rovnaq

Rövnəq Abdullayevi danlayıblar

«Xəzər Lənkəran»-«Neftçi» oyunundan sonra baş verənlər PA-da müzakirə olunub

“Xəzər Lənkəran”-“Neftçi” oyunundan sonra baş verən iğtişaşlar Prezident Administrasiyasında (PA) müzakirəyə çıxarılıb. Prezidentin cənub bölgəsinə səfəri öncəsi Lənkəranda keçirilən futbol oyununda baş vermiş iğtişaşlar hakimiyyətdə narahatlıq və narazılığa səbəb olub.
Virtualaz.org xəbər verir ki, bununla bağlı PA-da keçirilən xüsusi iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev də iştirak edib. Sayt bildirir ki, Rövnəq Abdullayev iclas zamanı sərt suallar qarşısında qalıb. Mayın 28-də ölkə kubokunun finalında baş verən iğtişaşlar da ona xatırladılıb. AFFA prezidenti futbol təsərrüfatını idarə edə bilməməkdə, səriştəsiz kadrlara güvənməkdə də ittiham olunub. Iclas zamanı Abdullayevə açıq-aşkar eyham vurulub ki, prezident seçkilərindən sonra AFFA prezidenti postundan gedə bilər.
Xəbərdə deyilir ki, bundan narahat olan Rövnəq Abdullayev PA-dakı iclasdan çıxan kimi “Neftçi”və “Xəzər Lənkəran” rəhbərliyi ilə əlaqə saxlayaraq klubların bəyanat yaymalarını, bəyanatda onun futbola göstərdiyi qayğının qabardılmasını, xidmətlərinin xüsusi vurğulanmasını istəyib.
Maraqlıdır ki, avqustun 28-də axsam saatlarında həm “Xəzər Lənkəran”, həm də “Neftçi” belə bir bəyanat yayıb.