Azərbaycanda seçkiyə münasibətdə müxalifətçi dostlarım çox vaxt illüziyaya qapılır.
Məsələn, birinci qrup deyir ki, seçki rejimin oyunudur, onda iştirak etmək lazım deyil. Boykot olunmalıdır!
Ikinci qrup, birincilərin əleyhdarları isə deyir ki, yox, 1998-də, 2008-də boykota getdik nə qazandıq ki? Hamı seçkilərə!
Məncə, ikinci qrup bir az məsafəni uzaqdan götürür. Müxalifət 2008-dən sonra iki seçkidə iştirak edib. Nəticə: bələdiyyə seçkisində “4″ yer, parlament seçkisində ”0″ yer!
Boykot olunan seçkiləri də demirəm daha, orda da nəticə sıfırdı.
Deməli, ortaya hansı mənzərə çıxır? Dəqiq görünür ki, Azərbaycanda dəyişikliyin yolu təkcə iştirak və boykotdan asılı deyil.
Çarə gücdədir. Bəli, məhz gücdə. Güclü olandan sonra seçki ilə də qalib gəlirsən, boykotla da.
Normalda seçkidə güc səslə ölçülür. Bu sarıdansa müxalifət güclüdür, insanlar ona səs verir. Bizə səsdən kənar güc lazımdı. Iradəyə dayanan güc. Inqilabi bir güc.
Inqilabi güc heç də top-tüfəng deyil. Açıq demək lazımdır ki, son vaxtlar tənbəllər, özünü işə vermək istəməyənlər üçün “inqilab ritorikası” bir bəhanə də olub. Kənara getməyəcəm, belə bir hadisəyə AXCP Məclislərinin birində şahidəm.
Keçən il Ali Məclisdə seçkilərə hazırlıqla bağlı verilən qərarların icrası müzakirə ediləndə bəzi şöbə sədrləri işbacarmazlıqlarını ört-basdır etmək üçün təxminən belə çıxış edirdilər: əşi yox ee, belə olmaz. Imkanlar məhdudlaşdırılıb. Nə seçki, biz inqilabı yol tutmalıyıq və s.
Çıxışlar yekunlaşanda Əli Kərimli “inqilabçılar”a üz tutdu, o dedi ki, doğrudan da ölkədə vəziyyət onlar deyən qədər çətin, antidemokratik və idbardı, ancaq… “Siz mənə deyin görüm, inqilab etmək asandır, yoxsa bir rayonda mitinq təşkil etmək?”- deyə o soruşdu.
“Inqilabçılar””: “Əlbəttə, ikinci”,- dedilər.
Əli Kərimlinin cavabı isə bütün bəhanələri söndürmək gücündəydi: “O zaman gedin bir mitinq təşkil edin, sonra inqilaba hazırlaşaq”.
Xülasə, dəyişiklik intizamlı və iradəli fəaliyyətdir. Pafoslu çıxsa da, gecə-gündüz şam kimi əriməkdir. Nə qədər ki dəyişiklik istəyən insanlar təşkilatlanmadan qaçacaq, təşkilatlananlar vaxtlı-vaxtında iclaslar keçirməyi, özü üçün proqramlı fəaliyyət seçməkdən yayınacaq, boykot da, seçki də qüssə-kədərə məhkumdur.
Ümidvaram ki, Milli Şura illərdən bəridir tilsimə çönən bu bəlanı çözməyə qadirdir və bunu edəcək.
Unudulanlar
Yeri gəlmişkən, ötən gün Əli bəyin(Kərimli) işçilərin hüquqları və acınacaqlı vəziyyətindən yazmasına çox sevindim. Belə də lazımdır.
Azərbaycanlı işçiləri, əslində 21-ci əsrin qullarını çoxdan idi siyasətçilər unutmuşdular. Bunun əvəzinə siyasilərimiz sahibkar sinfinə boş-boş reveranslar edirdi. O sahibkar təbəqəsi ki, əksəriyyəti bizim ölkədə rejimin korrupsiya elementləridir və dəhşətli dərəcədə fürsətcil və qorxaqdılar. Ölkədə dəyişiklik etmək istəyən qüvvənin canı fəhlələr üçün yanmalıdır və istinadgah bu məzlum zümrə olmalıdır.
Mən razıyam ki, sahibkarlar da hakimiyyətdən az çəkmir. Ancaq onlar özləri hallarına ağlamaq imkanındadılar. Hər halda onlar yayın istisində, qışın soyuğunda Bakının cəhənnəm tikintilərində canlarını çürüdüb bir tikə çörək üçün işləmirlər.
Buna görə mən, heç yəqin ki, o məlum yazısından xəbər tutmayacaq zəhmətkeş insanlar adından Əli bəyə təşəkkür edirəm.
Şəhidliyin qiyməti
Dövlət başçısı seçkidə müharibə veteranlarından səs almaq üçün onların müavinətlərinə “on faizlik” görüm-baxım elədi. Bu, müharibə iştirakçılarına, qurbanlarına diqqət deyil, bu, təmiz alverdi. Düşünün, Siz Ilham Əliyevin rayonlara səfərində atasının heykəli ilə yanaşı o rayonda olan şəhid məzarlarını ziyarət etdiyini bir dəfə də olsun görmüsünüz? Mən görməmişəm.
Bəs siz xatırlaya bilirsinizmi Heydər Əliyevin şəhidliyin izzətini azaldan çıxışlarını? “Mən anaların üstünə şəhidlərin gəlməsinin qarşısını kəsdim-filan”.
Biləsiniz, bunlar elə-belə təsadüfü mövqelər deyil, ölçülüb-biçilmiş yanaşmadı.
Inanmırsınızsa, doktor Əli Şəriətinin aşağıdakı qeydlərini oxuyun.
“Şəhidlik uca zirvədir. Şəhidlik zirvəsini fəth etmək üçün insan canından keçir. Bu inanc düşmənin kürkünə birə salır. Axı şəhidliyi fəxr bilən bir milləti necə istismar etmək olar?!.ÿ
Bu vaxt xurafatçı dindar ortaya çıxır və bildirir ki, şəhidlik məqamına çatmaq üçün düşmənlə vuruşmaq vacib deyil. Məsələn, cümə axşamı qüsl verib, 70 dəfə filan duanı oxumaqla şəhid məqamına çatmaq, Qiyamət günü Hüseynlə çiyin-çiyinə dayanmaq olar. Sən bu adamda zirəkliyə bax!”.
Əyilən baş üçün diplom
Milli Mətbuat günü rejissor, “Space” telekanalının prezidenti Vaqif Mustafayevin əcaib bir fotosu yayıldı. O, Heydər Əliyevin məzarı önündə baş əymək yerinə ikiqat olmuşdu. O zaman bu hadisədən narahat qalaraq bir məqalə yazıb adını “Vaqif niyə əyildi?” qoydum.
Dünən gecə dövlət başçısı Ilham Əliyev, sağ olsun, suala cavab verib.
Bax, bu formada: “Azərbaycanda silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə Vaqif Behbud oğlu Mustafayevə ”Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilməsini qərara alıram”.
Hikmətli söz
“Hilal Məmmədovu milli xəyanətkar, satqın damğası ilə tutublar, indi dəstəyinə ehtiyacları yaranıb, əcəb anekdotdur”- bu, həbsxanadan Ilham Əliyevə dəstək məktubu yollayan Hilal Məmmədovun hərəkətlərinə ziyalı dostum Elçin Rüstəmlinin reaksiyası idi.