Vəfa Quluzadə Suriya hadisələrinə rəy verdi

«Əsəd rejiminin çöküşü regionun mənzərəsini dəyişəcək»

«Qərb Yaxın Şərq bölgəsini tam şəkildə Rusiyanın nəzarətindən çıxarmağa, sabitliyi bərpa etməyə çalışır. Növbədə Irandır»

Suriyada baş verənlər dünyanın siyasi gündəminin əsas mövzusudur. Bir çox ekspertlər artıq cərəyan edən hadisələrin fonunda Əsəd rejiminin sayılı günlərinin qaldığını düşünür. Artıq beynəlxalq güclər Suriyada baş verən zorakılığa qəti şəkildə cavab vermək niyyətində olduqlarını bəyan ediblər. Ona görə hazırda baş verənlərin fonunda Suriyadakı hadisələrin sonrakı gedişinin necə olacağı maraq doğurur. Suriya rejiminin dəyişməsi bölgədəki proseslərə necə təsir edəcək? Suriyanın davamı kimi Irana qarşı hansı addımlar atıla bilər?

Suriyaya müdaxilənin artıq qaçılmaz addıma çevrildiyini deyən politoloq Vəfa Quluzadə vurğuladı ki, Suriyadakı vəziyyətin hazırkı kritik həddə çatmasına görə məsuliyyəti Əsəd rejimi daşıyır. Dövlət başçısının əsas vəzifəsinin xalqa normal şərait yaratmaq olduğunu söyləyən V.Quluzadə qeyd etdi ki, Əsəd isə ölkəni vətəndaş müharibəsinə sürükləyərək, dünyanın ən mürtəce qüvvələri ilə əməkdaşlıq edib: “Suriya müxalifətinin təmsilçisi beynəlxalq mediaya açıqlamasında ciddi faktlar səsləndirib. O bildirib ki, yeddi ay ərzində Suriya müxalifəti Əsədə qarşı silahsız müqavimət göstərib. Amma Əsəd bu dinc etirazları bombaların vasitəsilə dağıtmağa üstünlük verirdi. Digər tərəfdən, çox qəribədir, Rusiyanın Əsədi silahlandırması, ”Hizbullah”ın Əsədin tərəfində vuruşması ölkəyə müdaxilə sayılmır. Amma beynəlxalq güclərin Suriyadakı özbaşınalığa, qırğına reaksiya verməsi müdaxilə kimi dəyərləndirilir. Hesab edirəm ki, Qərb Əsəd rejiminə artıq dözməyəcək. Əsədin əli xalqının qanına batıb. Hazırda Suriyadan milyonlarla insan qaçqın düşüb. Bu cinayətlərə son qoyulmalıdır. Suriya xalqına normal şərait yaratmaq lazımdır”.

Əsəd rejiminin çöküşünün region üçün nə vəd etməsinə gəlincə isə, V.Quluzadə hesab edir ki, Əsəddən sonra Suriyada quruculuq mərhələsi başlayacaq və Suriya müxalifəti ölkənin idarəçiliyində əsas qüvvəyə çevriləcək: “Ələbəttə, burada Qərbin dəstəyini də unutmaq lazım deyil. Qərbin dəstəyi olmasa, Suriyada müxtəlif terror təşkilatları əl-qol aça bilər. Bu isə ölkənin normal inkişafına mane olacaq. Suriya nə Iranın, nə də Rusiyanın müttəfiqi olmalıdır. Qərbin çalışdığı məhz budur. Qərb Yaxın Şərq bölgəsini tam şəkildə Rusiyanın nəzarətindən çıxarmağa və orada sabitliyi bərpa etməyə çalışır”.

Proseslərin Suriyadan sonra Irana keçmə ehtimalının böyük olduğunu düşünən V.Quluzadə vurğuladı ki, Qərb Yaxın Şərq regionunda özü üçün əlverişli şərait yaratmağa çalışır.  Yaxın Şərqdə Qərbə dirəniş göstərən yeganə qüvvənin Rusiya olduğunu deyən V.Quluzadə bildirdi ki, amma proseslərin hazırkı sürətli mərhələsində Kreml adekvat addımlar ata bilməyəcək: “Rusiya hesab edir ki, Kremlin Yaxın Şərqdə əsgəri mövcudluğu olmalıdır. Əgər Rusiya bu qədər güclüdürsə, o zaman Bəşər Əsədi müdafiə etsin, Suriyaya qoşun yeritsin və öz donamasını ABŞ-ın əleyhinə çıxartsın. Bütün bu addımları Rusiya edə bilməyəcək. Əsəd bunu əvvəldən anlamalı idi ki, Rusiya onu müdafiə edə bilməyəcək”.

Diktatorların hər zaman eyni psixologiya ilə hərəkət etdiyini deyən V.Quluzadə bildirdi ki, onlar bir qayda olaraq sona qədər xalqlarının aqibəti ilə oynayırlar. 

Fizzə