Nazirin qardaşından “DəmirBank”a cavab

Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova məxsus Hacı Camalxan MMC-dən “Azadlıq”a məktub daxil olub. Məktub “DəmirBank”ın adıçəkilən MMC barədə səsləndirdiyi ittihamlara cavabdır. 

Xatırladaq ki, “DəmirBank”ın nümayəndəsi Ilhamə Həsənova mətbuata bildirmişdi ki, Əlikram Camalov təsisçisi olduğu Hacı Camalxan MMC-nin direktoru olaraq “DəmirBank”dan 3 milyon 950 min manat kredit götürüb və 1 qəpik də olsa banka ödəməyib. Bank rəsmisi deyib ki, Əlikram Camalov qeyd olunan məbləğdə krediti 26 may 2010-cu ildə götürüb və hazırda faizi ilə birlikdə “DəmirBank”a 4 milyon 336 min manat borcu yaranıb: “O, hər vasitə ilə bankdan götürdüyü əsas borcu və faizlərini ödəməkdən yayınır”.

MMC-dən göndərilən məktubda isə bildirilir ki, “DəmirBank”ın Ilhamə Həsənova adlı nümayəndəsi yoxdur. MMC-nin götürdüyü kreditə gəlincə, vəsait təyinatı üzrə xərclənib: “Kreditin təyinatı üzrə istifadə edilməsinin bank tərəfindən bir neçə dəfə monitorinqi aparılıb. Təsərrüfatın götürdüyü kreditin əsəs məbləğindən ödəniş edilməsi müqaviləyə əsasən 2013-cü ilin oktyabr ayından razılaşdırıldığından, həmin dövrə kimi olan müddətdə yalnız kreditə görə hesablanmış kredit faizlərinin ödənişinin yerinə yetirilməsi rəsmiləşdirilib. Bu səbəbdən də bank tərəfindən 2010, 2011, 2012-ci il üzrə kreditə görə ödənilməli olan kredit faizi hesablanaraq təsərrüfata təqdim edilib, həmin kredit faizləri isə bütünlüklə banka ödənilib. 2013-cü il üçün də kredit faizinin bir qismi ödənilib. Yerdə qalanı isə oktyabr-noyabr aylarında ödənəcəkdir. Göründüyü kimi təsərrüfat bank qarşısında götürdüyü özdəliyi yerinə yetirib”.