Barak Obama Amerikanın Bəşər Əsədi cəzalandıracağını bəyan etdi
ABŞ-ın Suriyaya məhdud müdaxilə planı Türkiyəni qane etmir
Dünən axşam saatlarında ABŞ prezidenti Barak Obama Ağ evin həyətində Suriya məsələsilə əlaqədar xalqa müraciət edib. O, çıxışında bildirib ki, Amerikanın milli maraqları kimyəvi silah tətbiq etmiş Bəşər Əsəd rejiminə qarşı məhdud hərbi əməliyyatların aparılmasını tələb edir: “Biz BMT-nin sanksiyası olmadan əməliyyatlara başlayacağıq”.
Obama həmçinin qeyd edib ki, prosesə başlamaq üçün Konqresin razılığını almağı vacib sayır.
Bu arada, ABŞ Suriyada vurulacaq hədəfləri, eləcə də bu prosesdə istifadə olunacaq güc və vasitələri artıq müəyyənləşdirib. Hərbi komandanlıq hücuma keçmək üçün prezident Barak Obamanın müvafiq əmrini gözləyir.
Bu barədə “Associated Press” agentliyinin yaydığı məlumatda bildirilir ki, ilk növbədə Bəşər Əsədin gücünün simvolu olan obyektlərin vurulması planlaşdırılır. Söhbət Əsəd rejiminin hərbi və siyasi mənzil-qərargahları, Müdafiə Nazirliyi, Baş Qərargah, Respublika Qvardiyasının bilavasitə Dəməşqi qoruyan mövqeləri, eləcə də Baas partiyasının əsas qərargahından gedir.
Hərbi əməliyyatlara ABŞ ordusunun baş qərargah rəisi Martin Dempsi və müdafiə naziri Çak Heygel rəhbərlik edəcək.
Obama ABŞ-ın Əsədi cəzasız qoymayacağını bəyan etdi
Suriyada kimyəvi silahdan istifadəyə görə Bəşər Əsəd rejiminin günahkar olduğunu bəyan edən hesabatın açıqlanmasının dərhal sonra da Obama çıxış etmişdi. O bildirib ki, Suriyada Bəşər Əsəd rejiminin törətdiyi əməllərin cavabsız qalması yolverilməzdir.
“Çoxları düşünür ki, Suriya məsələsilə bağlı hansısa tədbir görülməlidir, amma heç kim də bunu eləmək istəmir” deyən Obama qeyd edib ki, ABŞ Bəşər Əsədə konkret hansı formada cavab verəcəyini hələlik dəqiqləşdirməyib.
ABŞ prezidenti deyir ki, dövlət başçısı kimi, onun vəzifəsi dünya ictimaiyyətinə mesaj verməkdir ki, hansısa hökumət qadağan olunmuş silahdan istifadə edərsə, məsuliyyətə cəlb olunacaq.
“Əfqanıstanı nəzərə alaraq, müəyyən yorğunluq var. Iraqdan sonra hərbi əməliyyatlarla bağlı şübhələr də mövcuddur. Mən bütün bunları yaxşı başa düşürəm. Suriyada hazırkı vəziyyətə gəlincə, orada kimyəvi silahdan istifadə dünyaya meydan oxumaqla yanaşı, həm də ABŞ-ın, bizim Yaxın Şərqdəki müttəfiqlərimizin maraqlarına zərbədir”, – deyə Obama vurğulayıb.
Kemeronla Obama Suriya məsələsini müzakirə etdi
Böyük Britaniya parlamenti Suriyada hərbi əməliyyatlarda iştirakdan imtina qərarı verəndən sonra bu ölkənin baş naziri Devid Kemeronla ABŞ prezidenti arasında telefon danışığı olub. BBC-nin məlumatına görə, təxminən 15 dəqiqə çəkən telefon danışığı zamanı söhbətin tonu “dostcasına” olub. Kemeron deyib ki, Suriyada kimyəvi silahdan istifadə edənlərə “tutarlı” cavab verilməsində şəxsən onun özü də maraqlıdır, amma təəssüf ki, parlamentin qərarına qarşı çıxa bilməz. Obama da öz növbəsində Britaniya baş nazirinin hazırkı durumunun başadüşülən olduğunu bildirib.
Obama və Kemeron bundan sonra da Suriyadakı böhranın aradan qaldırılması istiqamətində sıx əməkdaşlıq etmək haqda razılığa gəliblər.
