Milli Şuranın Icra Aparatının rəhbəri uydurma ixtişaş bəyanatı üzrə ifadə verib
Milli Şuranın Icra Aparatının rəhbəri, “EL” hərəkatının lideri Eldar Namazov avqustun 29-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə Istintaq Idarəsində dindirilib. Dindirmə “EL”in keçmiş üzvü Əflan Ibrahimovun guya, Milli Şuranın kütləvi ixtişaşlar hazırlaması haqda bəyanatıyla əlaqədardır.
Hələ prokurorluğa getməmişdən əvvəl Eldar Namazov bir daha vurğulamışdı ki, Əflan Ibrahimovun dedikləri absurddur. Namazovun sözlərinə görə, o, “EL” təşkilatından xaric edilib. Çünki onun hakimiyyətin agenti olduğu və onun əli ilə təxribat hazırlandığı haqda məlumat əldə olunmuşdu. Məhz bu səbəbdən də o, Milli Şuraya qəbul edilməyib.
Eldar Namazov dindirməyə gedərkən onu vəkilin müşayiət etməsinə ehtiyac durmadı. O, dörd saat dindirildikdən sonra axşam saatlarında sərbəst buraxılıb.
“Bəlli işlə bağlı araşdırma aparılır. Guya, Milli Şura, xüsusən də Eldar Namazov, Əli Kərimli Bakıda iğtişaşlar törətməyi planlaşdırır. Əlbəttə ki, bütün bunlar Əflanın uydurmasıdır. Ən əsası, bunun uydurma olduğu heç kimdə şübhə doğurmur. Bütün bunların məqsədi Milli Şuranın, ”EL” hərəkatının fəaliyyətinə, mübarizəsinə mane olmaqdır. Ancaq bu cür şər-böhtan, təzyiqlər bizi mübarizədən çəkindirə bilməz”, – deyə Eldar Namazov prokurorluqda dindirmədən sonra “Azadlıq”a açıqlamasında bildirib.
Qeyd edək ki, dindirmə başa çatmayıb. Eldar Namazov ifadənin davamı üçün bazar ertəsi də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə Istintaq Idarəsinə getməlidir.
Ramin