Fransa və İngiltərə Liviyada konkret hədəflərə hava zərbələri endirilməsini təklif etdi
Müəmmər Qəzzafi 42 illik diktatorluğuna qarşı çıxan xalqı qırmaqda davam edir. Ölkənin yarısından çoxuna nəzarət edən müxalifət təmsilçiləri hər gün Qəzzafiyə sadiq əsgərlərin hücumlarına məruz qalır. Diktatora bağlı hərbçilər və Afrika ölkələrindən gətirilmiş muzdlu əsgərlər üsyançıların nəzarətində olan şəhərləri ələ keçirmək üçün “ildırım sürətli hücum” planını həyata keçirir.
Zaviyyə şəhərində nəzarəti bərpa edən Qəzzafi əsgərləri Liviyanın ən böyük neft istehsal olunan liman şəhərindən biri Ras Lanufu da ələ keçirib. Xarici xəbər agentliklərinin yaydığı məlumata görə, Qəzzafi əsgərləri ilə əleyhdarları arasında qanlı döyüşlər gedib. Itkilər barədə dəqiq məlumat yoxdur. Liviya diktatoru ölkənin ikinci ən böyük şəhəri və müxalifətin mərkəzi olan Benqazini ələ keçirməyə hazırlaşması haqda xəbərlər yayılıb.
Oğul Qəzzafi də dünyaya meydan oxudu
Iki gün öncə Müəmmər Qəzzafinin oğlu Seyf Əl Islam Qəzzafi “Reuters” agentliyinə müsahibəsində müxalifəti çökdürmək üçün böyük bir hərbi hərəkata hazırlaşdıqlarını açıqlayıb. O, açıqlamasında müxalifətə müzakirə üçün verdikləri iki həftənin tamamlandığını xatırladıb və qurtuluş üçün hərəkətə keçmək zamanının gəldiyini söyləyib.
Ərəb dünyası da diktatordan üz döndərdi
Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləri Müəmmər Qəzzafinin legitimliyini tanımaqdan imtina ediblər. Fars Körfəzi Ölkələri Əməkdaşlıq Şurası Liviyadakı vəziyyətə dair bəyanat qəbul edib.
“Əl-Cəzirə” kanalının yaydığı məlumata görə, Ər-Riyadda imzalanan bəyanatda bildirilir ki, Şura üzvü olan ölkələr – Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Oman, Qatar və Birləşmiş Ərəb Əmirlikləri Müəmmər Qəzzafinin legitimliyini tanımaqdan imtina edir. Bu dövlətlər Liviya müxalifətinin formalaşdırdığı və Benqazi şəhərində fəaliyyət göstərən Milli Keçid Şurası ilə əlaqə yaratmağa hazır olduqlarını açıqlayıblar. Onlar Liviya səmalarında hərbi aviasiyanın uçuşuna qadağa qoyulması ideyasını dəstəklədiklərini də bildiriblər.
Təşkilat Liviya rejiminin mülki əhaliyə qarşı cinayətlərini pisləyərək Ərəb Dövlətləri Liqası və BMT Təhlükəsizlik Şurasını gecikmədən duruma müdaxilə etməyə çağırıb.
Sarkozi və Kameron hərbi müdaxilənin tərəfdarıdır
Dünən Fransa prezidenti Nikola Sarkozi bildirib ki, Fransa və Ingiltərə hökumətləri Liviyada konkret hədəflərə zərbələr endirməyin tərəfdarıdır. Avropa Birliyinin Liviyadakı hadisələrlə bağlı təcili toplantısında çıxış edən Sarkozi deyib ki, artıq Ingiltərənin baş naziri Devid Kameronla bu barədə razılıq əldə olunub. Liviyaya zərbələr, ancaq BMT Təhlükəsizlik Şurası, Ərəb Liqası və Liviya üsyançılarının razılığından sonra endirilə bilər.
İnformasiya şöbəsi