Naxçıvanda internet-klubları niyə bağlayırlar?

Məlahət Nəsibova: «Bu addım Naxçıvanı dünyadan təcrid etməyə yönəlib»

Bir neçə gündür ki, Naxçıvanda internet-klubların fəaliyyətinə qadağa qoyulub. Muxtar Respublikadan gələn xəbərlərə görə, Naxçıvan şəhərində fəaliyyət göstərən internet-klubların hamısı, bölgələrdəki klubların isə əksəriyyəti artıq işləmir. Bu isə onsuz da informasiya blokadasında olan naxçıvanlıları daha da pis vəziyyətə qoyur.

Məlumata görə, yerli hakimiyyət seçki öncəsi insanların fəallaşmasından ehtiyatlanır. Çünki son vaxtlar naxçıvanlı gənclər sosial şəbəkələrdə aktivləşib və onlar baş verən haqsızlıqlara qarşı məlumatları paylaşaraq, qarşıdan gələn  seçkinin ədalətli keçirilməsinə çağırış edirlər.

Naxçıvandakı durum haqda məlumat verən hüquq müdafiəçisi Məlahət Nəsibova baş verənləri yerli hakimiyyətin absurd addımlarından biri kimi qiymətləndirir. Hüquq müdafiəçisinin sözlərinə görə, yerli hakimiyyət addımını belə əsaslandırır ki, guya, insanlar porno və digər saytlardan istifadə etdiklərinə görə belə bir qərar verilib: “Halbuki, təxminən bir-iki ildir uşaqların o tip saytlara girişinə qadağa qoyulub. Yəni, internet klublara azyaşlı uşaqların girişi onsuz da qadağan edilib. Gənclərin həmin saytlara girməsi isə onların artıq daxili işidir. Internet-kafelərə neçə ildir ki, xüsusi nəzarət olunur. Saytlara və müstəqil qəzetlərin saytlarına isə blok qoyulub. Həmin internet-kafelərdə kameralar qoyulub və hüquq-mühafizə orqanları onların şifrələrini götürərək, bu obyektlərə nəzarət edirlər. Bu baxımdan hakimiyyətin insanların müxtəlif xoşagəlməz saytlara baxması kimi arqumentlər gətirməsi gülüncdür. Belə bir addım bir vətəndaş kimi, mənim informasiya almaq azadlığımı məhdudlaşdırır”.

Məlahət Nəsibova əlavə edir ki, Naxçıvanda bircə dövlət provayderi var. O da istədiyi saytlara məhdudiyyət qoyur və internet-klublara istədiyi sürətdə internet verir: “Ümumiyyətlə, Naxçıvanda bütün hüquqlar məhdudlaşdırılıb, klublara, insanların üzərinə basqı var. Ora, hətta müstəqil qəzetlər də gəlmir. Təsəvvür edin, Naxçıvana ”Azadlıq” qəzetinin cəmi 5-10 nüsxəsi gəlir və o da yalnız əl yayımıyla satılır. Insanların informasiya məkanının olmadığı şəraitdə internet-klubların bağlanması Naxçıvanı dünyadan təcrid etmək deməkdir. Bu addım xüsusi olaraq seçkiyə hesablanıb. Çünki gənclər Naxçıvanın ictimai yerlərində, sosial şəbəkələrdə aktivləşiblər. Hakimiyyət də qıcıqlanaraq belə bir addıma əl atıb. Bu, tamamilə seçkiyə yönəlmiş bir addımdır və bizi bir naxçıvanlı kimi biabır edir. Bəlkə də ictimai təzyiqdən sonra internet-klublar açılar”.

Nigar