Vəkil “DəmirBankı” yalançılıqda ittiham etdi

Yavər Camalovla Cavid Qurbanov arasındakı qalmaqal davam edir

Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova məxsus Hacı Camalxan MMC-nin hüquqşünası Rasət Miriyev “DəmirBank”ı yalançıqlıqda ittiham edib. O, “Yeni Müsavat”a bildirib ki, “DəmirBank”dan Əlikram Camalov haqqında verilən məlumat həqiqəti əks etdirmir: “Hacı Camalxan MMC Salyanda 33 milyonluq layihə həyata keçirir.

“DəmirBank” cəmisi həmin layihəyə 3 milyon 950 min kredit ayırıb. Kreditin əsas borcunun qaytarılmasına, bağlanmasına hələ 3 ay var. Faiz borcları isə hər il vaxtında ödənilib. Mən bu məlumatlar dərc olunandan sonra “DəmirBank”da olmuşam. Orada mənə hüquq və kredit departamentlərindən deyiblər ki, bankdan mətbuata belə bir xəbər verməyiblər. “DəmirBank”a istinadən yayılan məlumatın heç bir əsası yoxdur”. 

Hüquqşünas deyib ki, Hacı Camalxan MMC “DəmirBank”dan götürülən güzəştli krediti təyinatı üzrə kənd təsərrüfatına xərcləyib: “Yəni bankdan alınan güzəştli kredit həmin sahəyə yönələn maliyyə vəsaitinin çox cüzi hissəsidir. Orada görülən işlərin dəyəri 9-10 milyon manatdan artıqdır. Üstəlik, həmin tikilinin başa çatdırılması üçün əlavə vəsait də tələb olunur”.

Xatırladaq ki, “DəmirBank”ın nümayəndəsi Ilhamə Həsənova mətbuata bildirmişdi ki, Əlikram Camalov təsisçisi olduğu Hacı Camalxan MMC-nin direktoru olaraq bankdan 3 milyon 950 min manat kredit götürüb və 1 qəpik də olsa banka ödəməyib. Bank rəsmisi deyib ki, Əlikram Camalov qeyd olunan məbləğdə krediti 26 may 2010-cu ildə götürüb və hazırda faizi ilə birlikdə “DəmirBank”a 4 milyon 336 min manat borcu yaranıb: “O, hər vasitə ilə bankdan götürdüyü əsas borcu və faizlərini ödəməkdən yayınır”.

Bank rəsmisinin bu açıqlamasından sonra belə xəbərlər yayılıb ki, həmin kredit Ə.Camalovun adına rəsmiləşdirilsə də, faktiki olaraq pullar onun qardaşlarına çatıb. 

Məlumat üçün deyək ki, “DəmirBank” nəqliyyat naziri Ziya Məmmədovun sağ əli hesab edilən, “Azəryolservis”in şefi Cavid Qurbanova məxsusdur.