Qurumun mətbuat xidməti bu faktı təsdiqlədi
AzVision.az saytının yaydığı xəbərdə bildirilirdi ki, Tovuz Dövlət Dəmiryol Stansiyasının rəisi Əli Nəriman oğlu Əsgərov tutduğu vəzifədən azad edilib. Məlumata görə, Ə.Əsgərovu vaxtilə dəmiryol vağzalında xəzinədar vəzifəsində çalışan Nazim adlı şəxs əvəz edəcək. Adıçəkilən şəxs Əli Əsgərovla kirvə qohumudur.
Qeyd edək ki, Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun qardaşıdır.
Əli Əsgərov haqqında mətbuatda dəfələrlə ilginc məlumatlar dərc olunub. Hələ bir müddət əvvəl Əli Əsgərovun Ağstafa-Bakı qatarını qanunsuz olaraq 1 saat saxlatdığı haqda xəbər yayılmışdı. Belə ki, Əsgərov yaxın qohumları ilə Qovlardakı restoranların birində təşkil edilən məclisdə olub. Həmin vaxt məclisdəki qohumları Əli Əsgərova qatara biletlərinin olduğunu, bu səbəbdən məclisi tərk edib getmək istədiklərini bildiriblər. Stansiya rəisi qohumlarına tələsməməyi tövsiyə edərək harasa zəng vurub və onun icazəsi olmadan Ağstafa-Bakı qatarının Qovlar stansiyasından yoluna davam etməməsini tapşırıb.
Bundan başqa, Əli Əsgərovun sahibsiz itləri güllələmək üçün çağırılan vətəndaşın əlindən tüfəngi alaraq atəş açması və atəş nəticəsində güllənin küçənin əks tərəfindəki marketin sahibinə dəyməsi haqda xəbər yayılmışdı.
Əli Əsgərovun işdən çıxarılması haqda xəbəri Dəmiryol idarəsindən də təsdiqləyiblər.
“Azərbaycan Dəmir Yolları” Qapaklı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov “Azadlıq”a açıqlamasında bildirdi ki, Əli Əsgərov işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.