Sevinc Babayevanın məktubunu kim yazıb?

Gülər Əhmədovanın mərhum rəfiqəsilə bağlı yeni məlumatlar

Sabiq deputat Gülər Əhmədovanın rəfiqəsi, Türkiyədə müəmmalı şəkildə dünyasını dəyişən Sevinc Babayevanın ölümündən öncə prokurorluğa müraciətlə yazdığı iddia edilən məktubu yayılıb. “Yeni Müsavat”ın yaydığı məktubda Sevinc Babayeva bildirir ki, o, Elşad və Elsevər Abdullayevlərdən ehtiyat edərək Azərbaycanı tərk edib.

Məktubda daha sonra deyilir: “Məni 1997-ci ildə Elşad Abdullayevlə qardaşı Mahir Abdullayev tanış edib. O illərdə mən Ali Sovetdə qəzet müxbiri kimi çalışırdım. Elşadın mənimlə tanış olmaqda məqsədi o zamanlar Ali Sovetin bir sıra deputatları ilə mənim vasitəmlə tanış olmaq istəyi idi. Beləcə onunla mənim aramda vasitə yarandı. O zamanlar ”San-Marino” adlanan universitet var idi. Familiyasını bilmədiyim Əhmədxan adlı bir şəxs universitet rektoru idi. 

Məni də həmçinin öz yanına dəvət etdi. Onun sözünə inandım. Xeyli müddət birgə çalışdıq. 

Sonradan eşitdim ki, bir qrup tələbə və valideynlər o dövrdə deputat olan Gülər Əhmədovaya bu işlə bağlı müraciət edib, kömək istəyiblər. Məndə bir neçə tədbirlərdə Gülər Əhmədova ilə birgə iştirak edib münasibət yaratmışdım. Düzdü bu münasibət çox dərin olmasada Gülər xanım məni tanıyırdı. Fikirləşdim ki, mən də Gülər xanıma müraciət etsəm, bəlkə pulumu geri qaytara bilim. O məqsədlə Gülər xanımın yanına gəldim, dərdimi ona danışdım. Gülər xanım mənə bildirdi ki, 10-larla tələbə elə bu işlə bağlı mənə müraciət edib. Elşadın yanına gedib bütün bu məsələləri həll etmək lazımdır. Biz birlikdə Elşadla söhbət etməyə getdik. O söhbətdə Gülər xanım Elşaddan təkidlə tələbələrdən aldığı pulları geri qaytarmağı tələb edirdi”. 

Sevinc Babayevanın yazdığı iddia edilən məktubda Gülər Əhmədova müdafiə edilir. Xatırladaq ki, Elşad Abdullayev mandat alveri ilə bağlı məlum videonu yaydığı videodan sonra Sevinc Babayevanın videosu yayılmışdı. O, həmin videoda da eyni arqumentləri səsləndirmişdi.

Sonradan bəlli oldu ki, Gülər Əhmədova bunu əvvəlcədən hazırlayıb. Elşad Abdullayevin məlum videonu yayacağını bilən sabiq deputat ehtiyat tədbiri kimi Sevinc Babayevanın hüquq müdafiəçisi Məmməd Zeynalovun yanına göndərmiş, orada olan danışıqları isə lentə aldırmışdı. 

Bu baxımdan ehtimal olunur ki, məktub da Gülər Əhmədova tərəfindən yazılıb. Yeri gəlmişkən, “Yeni Müsavat”ın xəbərinə görə məktubda Sevinc Babayevanın imzası yoxdur. Sevinc Babayevanın oğlu Ayxan Məmmədov isə məktubun məzmunu ilə tanış olduqdan sonra bildirib ki, bu, anasının yazdığı məktub deyil: “Mənim anamın yazdığı məktub 7-8 vərəq idi və riyaziyyat dəftəri vərəqində yazılmışdı. O əlyazmalar Türkiyədə idi. Anamın ölümündən sonra mən onu Səlcuq Ağlayandan almaq istəsəm də, mənə vermədi. Pasportu da, həmin məktubları da məndən gizlətdi. Həmin məktubda Gülərin xeyrinə bir cümlə də yox idi. Anam yazmışdı ki, Gülər, məni bura sən göndərdin, mənim də oğlum var, mən də onun yanında olmaq istəyirəm”.