ABŞ-ın “məhdud zərbə” planı
Bundan başqa, Barak Obama hələlik Suriya ilə yekun qərar vermədiyini, lakin “məhdud zərbə” variantı üzərində düşündüyünü açıqlayıb. APA-nın məlumatına görə, ABŞ dövlət katibi Con Kerri bildirib ki, Suriyada kimyəvi silahın tətbiqinə cavab məhdud olacaq. Onun sözlərinə görə, münaqişə siyasi yolla həll olunmalıdır: “Prezident birmənalı şəkildə izah etdi ki, atacağımız istənilən addım məhdud xarakterli olacaq. Məqsəd kimyəvi silahdan istifadə edənləri məsuliyyətə cəlb etməkdir. Biz inanırıq ki, münaqişənin nizamlanması danışıqlar yolu ilə olmalıdır”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə Suriya münaqişəsinə məhdud müdaxilənin onları qane etmədiyini bildirib. ABŞ rəsmilərinin təklif etdiyi bu variantla razılaşmayan Ərdoğan hesab edir ki, Suriyadakı əməliyyat NATO-nun 1999-cu ildə Yuqoslaviyada keçirdiyi hərbi-hava əməliyyatına oxşamalıdır: “Məhdud hərbi əməliyyatlar bizi qane etmir. Bu, Kosovodakı kimi əməliyyat olmalıdır”.
Polşa Suriyaya görə Rusiyanı günahlandırır
Polşa Suriyada Bəşər Əsəd rejiminin kimyəvi silah tətbiqinə görə günahı həm də Rusiyada görür. Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, SSRI-nin varisi kimi, məhz Rusiya Suriyada kimyəvi silahın mövcudluğuna görə məsuliyyət daşıyır: “Biz bilirik ki, Suriyada kimyəvi silah arsenalı SSRI dövründə formalaşıb. Bu, Sovet Ittifaqının texnologiyasıdır”.
“Rusiya və Çin destruktiv mövqedə dayanıb”
Almaniya kansleri Angela Merkel bildirib ki, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında müzakirələrin və qərar qəbulunun qarşısını almaqla, destruktiv mövqedə dayanır.
“Beləliklə, bu iki dövlət belə addımlarla Birləşmiş Millətlərin rolunu maksimum zəiflətmək kursu seçiblər”, – deyə Merkel qeyd edib.
Putin Qərbi ittiham edir
Yeri gəlmişkən, dünən Rusiya prezidenti Vladimir Putin də Suriya ətrafında baş verənlərlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, Bəşər Əsədin kimyəvi silahdan iitifadə etməsi cəfəngiyyatdır: “ABŞ bu məsələ ilə bağlı BMT-nin müfəttişlərinə Bəşər Əsədin kimyəvi silahdan istifadəsilə bağlı təkzibedilməz sübutlar təqdim etməlidir”.
Putin onu da qeyd edib ki, Nobel sülh mükafatı laureatı olan Obama müharibə məsələsində tələsməməlidir. Rusiya prezidentinin sözlərinə görə, Bəşər Əsədin üsyançılara qarşı uğurlu əməliyyatları üsyançıların arxasında duranların özlərini prosesə birbaşa müdaxilə etməyə məcbur edir: “Suriyaya hərbi müdaxilə baş versə, bu, bizi çox kədərləndirər”.
“Suriya ABŞ üçün ikinci Vyetnam olacaq”
“Suriyaya hərbi müdaxilə Isralin məhvinə gətirib çıxara bilər”. Bunu Iran Islam Inqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı, general-leytenant Məhəmmədəli Cəfəri deyib. Onun sözlərinə görə, amerikalılar Əfqanıstan və Iraqdakı təcrübələrindən heç bir nəticə çıxarmayıb: “Əgər ABŞ Suriyaya hərbi müdaxilə edərsə, uğursuzluq sindromunu təkmilləşdirərək tarixi və biabırçı bir məğlubiyyətlə üzləşəcək. Suriya isə təhlükəli bir bölgəyə çevrilərək, ABŞ üçün ikinci Vyetnama dönəcək”.
BMT araşdırmalarını başa çatdırdı
BMT-nin kimyəvi silah üzrə müfəttişləri Dəməşq yaxınlığındakı Şərqi Quta qəsəbəsində kimyəvi silah tətbiqi ehtimalını yoxlamaq üçün nümunə toplamağı başa çatdırıblar.
