Qərb diplomatlarının çağırışlarının pərdəarxası

Rahim Hacıyev: «Diplomatik işdə böyük təcrübəsi olan şəxslər ilk dəfədir ABŞ-ı və Qərbi Azərbaycan xalqının yanında olmağa çağırıblar»

ABŞ-ın nüfuzlu “New York Times” qəzetində diplomatlar – Ermənistanda və Gürcüstanda Avropa Komissiyasının səfiri kimi çalışmış Denis Korboy, ABŞ-ın Qazaxıstan və Gürcüstandakı keçmiş səfiri Villiam Kortni, ABŞ-ın Azərbaycanda və Bosniya-Herseqovinadakı səfiri vəzifələrini tutmuş Riçard Kozlariç, ABŞ-ın Belarus və Gürcüstanda səfir olmuş Kennet Yalovitsin qələmə aldığı məqalədə region ölkələrində qarşıdan gələn seçkilərlə bağlı analiz aparılıb.

Azərbaycanda sosial partlayış ehtimalının artdığını yazan diplomatlar Qərbin Azərbaycanda azadlığı əlindən alınmış insanların adından danışmalı olduğunu deyir. Saxtalaşdırılmasına göz yumulan hər seçkidə, əsassız yerə həbsə atılan hər bir müxalifət fəalına, əmlakı əlindən alınan hər bir vətəndaşa adekvat reaksiyanın verilməməsi Qərbə münasibətdə səbirsizlik yaradıb. Azərbaycanda gənclər və ziyalılar arasında antiAmerikan əhval-ruhiyyəsinin artması narahatedici əlamət kimi dəyərləndirilir. 

Qeyd edək ki, bu məqalə ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melianın Bakıya səfəri ərəfəsinə təsadüf edib. 

Siyasi ekspert Rahim Hacıyev vaxtilə Cənubi Qafqaz regionunda işləmiş səfirlərin bu məqaləsinin birbaşa ABŞ hökumətinə ünvanlandığını deyir. Məqalədən göründüyü kimi, regionumuzu çox yaxşı tanıyan bu şəxslər xüsusən də Azərbaycanda yaranmış vəziyyətin nə qədər kritik olduğunu açıq şəkildə bəyan ediblər. Məqsəd ABŞ hökumətinin diqqətini regonda və Azərbaycanda ABŞ-ın maraqlarına yaranmış ciddi təhlükəyə cəlb etməkdir. Ekspertin sözlərinə görə, Rusiyanın regionda fəallaşması da məqalə müəlliflərinin diqqətini ən çox cəlb edən məsələdir. Yazıda Azərbaycan üçün xüsusi önəm verilən məsələ ölkədə demokratiya, insan hüquq və azadlıqları ilə bağlı yaranmış ağır vəziyyətdir. Sevindirici hal isə ondan ibarətdir ki, məqalə müəllifləri Azərbaycanda yaranmış vəziyyətə görə ABŞ hökumətini tənqid etməkdən çəkinməyib. Böyük əhəmiyyət kəsb edən məsələ ondan ibarətdir ki, onlar ABŞ-ın və bütün demokratik Qərb dünyasını insan hüquq və azadlıqlarına hörmət etməyən Azərbaycan hökumətinin deyil, hüquqları açıq aşkar pozulan Azərbaycan vətəndaşlarının maraq və mənafelərinə uyğun mövqe tutmağa çağırıblar. Ilk dəfədir ki, diplomatik işdə böyük təcrübəsi olan şəxslər ABŞ-ı və Qərbi Azərbaycan xalqının yanında olmağa çağırıblar. Güman etmək olar ki, artıq Vaşinqtonda bu istiqamətdə ciddi addımlar atılmasının həm də ABŞ-ın maraqları baxımından böyük əhəmiyyət kəsb etdiyini başa düşürlər.

Fizzə