Cəmil Həsənlinin namizədliyi təsdiqləndi

Həsən Kərimov: «Üç-dörd gün müddətində AXCP üzərinə düşən 21 min imzanı Cəmil Həsənlinin Mərkəzi Seçki Qərargahına təqdim edəcək»

Arif Hacılı: «Bir neçə gün ərzində imzaların toplanması prosesini başa çatdıracağıq»

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Bu barədə Cəmil Həsənlinin namizədliyini irəli sürən Milli Şuranın təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı məlumat verib. Onun dediyinə görə, qərar MSK-nın saat 16-da keçirilən iclasında qəbul edilib. 

C.Həsənlinin namizədliyinin təsdiq olunması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.

Onu da qeyd edək ki, Cəmil Həsənlinin təşəbbüs qrupunun rəhbəri Gülağa Aslanlı imza vərəqələrinin dünən onlara təqdim edilməməsinə etiraz edib. Onun sözlərinə görə, Seçki Məcəlləsində qeyd edilib ki, imza vərəqələri təsdiq olunan gün verilməlidir: “Amma siz deyirsiniz ki, qərar rəsmi dərc edildikdən sonra imza vərəqələri veriləcək. Mən 2003 və 2008-ci il seçkilərində iştirak etmişəm və namizəd təsdiqlənən gün imza vərəqələri mənə verilib”.

MSK sədri prosesin qanunda nəzərdə tutulan şəkildə həyata keçirildiyini qeyd edib.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov “Azadlıq”a açıqlamasında bildirdi ki, təmsil olunduğu partiya və Cəmil Həsənlinin seçki qərargahı təşkilati və texniki işləri başa çatdırıb: “Imza vərəqələri əldə ediləndən sonra imza qruplarının üzvləri qərargaha dəvət ediləcək. Rayonlara göndəriləcək nümayəndələr bəllidir. Partiyanın funksionerləri rayonlara ezam olunacaq. AXCP 21 min imzanı toplamağa tam hazırdır. Yüzlərlə insan imzatoplama kampaniyasına cəlb olunub. Üç-dörd gün müddətində AXCP üzərinə düşən 21 min imzanı Cəmil Həsənlinin Mərkəzi Seçki Qərargahına təqdim edəcək”.

Müsavat partiyasının mərkəzi icra ôaparatının rəhbəri Arif Hacılı MSK-nın artıq iki qanun pozuntusuna yol verdiyini dedi: “MSK seçki məcəlləsinin 53-cü maddəsinin 6-cı bəndini ciddi şəkildə pozaraq, Cəmil Həsənlinin namizədliyini sənədlərin təqdim edildiyi gündən 5 gün keçdikdən daha gec təsdiq etdi. Qanunda birmənalı olaraq qeyd edilir ki, 5 gündən gec olmayaraq namizəd təsdiq olunmalıdır. Ikinci pozuntu isə ondan ibarətdir ki, Seçki Məcəlləsinin 56-cı maddəsinin birinci bəndinə görə imzaların toplanması namizəd təsdiq edildiyi gündən başlanılır. MSK orada bizim səlahiyyətli nümayəndəmiz olan Gülağa Aslanlının təkidlərinə baxmayaraq imzaların yalnız bu qərar mətbuatda dərc olunandan sonra veriləcəyini bildirib. Imza vərəqələri sabah (bü gün – red.) saat 10-da veriləcək”.

Arif Hacılı deyir ki, Müsavat partiyasının bütün strukturları Cəmil Həsənlinin seçki işinə cəlb olunub: “Saat 10-dan başlayaraq biz imza toplayan şəxslərə imza vərəqələrini verəcəyik. 12 regional qərargah yaratmışıq və bu qərargahlar da rayonlarda və kəndlərdə imzaların toplanmasına rəhbərlik edəcək. Çalışacağıq bir neçə gün ərzində imzaların toplanması prosesini başa çatdıraq”. 

Ramin DEKO