Bunların əsəblərinin bu qədər də kövrək olduğunu düşünmürdüm. Amma bunlar adi bir hadisəyə belə qeyri-adi münasibət göstərirlər. Niyə? Ona görə ki, zəifdirlər və zəif olduqları üçün də özlərinə inamsızdırlar. Əgər zəif olmasaydılar düzgün seçki keçirər, aksiyalara icazə verər və insanları təqib etməzdilər. Bilmirəm, bəlkə də burada “zəif” sözü o qədər də uğurlu deyim deyil.
Bəlkə “haqsızdırlar” – demək daha düzgün olardı! Ola bilər. Mətləb bütün hallarda aydındır. Legitim hakimiyyət özünü buna adekvat aparır, bəli, özünün sosial dayaqlarına inamlı hakimiyyət hər kiçik şeydən əndişələnmir. Nabokov yazırdı ki, Rusiyanın həmişə iki tarixi olub – azadlığın və köləliyin tarixi. Bəlkə burada da qeyri-adi heç nə yoxdur, çünki insan psixologiyası bunların hər ikisini nəzərdə tutur, sadəcə, hər şey nəyin üstün olmasından, nəyin daha çox stimullaşdırılmasından asılıdır. Bunlar köləliyi stimullaşdırır və ona daha çox təkan verirlər. “Ölkəmiz dinamik inkişaf edir”, “Gəlirlərimiz artır” və s. Düşünəndə dərhal hiss edirsən ki, burada böyük bir məntiqsizlik var. Doğrudan da, nə olsun? Ölkə inkişaf edirsə, biz kölə olmalıyıq? Yaxud gəlirlər artırsa, biz kölə olmalıyıq? Məntiq yoxdur axı burada. Millətin inkişaf dinamikası normal bir prosesin baş verdiyini deməyə əsas verir. Bəli, on il bundan əvvəl millət başqa problemlərin qayğısını çəkirdi, bəlkə də azadlıq haqda bir o qədər də düşünmürdü. Amma indi düşünür. Burada qeyri-adi nə var? Bəli, insanın təlabatı daim artmalıdır, həm maddi, həm də ki, mənəvi dəyərlər baxımından. Maddi tələbatları sərhəd bilməyən hakimiyyət nəyi də olmasa bunu yaxşı başa düşməlidir.
Hə, bir neçə il bundan öncə bütün MDB ölkələri üçün xarakterik olan bir tendensiyadan yazmışdım. Söhbət istehlak inqilabından, bunun yaratdığı istehlakçı psixologiyasından gedirdi. Amma insanlar həmişə istehlak etmək psixologiyası ilə yaşaya bilməzlər, təklif və təqdimat nə qədər zəngin olsa belə, çünki mənəvi dəyərlər də var. SSRI-nin dağılması, birdən-birə böyük istehlak səbətinin açılması təbii ki, beyinləri dumanlaşdırmışdı, insanlar ancaq və ancaq istehlak etməyi düşünürdülər. Amma bir daha qeyd edirəm ki, onlar bir gün mənəvi dəyərlər haqqında da düşünməli idilər. Bəli, indi gənclik arasında xüsusi bir narahatlıq sezilir. Bu da təbiidir. Müstəqil həyatın astanasında olan və bu rəzaləti görən gənclik buna etiraz etməsə daha kim bunu edəcək? Gənclərin siyasi fəallığı başqa bir aspektə görə də təəccüb doğurmamalıdır. Bütün dünyada ictimai etiraz dalğalarının avanqardı gənclikdir. Deməli, millətin inkişaf dinamikası tamam normal bir müstəvi üzrə baş verir. Problem hakimiyyətin inkişafındadır, bəli, onların inkişafı maddi sərvətləri bir tərəfə qoysaq, bütün başqa parametrlər üzrə cəmiyyətin inkişafından geri qalır.
48 ölkə! Hamısı da bir-birinin eyni!
Hakimiyyətin narahatlığı təkcə psixologiya məsələsi deyil. Bu gün 48 ölkəni diktaturaya aid etmək olar, ən azı ona görə ki, beynəlxalq təşkilatlar onları qeyri-azad ölkələr hesab edir. Bu ölkələrin hamısı da bir-birinə bənzəyir. Bütün diktaturalar üç inkişaf mərhələsindən keçir. Birinci mərhələ aldadıcı sabitlik və hətta qismən iqtisadi inkişaf mərhələsidir. Bu mərhələdə etiraz olmur, əksinə insanlar diktaturanı və diktatorları vəsf edirlər, onlara böyük epitetlər həsr edirlər. Amma tez bir zamanda hər şeyin aldadıcı olduğu üzə çıxır, iqtisadi təşəbbüslərlə siyasi sistem uyuşmur, məmur özbaşınalığı artır, korrupsiya çiçəklənir və ikinci – etirazlar mərhələsi başlanır. Bu mərhələ də rejimin əsas silahının – qorxu hissinin itirilməsilə səciyyələnir, daha çox insan təqibə məruz qalır və bu da onların rejim əleyhinə daha güclü birliyinə təkan verir. Nəhayət, üçüncü mərhələ – final gəlir və bu, diktaturanın sonu olur. Azərbaycan indi hansı mərhələdədir? Ölkə etirazlar mərhələsinə qədəm qoyur. Fikir verin. Etiraz təşəbbüsləri müxalifət çərçivəsindən kənara çıxıb, getdikcə daha çox adam etiraz edir, aksiyaya qoşulur, qorxu hissi insanları tərk edir.