Hakimiyyətə gəlmək istəyənlər və hakimiyyətdən getmək istəməyənlər

Kimin mövqeyi haqlıdır?

Bir millətin və bir ölkənin ən böyük faciəsi onda baş verir ki, ona başçılıq edənlər bütün insani keyfiyyətləri, maddi nemətlərə qurban vermiş olur. O zaman xalq hakimiyyət üçün QUL qiymətində olur. Bu qul, öz “ağa”sına qulluq etmək və şəninə tərif söyləmək üçün lazımdır. Həmin xidmətləri yerinə yetirə bilməyənlər isə, ölümə məhkumdur. Bizim yaşadığımız ölkə də bu reallığın çərçivəsində sıxılmaqdadır. Indi bu ölkədə lider seçimi yox, çörək seçimi aktualdı. Hakimiyyət bizə öyrətdi ki, insanın başı mədəsində yerləşir. Biz də mədə naminə yaşamağa başladıq.

Iqtidar olmaq istəmək cinayətdirmi?

YAP icra katibinin müavini Siyavuş Novruzov “Yeni Azərbaycan” qəzetinə müsahibəsində deyib: “Milli Şuradakılar iqtidara gəlmək üçün hansı addımı desən ata bilərlər”.  Kimlər, kimləri, nədə ittiham edir?

Hələ ki, müxalifətin hakimiyyətə gəlmək üçün hansısa cinayətə, qanunsuzluğa yol verməsinin sübutu yoxdur və heç bir müxalifət liderinə seçki prosesində saxtakarlıq etdiyi üçün cinayət işi açılmayıb.

Belə olan halda müxalifətin hakimiyyətə gəlmək istəyi təbii deyilmi? Hər bir siyasi partiyanın məqsədi hakimiyyətə gəlməkdir və bu onun konstitusion hüququdur. 

Ancaq Siyavuş Novruzovun mədh etdiyi YAP hakimiyyətinin tutduğu yol qanusuzdur, cinayətdir, xalqa hörmətsizlikdir. Hətta, bu hakimiyyətin iddia etdiyi kimi, iqtisadi inkişaf 5 dəfə artıbsa, yoxsulluğun kökü kəsilibsə, ölkədə hamı xoşbəxtdirsə belə, bu hakimiyyət getməlidir. Bu, demokratiyanın tələbidir. Indi ikiəlli hakimiyyətdən yapışanlar müxalifəti hakimiyyətə gəlməkdə günahlandırır. Əgər o budaq pisdirsə, niyə aşağı düşmürsünüz? Bu ağacı qurudana qədər, budaqda oturmaq əxlaqa da zidd deyilmi?

Axı bu ağacda oturmaq üçün, bağban sizə icazə verməyib. Siz bu bağı zəbt etmisiniz. Niyə 600000 üzvü olan YAP hakimiyyəti müxalifətin namizədi ilə şəffaf seçkiyə gedə bilmir? Çünki siz də bilirsiniz ki, xalqın qarşısında zərrəcə nüfuz əldə edə bilməmisiniz. Axı, niyə bu hakimiyyət sözçüləri əvvəl danışıb, sonra düşünürlər?

Rəqibinizi elə məsələdə ittiham edirsiniz ki, özününz həmin ittihamın hədəfindəsiniz. 

Hakimiyyətə gəlmək istəmək yox, hakimiyyətdən getmək istəməmək cinayətdir.

Utana-utana oynamaq da olur

Belə bir məsəl var: “Utanmasan oynamağa nə var”. Ancaq mövcud sistem bizə sübut etdi ki, utana-utana oynamaq olur və bu oynamaq adamı utanmaz edir. YAP-ın digər “əsgər”i  Mübariz Qurbanlı isə daha “sərrast” atəş açıb. O deyib ki, Milli Şuranın Qarabağla bağlı yetkin, bitkin planı yoxdur. Bəli, bu sözləri 20 qarış Qarabağ torpağını geri qaytara bilməyən, qüdrətli ordunun Ali Baş Komandanının əsgəri deyir. Həqiqətən adam oynamaq istəyir, sadəcə ritmi tutmaq çətinlik yaradır. Hər gün bir Azərbaycan əsgərinin ölümünü, səsi omayan müğənnilərin fanoqramında gizlədən rejim, müxalifəti Qarabağla vurmaq istəyir. Nə vaxtsa iqtidar olacaq müxalifətdən Qarabağ planı tələb etməyə, milyonlarla Qarabağ qaçqınının “çörək pulu”na 1 manat 65 qəpik artım edən hakimiyyətin haqqı çatırmı? Çox qəribədir, hakimiyyət bütün uğursuzluqlarını müxalifətdən tələb edir. Ancaq zəbt etdiyi hakimiyyət kürsüsündən də əl çəkmir. Bunlarınkı utanmaqdan keçib, bunlar ancaq oynamağa meyllidilər.

Burda əsas olan niyyətdir

“Müxalifət hakimiyyətə gəlmək üçün hər şey edər” deyən hakimiyyət, hakimiyyətdə qalmaq üçün nələr edib?

