BMT Təhlükəsizlik Şurası yenə razılığa gələ bilmədi
Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin qapalı toplantısı keçirilib. Şuranın daimi üzvləri Suriya ilə bağlı məsələdə razılığa gələ bilməyiblər. Rusiya və Çin nümayəndələri bir saat sonra iclas zalını tərk ediblər. Onlar Haitidəki vəziyyətlə bağlı müzakirələrin aparıldığı salona gediblər. Fransa, ABŞ və Böyük Britaniya təmsilçiləri isə müzakirələri davam etdiriblər. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer BMT Təhlükəsizlik Şurasının qapalı iclasında Suriyada təxirəsalınmaz addımların atılmasına çağırıb.
Adının açıqlanmasını istəməyən diplomatlardan biri deyib ki, iclasdan sonra Suriya ilə bağlı qətnamə layihəsi məsləhətləşmələr üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin hökumətlərinə göndərilib. Qeyd edək ki, Böyük Britaniyanın hazırladığı qətnamədə Suriyadakı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulan tədbirlər əks olunub.
“Rusiyanın mövqeyinə görə irəliləyiş yoxdur”
ABŞ bundan sonra da BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı məsləhətləşmələri davam etdirəcək. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf deyib. Bununla belə Harf qeyd edib ki, Birləşmiş Ştatlar Rusiyanın dəyişməz mövqeyi üzündən bu məsələdə irəliləyiş görmür. “Düşünmürük ki, BMT Təhlükəsizlik Şurasındadakı səylər bu vaxtadək baş verənlərdən fərqli nəyəsə gətirib çıxarsın” deyən Harf Rusiya nümayəndələrinin əvvəllər Suriya ilə bağlı qətnamələrin qəbuluna imkan vermədiyini xatırladıb.
ABŞ prezidenti Barak Obama hesab edir ki, Suriya müxalifəti kimyəvi silahdan istifadə edə bilməzdi. Obama qeyd edib ki, Suriyada kimyəvi silahın tətbiqinə Vaşinqtonun necə cavab verəcəyini hələ müəyyənləşdirməyib: “Mən qərar qəbul etməmişəm. Hərbçilər mənə müxtəlif variantlar təqdim edib. Mən Milli Təhlükəsizllik Şurası ilə bağlı müzakirələr aparıram”. B.Obama eyni zamanda Suriya probleminin həlli naminə Rusiya və digər ölkələrlə əməkdaşlığa hazır olduqlarını bildirib: “Ümid edirik ki, Suriyadakı böhranın siyasi həll yolu var”.
Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə Suriyadakı vəziyyəti müzakirə edib. Bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb. Rusiya və İran prezidentləri arasındakı telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub. Danışıqlar zamanı Putin və Ruhani kimyəvi silahın tətbiqini yolverilməz olduğunu vurğulayıb: “Suriyada kim olursa olsun, kimyəvi silahdan istifadə qəbuledilməzdir”.
Prezidentlər Suriyada münaqişənin diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.
Rəfsəncani Suriyaya hərbi müdaxiləni yolverilməz sayır
İran Məsləhət Şurasının sədri, eks-prezident Əli Əkbər Haşimi Rəfsəncani kimyəvi silahlardan istifadə edilməsi bəhanəsi ilə Suriyada hərbi müdaxiləni yolverilməz sayır. H.Rəfsəncai fövqəlgüclərin bölgədə müharibəyə başlamaq niyyətini sərt şəkildə tənqid edərək daxili və xarici təhdidlərlə üzləşmiş Suriya xalqının gələcəyindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, Suriyaya kimyəvi silahlardan istifadə edilməsi bəhanəsi ilə hərbi müdaxiləyə heç bir siyasi haqq qazandırmaq olmaz və bu addım humanizm prinsiplərinə uyğun deyil.
“Dünya yeni müharibənin öhdəsindən gələ bilməz”
İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Azərbaycan, İordaniya, Küveyt, İsveçrə, İtaliya, Belçika, İspaniya, Yunanıstan, Fransa və Əlcəzair xarici işlər nazirləri arasında telefon danışığı olub. Avqustun 28-də baş tutan telefon söhbətində Suriya məsələsi əsas müzakirə mövzusu olub. M.Zərif İranın istənilən kimyəvi silahlardan istifadə edilməsini pislədiyini bildirib: “Heç bir ölkə kimyəvi silahlara görə İran qədər qurban verməyib. Ona görə də Suriyada kim tərəfindən istifadə edilməsindən asılı olmayaraq, bu çirkin hücumu qınayırıq. Eyni zamanda bu xoşagəlməz hücumla bağlı BMT müfəttişlərinin ədalətlə ətraflı araşdırma aparmasını istəyirik. Çünki ilkin araşdırmalar Suriyada istifadə olunan kimyəvi silahların əldəqayırma olduğunu göstərir. Ona görə də hər kəsi araşdırma aparılmadan tələsik qərar verməklə Suriya hökuməti və ordusunu kimyəvi silahlardan istifadə etməkdə günahlandırmamağa çağırırıq”.
İran XİN rəhbəri həmçinin bəzi ölkələrin Suriyaya qarşı hərbi müdaxilə təhdidlərinə də toxunub: “Dünya artıq yeni müharibənin öhdəsindən gələ bilməz. XXI əsrdə gücdən istifadə qəbuledilməzdir. Çünki bu, mövcud böhranı aradan qaldırmaq əvəzinə, onun əhatə dairəsini daha da genişləndirə bilər”.
Bu arada, İran Suriyadan 12 minlik ordusunu çıxarmaq qərarına gəlib. Bu barədə İranın dini lideri ayətullah Əli Xamneyi göstəriş verib. Yerli televiziyanın məlumatına görə, İran ABŞ-ın Bəşər Əsədə mümkün hücumu nəticəsində hava limanlarının bağlanacağından ehtiyat edir.
İran Suriyaya nümayəndə heyəti göndərəcək. Hümayəndə heyəti millət vəkillərindən ibarətdir və onlara İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Əlaəddin Burucerdi başçılıq edəcək. Gələn həftə həyata keçiriləcək səfər çərçivəsində İran nümayəndə heyəti Suriyada baş verən hadisələri araşdıracaq. Eyni zamanda İran nümayəndə heyəti Suriya xalqı və hökumətinə rəsmi Tehranın ABŞ-ın təhdidlərinə qarşı dəstəyini ifadə edəcək.
Bəşər Əsəd: “İstənilən təcavüz qarşısında müdafiəyə hazırıq”
Suriya prezidenti Bəşər Əsəd isə bəyan edib ki, ölkəsi özünü istənilən təcavüzdən qorumağa hazırdır. Əsədin bəyanatı Suriya dövlət televiziyası ilə oxunub: “Suriyaya qarşı birbaşa təcavüz xalqımızın müstəqillik prinsiplərinə bağlılığını yalnız möhkəmləndirəcək. Suriya istənilən təcavüz qarşısında özünü müdafiə etməyə hazırdır.
Qeyd edək ki, Dəməşq yaxınlığında kimyəvi silah tətbiqi barədə məlumatlardan sonra Suriyada vəziyyət yeni mərhələyə qədəm qoyub. Müxalifət kimyəvi hücum zamanı 1300 nəfərin öldüyünü, bir neçə min nəfərin zəhərləndiyini bildirir. Qərb ölkələri, o cümlədən ABŞ və Böyük Britaniya bu məlumatdan istifadə edərək Suriyaya qarı hərbi müdaxilənin mümkünlüyünü bəyan ediblər (APA).