Milli Şura namizədinə imza kampaniyası başladı; qərargah üzvləri ölkə boyu səpələndi
Milli Şuranın namizədi Cəmil Həsənli üçün imza vərəqələri ötən gün MSK-dan götürülərək Müsavat qərargahına gətirildi. 900 vərəqdən ibarət olan 45 min imza Milli Şurada təmsil olunan təşkilatlar arasında bölünüb…
Qələbəlik, inam və istək…
Cəmil Həsənlinin seçki qərargahı olan Müsavat partiyası önündə qələbəlik göz deşirdi. Cəbhəçilər, müsavatçılar, VHP, KXCP üzvləri, gənclər təşkilatlarının nümayəndələri qərargaha gəlib ya imza vərəqəni doldurur, ya da götürüb öncədən müəyyən edilmiş ünvanlara gedirdilər. Bir sözlə, hamı iş başında idi. Hərə bir yana qaçırdı. Belə bir vaxtda kiməsə yaxınlaşıb nəsə demək, söz soruşmağın mümkün olmadığını görüb kənara çəkilib, hadisələri izləmək məcburiyyətində idik. Hətta iş o yerə çatmışdı ki, qərargahın yeməkxanasında belə oturmaq mümkün deyildi. Qərargaha gələnlər hər yerə səpələnərək, imza vərəqələrinin göndəriləcəyi trayektoriyanı cızır, dostları, əqidədaşları ilə əlaqə saxlayır, sənədləri lazımi ünvana göndərdiklərini deyirdilər.
Qərargaha təşrif buyuran bitərəflər də fəallıq nümayiş etdirirdilər. Cəmil Həsənlinin namizədliyinin qeydə alınması üçün imzalarını verən bitirəf vətəndaşlar Milli Şuranın qalib gələcəyini söyləyirlər və bildirirlər ki, qurum sosial sifariş əsasında yaranıb: "Qalibiyyət qaçılmazdır. 10 oktyabrda Cəmil Həsənlinin prezident seçilməsini bayram edəcəyik".
"AXCP tez bir zamanda üzərinə düşən 21 min imzanı toplayıb seçki qərargahına təqdim edəcək"
Səhər saat 9 radələrindən başlanan qızğın iş rejimi yalnız saat 17-dən sonra az da olsa sakitləşə bildi. Və biz bu zaman qərargahda çalışanlarla söhbət etdik.
Seçki qərargahının həmsədri olan AXCP Ali Məclisinin sədri Həsən Kərimov deyir ki, MSK imza vərəqələrini verənə qədər həm AXCP, həm də Cəmil Həsənlinin seçki qərargahı texniki, təşkilati məsələləri başa çatdırmışdı: "AXCP olaraq üzərimizə düşən 21 min imzanı götürüb, Bakı, ətraf rayonlara və bölgələrə yola salmışıq. Bu gün (dünən – red.) axşama qədər bütün rayonlara imza vərəqələri çatdırılacaq. Cəmil Həsənlinin seçki qərargahında olan bir qrup insan rayonlara ezam olunub. Ezam olunan şəxslər imzatoplama kampaniyasına rayonlarda birbaşa özləri rəhbərlik edəcəklər".
AXCP yetkilisinin sözlərinə görə, imzatoplama kampaniyasında iştirak edən şəxslər üçün treninqlər keçiblər: "Kampaniyanın daha səmərəli keçirilməsi, problemin olmaması üçün Bakı şəhərində və regionlarda imza toplayacaq şəxslərə treninq keçirilib, onlara lazımı təlimatlar verilib. Eyni zamanda hər dairəyə göndərilən sənədlərin içərisində imza toplamaq üçün təlimat bukletləri qoyulub".
Həsən Kərimov onu da bildirdi ki, AXCP tez bir zamanda üzərinə düşən 21 min imzanı toplayıb seçki qərargahına təqdim edəcək: "İmzatoplama kampaniyasında AXCP-nin bütün rayon təşkilatlarının fəalları cəlb olunub. Bu fəalları elə seçmişik ki, onların seçki təcrübəsi var. İstər prezident, istər parlament seçkilərində iştirak edənləri toplamışıq və onların sayı yüzlərlədir".
"880 imza vərəqi imzatoplama kampaniyasında iştirak edən şəxslərə göndərilib"
Həsən Kərimov imza vərəqələrini ən geci sentyabrın 5-də seçki qərargahına təqdim edəcəklər: "Biz bilirik ki, Cəmil Həsənli müxalifətin namizədidir və bu namizədə qarşı hakimiyyətin münasibəti necə olduğu hamıya bəllidir. Odur ki, heç bir tələskənliyə yol vermədən, biz imza vərəqələrini sentyabrın 5-də Cəmil Həsənlinin seçki qəragahına təqdim edəcəyik".
Seçki qərargahında işçi, ekspert qrupunun olduğunu deyən AXCP üzvü qeyd etdi ki, onlar imza vərəqələrini diqqətlə yoxlayacaqlar: "Bu qrupun tərkibində olan insanlar imza vərəqələrini nəzərdən keçirəcəklər. Ola bilər yararsız imzalar olsun, onları özümüz siyahıdan çıxardacağıq. Yəni MSK-ya sənədində problemi olan heç bir imza göndərilməyəcək".
Həsən Kərimov seçki qərargahında toplaşan şəxslərin bir-birilə məsləhətləşərək işlədiklərini də qeyd edir.
Müsavat başqanın müavini Gülağa Aslanlı seçki qərargahında işgüzar iş mühitinin olduğunu söylədi: "Bu gün (dünən – red.) MSK-dan saat 10-da 900 imza vərəqələrini götürdüm. Öncədən müəyyənləşdirdiyimiz kimi imza vərəqələri AXCP, Müsavat, VHP gənclər təşkilatları arasında bölündü. Təbii ki, gənclər təşkilatlarının, Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri onlara az imza vərəqi düşdüyü üçün böyük narazılıq etdilər. Ancaq hər halda işə start verildi. Demək olar ki, həm AXCP, həm də Müsavat tərəfindən imza vərəqələri rayonlara göndərildi. 880 imza vərəqi imzatoplama kampaniyasında iştirak edən şəxslərə artıq göndərilib".
İş uğurla davam edir
Gülağa Aslanlı işlərin hələ ki, yaxşı getdiyini söyləyir: "Bu gün (dünən – red.) saat 12-də bir müsavatçı imza vərəqəsini alıb imza toplamağa getdi. İki saatdan sonra zəng etdi ki, 25-dən çox adam imza verib. İndiyə qədər kimdənsə hər hansı bir vətəndaşın imza verməkdən imtina etməsi ilə bağlı xəbər almamışıq. Əgər imza toplanması işini maneçilik törədilməsə 3, maksimum 4 günə işimizi bitirəcəyik".
Biz Müsavat qərargahını saat 19 radələrində tərk etsək də qələbəlik sönməmişdi. Hər kəs öz işində idi. Kimi telefonla rayonlarla rabitə yaradır, kimlər isə qrup şəklində müzakirə aparırdılar.
"İşiniz avand olsun" deyib redaksiyaya dönürük…
Ramin DEKO