Bu hakimiyyət kürsüsünü qorumaq üçün Azərbaycanın sərvətlərini dünyadakı “amin” deyənlərinə rüşvət verib, xalq öz haqqını tələb etməsin deyə təhsilimizi məhv edib, dəyərli ziyalıları cəmiyyətdən təcrid edib, milyonlarla fiziki cəhətdən sağlam insanlarımızı ölkə xaricində qul kimi işləməyə məcbur edib, səhiyyəni sıradan çıxararaq, cəmiyyəti xəstə salıb, məhkəmə sistemini sifarişli quruma çevirib, onlarla intellektual gənci həbsxanaya məhkum edib, insanların firavan yaşaya bilməməsi üçün iqtisadiyyatı inhisara alıb, xalqı ayıltmasın deyə, cəsarətli insanları zərərsizləşdirib, xalqın həqiqətləri eşitməməsi üçün televiziyaları fərqli fikirdən məhrum edib, daha çox milyardlar əldə etməsi üçün seçkiləri saxtalaşdırıb və s. 

Bəs, müxalifət bu xalqa nə pislik edib? 20 ildir məhdud resursla hakimiyyəti ifşa edən fədakar insanları nədə ittiham etmək olar? Hər kəs bu suala vicdanı ilə cavab verməlidir.

Eyni böhtan hamı üçün keçərlidir

Uzun illərdi hakimiyyətin təbliğatı Əli Kərimlini, Isa Qəmbəri və digər müxalifət liderlərini “ermənipərəst” adlandırır və bu “arqument” köhnəlmir. Sonradan gördük ki, mitinqə çıxanlar, sıravi partiya üzvləri, QHT-lər də “ermənipərəst” imiş. Daha sonra bir vaxtlar Əliyevlərin kompliment yağışında islanan Rüstəm Irahimbəyovun, hakimiyyətin dəyənəyi rolu oynayıb, sonra susa bilməyib, “Susma” mahnısın yazan Hüseyn Abdullayevin də “emənipərəst” olduğunu öyrəndik. 

Sonda isə, çoxları gözləməsə də Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin də bu “ad”a layiq görüldüyünün şahidi olduq. 

Əslində bu yaxşı haldır. Qoy hamı dərk etsin ki, bu hakimiyyət üçün şəxsiyyətin dəyəri, həmin şəxsiyyətin hakimiyyətə pərəstişi ilə qiymətləndirilir. Yəni bu ölkədə yaxşı adam olmaq üçün, pis adamları mütləq xatırlamalısan. Seçkidə hansısa namizədə səs vermək həm də əxlaq məsələsidir. Öz vətəndaşını, öz ziyalısını “ermənipərəst” adlandıran hakimiyyətə səs vermək, ağır cinayət törətməyə bərabərdir.

Ermənilər, niyə ermənipərəst müxalifəti dəstəkləmir?

Əslində bizi ermənipərəst adlandırmaqla hakimiyyət özünü təkzib etmiş olur. Çünki bir tərəfdən ermənilərin acından öldüyünü, ölkənin fəlakətlər burulğanında olduğunu, hətta erməni əsgərlərinin Azərbaycan tərəfə keçdiyini iddia edən rejim, digər tərəfdən müxalifəti ermənilərə işləməkdə, ermənipərəstlikdə ittiham edir. Əgər müxalifət ermənilərə işləyirsə, deməli, əvəzində yaxşı mükafat alır. Sizin məntiqinizlə götürsək, ermənilər yaxşı mükafat vermək iqtidarında deyillər. Bəs, müxalifət niyə ermənipərəstdi, nəyin qarşılığında erməni dəyirmanına su tökürlər? 

Digər tərəfdən, müxalifəti pulla almaq mümükündürsə, məntiqlə müxalifət bu hakimiyyətə işləməli idi. Çünki ölkənin bütün sərvəti rejim mənsublarının şəxsi mülkiyyətidir. Yəqin satılmayan insanların hakimiyyət düşərgəsində ümumiləşmiş adı “ermənipərəst”dir. Nədənsə Sərkisyan öz çıxışında müxalifəti yox, Ilham Əliyevi dəstəklədi. Kimin daha sərfəli olduğunu ermənilər də bilir.

Daş və su

Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə qaynar su atıblar. Deyirlər, insan ölüm qabağı gözəlləşir. Bəlkə də bu hadisə, hakimiyyətin “ölümqabağı” müxalifətə uğur arzulamasıdır. Biz həmişə görmüşük ki, insan bir səfərə gedəndə arxasınca su atırlar. Cəmil Həsənlinin getdiyi yol da ağır yoldur və arxasınca su atmaq lazımdır. Hər zaman yuxardakılar ölkənin mübariz insanlarına daş atıblar. Indi də yuxarıdan su atırlar. Cəmil Həsənliyə atılan suyun isti olması isə “daş”ın mayeyə çevrilməsi üçün lazım olan istilikdir. Əslində, palçıq topasının sona qədər daş kimi görünmək şansı yoxdur. Əsl daşlar isə heç vaxt mayeyə çevrilmir. Çünki suyun saf olması üçün onlar həmişə daş olmalıdılar. 

Bu seçkidə xalq daşa su atanları yox, suyu daşlamağa qoymayanları seçməlidir.

Bu milləti işıqlı sabaha ürəyi daş olanlar yox, əqidəsi daş kimi möhkəm olanlar aparacaq.