Yanıldım. Yaman yanıldım. Cəmil Həsənli müxalifətin tək adayı seçiləndən bir neçə gün qabaq (yazı “Azadlıq”da yubadılıb çıxmışdı – avqustun 23-də) R.Ibrahimbəyovun işi alınmayandan sonra indilikdə onun alternativinin yalnız Cəmil Həsənli ola biləcəyini göstərmiş, niyəsini də yazmışdım. Mənim baxışıma görə, son beş-altı ayda bütün resurs-arsenal yığını ilə R.Ibrahimbəyovun üzərinə yürümüş, “Rusiyanın adamı”, “ermənipərəst” epiteti başda olmaqla ona çoxlu damğalar vurmuş recim doktor-professor C.Həsənli ilə bağlı istər-istəməz dozanı kəskin azaltmalı olacaq. Bir daha deyirəm: yanılmışam. Bu rejimi bütünlüklə tanıya-tanıya yanılmışam. Bu bir suçdur – korrupsiyanı, fiziki-mənəvi terroru DÖVLƏT SIYASƏTINƏ çevirmiş bir rejimlə bağlı yanılmaq suçu!
R.Ibrahimbəyov aylarla DÖVLƏT TERRORU ilə üz-üzə qaldı. Bunlar azlıq etdiyindən böyük pullar, suverenlikdən pay vermələr bahasına Putini Bakıya gətirərək R.Ibrahimbəyovun bəlli işini satın aldılar. “Rusiyanın adamı” Rüstəm Ibrahimbəyovu neytrallaşdırıb sıradan çıxarmaq üçün… Azərbaycanı Rusiyaya satdılar! Beləliklə, R.Ibrahimbəyov arxa plana, kimo dililə desək, kadr arxasına keçdi. Indi obyektivdə doktor-professor Cəmil Həsənlidir. Onlar Oskar ödüllü senarist-kinorejissoru necə amansızlıqla gözdən salıb əzməyə girişmişdilərsə, indi eləcə C.Həsənlini gözdən salıb əzməyə girişiblər: bütün resurs-arsenalları ilə. Özləri Azərbaycanı Rusiyaya topdansatış yoluyla satandan sonra “Rusiyanın adamı” ayaması aktuallığını itirib. Bir də, obyekt dəyişdiyindən subyektiv dəyərləndirmələrdə az da olsa korrektə gərəyi yaranır. Rusiya yetirməsi, dünənin kiçik biznes adamı Ilham Əliyevi “dahi lider” ranqına yüksəldənlər bir çox bədii-siyasi yaradıcılıq örnəkləri ilə tanınan R.Ibrahimbəyovu “siyasi diletant” adlandırdıqları kimi indi də tarixçi professor C.Həsənlini belə damğalamağa çalışırlar.
ANTIMILLI, ANTIDEMOKRATIK rejim nökərləri müxalifəti “siyasətdən uzaq, zəif kadr seçimində” C.Həsənlini güclü lider olmamaqda suçlayırlar. Isa Həbibbəyli, Nizami Cəfərov kimi saxta yarımakadaemiklər də rejimin başlıca züytutanları rolunda çıxış edirlər. N.Cəfərov xalqa çoxdan tanışdır. I.Həbibəyli daha çox Mirzə Cəlillə bağlı şablon-köçürmə yaradıcılıq axarında, bəlli regional kadr lifti ilə gəlib EA-da vitse-prezidentliyə çıxmış kimsədir. Filoloji akademikliyə yüksəlmiş bu adamın ortaya qoyduğu yazı örnəkləri dil-düşüncə görsənişləri baxımından gerçək akademik adına gerçəkdən utanc gətirən “örnəklərdir”. Ideya-siyasi baxımdan yanaşdıqda, Mirzə Cəlili “ustad”, “böyük, dönməz demokrat”, adlandıran I.Həbibəyli çoxdan antiMirzə Cəlil düşərgəsində yer tutmaqla USTADINA, onun BÖYÜK, DÖNMƏZ DEMOKRAT adına DÖNÜK çıxmış birisidir. Belə bir adam indi C.Həsənlini aşağılamağa girişib: “Cəmil Həsənli müxalifət düşərgəsində Rüstəm Ibrahimbəyovun nə rəqibi, nə də əvəzedicisi kimi də güclü görünmür”. Dünənədək aşağıladıqları R.Ibrahimbəyovu indi qaldırırlar – C.Həsənlini “gücsüz” göstərmək üçün. Başqası olsaydı, üstündən elə-belə keçmək olardı, indilikdə keçiləsi deyil. I.Həbibbəyli filoloq-akademik olduğundan, dilimizin qrammatik quruluşu baxımından onun bu yararsız cümləsinə ayrıca yanaşmaq gərəyi yaranır. “Nə” inkarlıq kateqoryası işlənən yerdə inkarlıq şəkilçisi işlənməz. Bir çox yazılarından göründüyü kimi, dilimizi çox pis bilən filoloq-akademik burada da bazar adamları kimi cümlə qurur: bir arada inkarlıq kateqoriyasını da işlədir, inkarlıq şəkilçisini də. Cümlədəki sonuncu “də” ədatı da yersiz yerə işlənib.
Müxalifətin “yanlış” C.Həsənli seçiminə gəlincə, bu, gerçəkdə müxalifgətin seçimi deyil, 1960-cı illərdən bu yana Azərbaycanda yalnız ayrı-ayrı siyasi xarakter sərgiləyən kimsələri deyil, bütövlükdə siyasi liderlik institutunu darmadağın edən heydərizmin “seçimidir” – siyasi seçkinlər çoxdan sıradan çıxarılıb!