəndaşın əlindən tüfəngi alaraq atəş açıb. Bu zaman güllə küçənin əks tərəfində olan market sahibinin oğluna dəyib və yaralanıb.

“Azadlıq”a daxil olan xəbərə görə, bu hadisənin ictimailəşməsi nəqliyyat naziri Ziya Məmmədovu və Arif Əsgərovu bərk narahat edib. Seçki ərəfəsində, ciddi narazılığın olduğu dönəmdə mətbuatda bu barədə xəbərlərin  “yuxarılar”ın hiddətinə səbəb olacağından ehtiyat edən Ziya Məmmədov və Arif Əsgərov çıxış yolunu Əli Əsgərovun işdən çıxarılmasında görüb. Məlumat üçün deyək ki, hazırda ölkədəki narazılıqla bağlı hakimiyyətdə ciddi narahatçılıq var. Məhz bu səbəbdəndir ki, Ilham Əliyev bölgələrdə etdiyi çıxışlarda məmur övladlarının, yaxınlarının harınlığından xüsusi olaraq danışır, onlara barmaq silkələyir. Bununla hakimiyyət əhalnin qəzəbini bir qədər yatırmağa çalışır. Belə bir dönəmdə hansısa məmurun yaxınlarının əhalinin qəzəbinin daha da artmasına səbəb olacaq addımlar atması həmin məmurun özünün acı taleyilə yekunlaşa bilər. 

Arif Əsgərov da qardaşı ilə bağlı məsələdə onu işdən azad etməklə özünü sığortalamağa məcbur olub.