Bu barədə BMT-nin mətbuat katibi Martin Nesirki Nyu-Yorkda keçirdiyi brifinqdə məlumat verib. Ekspertlər dünən Kimyəvi Silahın Qadağan Edilməsi üzrə beynəlxalq təşkilatın Haaqadakı mənzil-qərargahına qayıdıblar. Onlar nümunələri analiz üçün Avropadakı xüsusiləşdirilmiş laboratoriyalara verəcəklər. Martin Nesirki bildirib ki, bu laboratoriyaların heç biri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin ərazisində yerləşmir. Analizlərin nəticələri məlum olduqdan sonra missiya hesabat hazırlayacaq. BMT baş katibi Pan Gi Mun artıq BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini missiyanın işi barədə məlumatlandırıb.
Rusiya Suriyaya silah satışını dayandırdı
Rusiya Suriya ilə silah satışına dair müqavilələrin icrasını təxirə salıb. Bu il Suriya ordusuna təhvil verilməli olan MiQ-29M/M2 qırıcıları Dəməşqə 2016-2017-ci illərdə göndəriləcək. Bundan başqa, Yak-130 təlim-döyüş təyyarələrinin və “S-300PMU2″ hava hücumundan müdafiə komplekslərinin də Suriyaya nəzərdə tutulan müddətdə çatdırılmayacağı gözlənilir. Buna səbəb Suriyanın maliyyə çətinlikləridir. Dəməşq qırıcıların dəyərinin yalnız 30 faizini ödəyib, daha sonra ödəmələr tam dayanıb.
Fransa prezidenti Fransua Olland isə bildirib ki, Suriyaya qarşı hərbi əməliyyatlar sentyabrın 4-də başlaya bilər.
Onun sözlərinə görə, Fransa Dəməşq rejiminə qarşı qəti və məqsədyönlü addımların atılmasını istəyir. Böyük Britaniya parlamentinin Suriyaya qarşı əməliyyatlarda iştirak etməkdən imtina qərarını şərh edən Fransa prezidenti bildirib ki, hər ölkə qərar verməkdə azaddır. Bir müddət əvvəl isə F.Olland Fransanın Suriyada kimyəvi silahdan istifadə edənləri cəzalandırmağa hazır olduğunu bəyan edib.
Fransa Milli Assambleyasının üzvü Alan Vidalis isə bildirib ki, sentyabrın 4-də Suriya böhranı ilə bağlı fövqəladə sessiya keçiriləcək. Fransa Müdafiə nazirliyinin mətbuat katibi Pyer Beyl ölkənin Silahlı Qüvvələrin hazırlıq vəziyyətinə gətirildiyini deyib.
Suriyadan Iraqa qaçqın axını davam edir
Avqustun 15-dən etibarən Suriyadan Iraqın şimal ərazilərinə qaçqın axını başlayıb. Artıq 42 min Suriya qaçqını Iraq ərazisinə keçib. BMT-nin müvafiq qurumları qaçqınlara kömək məqsədilə həmin ərazilərə çadırlar, içməli su, ərzaq məhsulları göndərib. Miqrasiya üzrə beynəlxalq təşkilat isə 38 min qaçqını Iraqın təhlükəsiz ərazilərinə göndərib.
Suriyada münaqişə başlayandan bəri 4 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
“Bəzi ölkələr özünü edam məmuru kimi aparır”
“Suriyaya hərbi müdaxilə olunmaması üçün bütün diplomatik səylərimizi səfərbər etmişik”. Bunu Iranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib. Onun sözlərinə görə, Iran bölgədə müharibə baş verməməsi üçün səy göstərəcək: “Bölgədə müharibə baş verəcəyi təqdirdə hər kəs təhlükəyə girəcək. Bəzi qrupların mənfəəti müharibə və ixtilaf çıxarmaq, bəzi qrupların da təkfirçi və radikal qruplara dəstək verməklə qarışıqlıq yaradaraq hərbi məqsədlərini genişləndirməkdir. Lakin müharibənin əhatə dairəsinin genişlənməsi onların da zərərinə olacaq”.
M.Zərif deyib ki, Böyük Britaniya parlamentinin qərarı və ABŞ-da keçirilmiş sorğular Qərb ictimaiyyətinin müharibəyə hazır olmadığını göstərir. Iran XIN rəhbəri vurğulayıb ki, bir neçə ölkə özünü prokuror, hakim və edam məmuru kimi aparır: “Onlar həqiqətlər əsasında deyil, öz mənfəətləri çərçivəsində hərəkət edirlər. Bu da dünya tərəfindən qəbul olunmur. Bu məsələ onların özləri üçün belə təhlükəlidir”.
Iran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi də bildirib ki, ABŞ-ın Suriyaya hərbi müdaxiləsi digər ölkələr üçün də böyük problemlər yaradacaq. Onun sözlərinə görə, ABŞ 11 sentyabr bəhanəsi ilə bölgə ölkələrinə hərbi müdaxilə edir.