Hadisədən sonra qadının şikayəti ilə bağlı cinayət işi açılıb
Avqustun 29-da Əzizə Əliyeva Bakı Şəhər Prokurorluğunda intihara cəhd edib. O, ağ nefti üstünə töküb alışdırmaq istəyərkən polislər bunun qarşısını alıb. Hadisənin baş verməsinə səbəb qadınının şikayətinə baxılmaması olub.
Ə.Əliyevanın yoldaşı Ismayıl Hüseynov Yasamal rayonu Zülfü Adıgözəlov küçəsindəki evindən oğurluq edilməsi ilə bağlı baş prokuror Zakir Qaralova məktub yazıb. Məktub Bakı Şəhər Prokurorluğuna göndərilib. 83 yaşlı I.Hüseynov və xanımı 3 ay müddətində prokurorluğa gediblər, amma onlara cinayət işinin açılması üçün səbəb olmadığı bildirilib. I.Hüseynov qəzetimizə deyib ki, Zülfü Adıgözəlov küçəsindəki iki mərtəbəli həyət evi ona atasından qalıb. 1995-ci ildə ev onun və qardaşının adına rəsmiləşdirilib. Qardaşı 1999-cu ildə vəfat etməmişdən əvvəl evi I.Hüseynova vəsiyyət edib. Amma prokuror deyib ki, vəsiyyətnamə notariusda təsdiq olunmadığına görə qanuni sayılmır. “Qardaşım Adil Hüseynov rəhmətə getməmişdən əvvəl yazdı ki, mən uşaqlarıma ev almışam, bu evi qardaşıma vəsiyyət edirəm. O, vəsiyyətnamənin sonuna şirkətinin möhürünü vurub, qol çəkib, şəxsiyyət vəsiqəsinin nömrəsini yazıb. Indi mənə deyirlər ki, bu etibarsızdır. Həmin qardaşımın oğlu o evə hücum edib. Evin açarlarını qırıb və içəri keçib. Oğurlanmış əşyalarımın siyahısını da prokurorluğa vermişəm”.
I.Hüseynov evə sonuncu dəfə bu ilin 15 martında gedib. Evdən oğurluq edildiyini bilib qardaşı oğlu Oqtay Hüseynovla danışıb. O deyib ki, evə o yox, analığı keçib. “O qadının 80 yaşı var, özü də Rusiyada yaşayır. Kim inanar ki, o yaşda qadın Bakıya oğurluğa gəlib? Bu hamısı onun işləridir”.
I.Hüseynov deyir ki, xanımı özünü yandırmaq istədikdən sonra prokuror cinayət işi açıb. “Mənim evimin açarını sındırırlar, əşyalarımı oğurlayırlar, bu savadsız prokuror yazır ki, şər-böhtandır, heç nə olmayıb. Dünən bu xanım əsəbiləşəndən sonra tez tapdılar ki, sən demə, doğrudan oğurluq olub”.
Özünü yandırmaq istəyən Əzizə Əliyeva deyir ki, orucluqdan onu get-gələ salıblar. Ac-susuz prokurorluğun yollarında qalıb. Bu dəfə də sinirləri tab gətirməyib və özünü yandırmaq istəyib. Evdən bir litr ağ neft götürüb və Bakı Şəhər Prokurorluğunun qəbul otağında özünü yandırmaq istəyib. “Məni yenə qəbul etmədilər. Dedim bunlar ki, elə edir, özümü məhv edib öldürəcəm. Ağ neftin qapağın açdım ki, çıxam bayıra başıma tökəm butulka əlimdə sıxıldı, neft dağıldı. Qəbul şöbəsində oturanlar qışqırıb küçəyə çıxdılar. Polislərin ikisi də əlimdən tutdu. Qəbul şöbəsində olan qadın da onların üstünə qışqırdı ki, günah sizdədir, o qadın niyə özün yandırmalıdır? Dedim ki, azad sözü deyənləri içəri basırsınız, amma bizi içəridə təhqir edənləri qoruyursunuz. Indiyə kimi üstümdən neft iyi gəlir”.
Qadın prokurorluğun pilləkənində yıxılaraq ayağından xəsarət alıb.
Yasamal Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 177.1 (oğurluq) maddəsi ilə cinayət işi açaraq ibtidai istintaqın aparılmasını Rayon Polis Idarəsinə həvalə edib.
Sevinc Vaqifqızı