ABŞ bölgəyə daha bir hərbi gəmi göndərdi; Fransa prezidenti tarix açıqladı
Suriyaya hərbi müdaxilə hazırlıqları güclənir. “azadliq.info”nun Türkiyə mediasına istinadla verdiyi məlumata görə, ABŞ Aralıq dənizinə daha bir hərbi gəmi göndərib. Bununla da Suriya sahillərində ABŞ ordusuna məxsus hərbi gəmilərin sayı 6-a çatıb. Son gələn gəmidə təxminən 300 Amerika əsgərinin olduğu deyilir.
Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə iddialarını yoxlamaq üçün Dəməşqdə olan BMT müfəttişləri isə artıq Suriya sərhədlərini tərk ediblər. Onlar avqustun 31-i səhər saatlarında Dəməşqdən ayrılaraq quru yolla Livana gediblər. “Reuters” şahidlərə istinadla xəbər verir ki, müfəttişlər Beyrut hava limanına çatıblar.
Türkiyə mediası yazır ki, BMT müfəttişlərinin Suriyanı tərk etməsi bu ölkəyə hərbi müdaxilə baxımından “kilid önəmə” məxsusdur.
Fransa prezidenti Fransua Olland isə Suriyaya qarşı hərbi əməliyyatlar sentyabrın 4-də başlaya biləcıyini deyib. O, ölkəsinin Əsəd rejiminə qarşı qarşı qəti və məqsədyönlü addımların atılmasına tərəfdar olduğunu bildirib.
Böyük Britaniya parlamentin Suriyaya qarşı əməliyyatlarda iştiraka razılıq verməməsini şərh edən Olland hər ölkənin qərar verməkdə azad olduğunu deyib.
Fransa Milli Assambleyasının üzvü Alan Vidalis isə məlumat verib ki, sentyabrın 4-də Suriya böhranı ilə bağlı fövqəladə sessiya keçiriləcək.
Fransa Müdafiə nazirliyinin mətbuat katibi Pyer Beyl ölkənin Silahlı Qüvvələrin hazırlıq vəziyyətinə gətirildiyini deyib.
Bu arada ABŞ kəşfiyyat dairələri kimyəvi silah hücumunu Bəşər Əsəd rejiminin həyata keçirdiyini təsdiqləyən hesabat hazırlayıblar. Hesabatı Ağ Ev mətbuata təqdim edib.
Hesabatda hücumun hazırlanma planı və hücuma məruz qalan bölgələrin xəritəsi göstərilib. Qeyd olunur ki, kimyəvi hücum nəticəsində həlak olan 1429 nəfərdən 426 nəfəri azyaşlı uşaqlardır. Həyata keçirilən hücumda “Sinir qazı” adlanan kimyəvi maddələrdən də istifadə olunub. Bildirilir ki, Əsəd qüvvələri bu hücumu əslində, müxalifət qüvvələrinə qarşı həyata keçirib.
Analizdə göstərilir ki, Suriya rejimi xardal, sarin və VX kimi bir çox kimyəvi maddələrlə təhciz olunmuş minlərlə kimyəvi silah və sursata malikdir. Həmçinin, Bəşər Əsədin kimyəvi silah proqramında son qərarverici şəxs olduğu və ölkənin kimyəvi silah proqramının Suriya Müdafiə Nazirliyinə bağlı Suriya Elmi işlər və Araşdırma Mərkəzi tərəfindən idarə edildiyi də bildirilir.
Analizdə, hücuma hazırlığın 3 gün əvvəldən aparıldığı, hücum bölgəsində yerləşdirilmiş 100-dən çox video görüntülərin araşdırıldığı qeyd olunub. Bildirilir ki, görüntülərdə hücuma məruz qalanlarda şüur itkisi, ağız və burundan köpük gəlməsi, nəbzin sürətlənməsi, nəfəs alma zamanı çətinlik semptomlarının yarandığı, ancaq fiziki yaralanmanın baş vermədiyi qeydə alınıb.