Azərbaycanda 4800 KIV-in yarıdan çoxu hardadır?

Arif Əliyev: «Onları saf-çürük edib bu qəbiristanlığı ortalıqdan yığışdırmaq lazımdır»

Ədliyyə Nazirliyində nazir Fikrət Məmmədovun sədrliyilə  kollegiya iclası keçirilib. Bir sıra məsələlərdən söhbət açılan iclasda ölkə mediasının durumu da müzakirə olunub. Bəlli olub ki, nazirlikdə yenidən 72 mətbu nəşr uçota götürülüb. O da məlum olub ki, hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3900-ə çatıb, KIV-lərin sayı isə 4800-ü ötüb.

Azərbaycanda 4800-dən çox mətbu orqanın olmasının reallıqla uyğunlaşmadığı hamıya məlumdur. Çünki bir qisim istisna olmaqla, bu sayda KIV-in mövcudluğuna kimsə inanmır. Doğrudur, bəzi KIV-lərin fəaliyyətinin hələ də dayandırılmamasını hökumət müəyyən məqsədlər üçün edir. Bəzi mətbu orqanların adından “reket jurnalistlər”in korrupsiya predmeti, şantaj və digər məqsədlərlə istifadə etdiyi də aydındır. Maraqlıdır, bu qədər KIV-i saf-çürük etməyin zamanı gəlməyibmi?

“Yeni nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev Ədliyyə Nazirliyinin buna bir neçə dəfə cəhd etdiyini söyləyir. Bu KIV-lərin təxminən 90 faizinin ölü olduğunu deyən Arif Əliyevin sözlərinə görə, saf-çürük edib bu “qəbiristanlığı” aradan qaldırmaq lazımdır: “Bu mətbu orqanların böyük əksəriyyəti ya çıxmır, ya da nə zaman nəşr olunduğu yaddan çıxıb. Bir vaxt Azərbaycanda ”Günaydın” adlı qəzet vardı. Onun fəaliyyətinin dayandırılması bir neçə dəfə məsləhət görülsə də, deyiblər ki, qəzet hələ də nəşr olunur. Halbuki, həmin qəzet fəaliyyətini 6-7 il öncə dayandırıb”.

Arif Əliyev deyir ki, Azərbaycan qanunvericiliyində KIV-lərin fəaliyyətinin saf-çürük edilməsinin müvafiq forma və tələbləri var. Sadəcə, dövlət strukturları belə hesab edir ki, qeydiyyatdan keçmiş KIV-lərin sayı ölkədə söz azadlığı və demokratiyanın göstəricisidir: “Bu, tamamilə səhv yanaşmadır. Burda başqa bir göstərici var, Azərbaycanda  orta hesabla əhaliyə 0,4 qəzet düşür. Avropada isə adambaşına 36 qəzet düşür. Demokratiyanın, söz azadlığının göstəricisi budur. KIV-in sayı 4800 deyil, gələcəkdə 7 min olsa da, heç nə dəyişməyəcək. Onları saf-çürük edib bu qəbiristanlığı ortalıqdan yığışdırmaq lazımdır”.

Arif Əliyev onu da əlavə edir ki, ölkədə 30-dan bir qədər çox gündəlik qəzet, Bakı şəhərində isə 10 televiziya kanalı var: “Istər-istəməz sual yaranır ki, bu 4800-ün ən azı 4500-ü haradadır?”

Nigar