Dünən Abşeron rayonunda qaçqınlar dəmir yolunu bağlayıb. AzNews.az-a daxil olan xəbərə görə, Xırdalan şəhərində “Mekkalon” adlanan yaşayış massivindəki “Cardon tara” müəssisəsinə məxsus binada müvəqqəti məskunlaşan Cəbrayıl rayonundan olan qaçqınlar qatarların səs-küyündən narazılıqlarını dəmir yolunu bağlamaqla bildiriblər.
Etirazçılar deyiblər ki, ərazidən keçən qatarların səsi onların istirahətinə mane olur: “Gecə-gündüz buradan qatar keçir. Nə gecəmiz var, nə də gündüzümüz. Səsi adamın başına düşür”.
Qaçqınlar ərazidən keçən dəmir yolunun sökülməsini tələb edib. Hadisə yerinə polis qüvvələri cəlb edilib.
Abşeron rayon Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, qaçqınlara çıxış yolunun dəmir yolunun sökülməsi olmadığı izah edilib: “Onları başa saldıq ki, bu ərazidən dəmir yolu yox, onlar köçürüləcək. Həmin qaçqınlar üçün Abşeron rayonunun Qobu kəndində şəhərcik tikilir. 2014-cü ildə qaçqınlar həmin şəhərciyə köçürüləcək”.