Kimyəvi maye niyə arxadan atılan suya çevrilir?!

Bəzən belə olur – nəyisə hətta bəs qədər başa düşürsən, ancaq başa düşdüyünü bilmirsən. Düşünürsən ki, mən bunu başa düşə bilmirəm. Hətta şüurlu şəkildə başa düşməkdən imtina edirsən. Məsələn, biri sual verir ki, axı necə olur, o boyda dəmir gəmi suda batmır və ya o boyda uçaq göyə qalxır? Izahını verirsən, “başa düşdüm e, ama yenə də mənə çatmır ki, necə olur gəmi suda batmır”,- deyir. Psixiatriyada bu halı çox vaxt xəstəlik kimi qeydə alırlar. Indi bizdə elə vəziyyət yaranıb ki, az qala hamıda bu xəstəlik özünü göstərir. Yəni yüzlərlə psixi xəstəlik kimi, bu da bizə analoqsuz hakimiyyətin bağışladığı hədiyyələrdən biridi.

Məsələn, mən indi heç cür başa düşə bilmirəm ki, Milli Şuranın ilk vahid namizədi Rüstəm Ibrahimbəyovun namizədliyini niyə qeydə almırlar? Halbuki onlarla cib müxalifəti namizədini seçkiyə soxuşdura bilir və onu qeydə də alırlar – həm də dəhşətli məzə ilə… Məsələn, Məstan pişik də bilir ki, Zahid Oruc Əliyevə altenativ olmağı heç yuxusunda belə görməyə cəsarət etməz, ancaq ona bu günə kimi ata yerində olan Fəzail Ağamalıya asi çıxır, seçkiyə gedir və ya gedizdirilir. Yaxud: seçki bir neçə gün irəli çəkilir, ödənişli efir vaxtı qeyri-rəsmi tapşırıqla ləğv edilir; seçki komissiyalarına şifahi tapşırıqlar gedir, hətta demokratik seçki keçirmək şərtilə hakimiyyətin namizədinin qalib olmasını təmin etmələrini tapşırırlar – yəni kəsmə, bölmə, paralama və hamıya çatdır, ancaq payı bir nəfər yesin; vətəndaşların pasportları yığılmağa başlanır; şəhərin mərkəzi küçə və meydanlarında mitinq keçirmək yasaq edilir; prezidentliyə namizədlərin dövlət tərəfindən maliyyə dəstəyi almasının ləğv edilməsi və nəhayət, Milli Şuranın ehtiyat vahid namizədi, artıq sadəcə vahid namizədi olan böyük alim, vicdanlı insan və müəllim, xalqın ürəyindən doğulmuş Cəmil Həsənlini dərhal izləməyə başlayırlar, ona sui-qəsd təşkil edirlər, üstünə kimyəvi maye tökürlər və s. 

Axı niyə?

Əlbəttə, səbəblər aydındı. Hər birinin öz cavabı var və bu cavablar yekunda belə cəmlənir: xalqdan səs ala bilməyəcəklərini bildiklərindəndir! 

Rüstəm Ibrahimbəyov dünya şöhrətli adamdı, seçilmək şansı böyükdü, dünyada belə şəxslərə hörmətlə yanaşırlar… deməli, sıradan çıxarılmalıdı. Cib müxalifətinin namizədləri və Zahid Oruc məsələsi – demokratik, çox alternativli seçki imitasiyası və ayrılmış efir vaxtının gerçək müxalifətdən olacaq namizəddən “qanuni əsaslarla” oğurlanmasıdır – zatən, bunlar artıq illərdir ki, bu sənətdə peşəkarlaşıblar, nəyi necə və harada oğurlayıb, “qanuniləşdirməyi” gözəlcə bacarırlar. 

Ödənişli efirin yoxluğu və namizədlərin maliyyələşməsi – birdən müxalifət hardansa pul tapıb efirdən od püskürər. Axı efirin verdiyi təbliğat-təşviqat imkanını heç nə əvəz edə bilməz. Əliyev onsuz da gecə-gündüz təbliğ edilir və onun dövlətin verdiyi maliyyə dəstəyinə ehtiyacı yoxdu, zira bütün dövlət onların cibindədi. Və sair və ilaxır səbəblər. 

Ancaq mənə yenə də çatmır. Bütün bunlar Əliyevin nəyinə lazımdı? Xalq yekdilliklə onu dəstəkləmirmi – axı onlar hamısı dil boğaza qoymadan belə deyirlər. O zaman bu mərəkələr nə üçün?

Özümü məcbur etsəm, bunları anladığımı söyləyə bilərəm. Ancaq Cəmil bəyə qarşı cənub zonasında heç bir nüfuzu olmayan Fərhad Əliyevdən söz qoparmağı, sui-qəsdi, başına kimyəvi maddə atılmasını heç cür başa düşə bilmərəm. Məgər onlar bilmirmi Cəmil Həsənli kimdi, hansı əqidənin, vicdanın, namusun, insanlığın, təmizliyin, ağlın-intellektin, şöhrətin yiyəsidi? Məgər onun üzünü yandırmaqla bunları onun əlindən almaq olarmı?

Bu iyrəncliklə nəyə nail olmaq mümkündü? Heç nəyə. Məgər bunları törədənlər də mənim kimi heç nə başa düşmürlər? Bəlkə bu, “qələbə” eyforiyasının içindəki dəhşətli məğlubiyyət fəlsəfəsinin təhtəlşüuri olaraq onlara diktəsidir? Axı, seçkini saxtalaşdırmaqla udmaq tarix qarşısında qələbə çalmaq demək deyil. Onlar yaxşı bilirlər ki, Tarixə və Zamana çoxdan uduzublar; bunu anlayırlar və tarixdən “qisas” almaq üçün Tarixçi alimin üstünə kimyəvi maye tökürlər. Nəticə nə olur? Tarix – Tarixçi aliminin başına tökülən kimyəvi mayeni onun arxasınca atılan suya çevirir…

Kaş, bunu da anlayaydılar…