Aynur Elgünəş
Gündən-günə böyüyən evlər, o evlərdə yaşayan cılız insanlar var bu ölkədə… Hər gün bir azca da cılızlaşır, həyatın nehrəsində çalxalana-çalxalana köpük adamlara çevrilir onlar.
Bir cibə sığacaq, ovucda gizlənəcək qədər xırda insanların yüksək iddiasının göstəricisidir yaşadıqları o villalar.
O evlərin həndəvərinə belə, yaxınlaşa bilməyən, hər gün balalarına bir parça çörək aparmaq üçün yayda günəşin altında qovrulan, qışın sazağından əlləri parça-parça olan insanlarsa daha çoxdu bu məmləkətdə.
Özlərini bədbəxt sayır onlar. Uşaqlarının nimdaş geyinməsində, kürü deyil, şor yeməsində görürlər bədbəxtliklərini.
Yox, bacım, yox, qardaşım, bu ölkədə daha bədbəxt, yazıq adamlar var. Pul gücünə danışır, insanları aşağılayır onlar. Çünki özləri aşağılana-aşağılana “böyüyüblər”, psixologiyalarına təsir edib yaşadıqları. Cibləri qalın, qarınları böyük olan bu adamların həyatı eyş-işrətdən ibarət olar. Başqasının xanımını belə, pulla ələ almağı özləri üçün ar bilməzlər. Amma heç düşünməzlər ki, onların da xanımını başqasının pulları geyindirir.
Bədbəxtliyin növü, cinsi var bu ölkədə…
– Haqsız olduğunu bilə-bilə haqsızlıq etməkdir bədbəxtlik. Dünən talon, bu gün səs oğurlamaqda günahlandırılmaq – Məzahir Pənahov olmaqdır;
– 15 il təhsil naziri işləmək, manqurt ordusu yaratmaq, Misir Mərdanov olmaqdı bədbəxtlik. Şagirdindən, xəstəsindən pul ummaq, vicdanını satmaqdı;
– Dəbdəbəli həyatdan qoparılıb həbsxanaya atılmaq yox, adamı o qaranlığa salanın ətəklərindən yapışmaq, baş əymək, tərəfini tutmaq – Fərhad Əliyev olmaqdı bədbəxtlik;
– Həbsxanada od püskürmək, çıxdıqdan sonra səni haqsız yerə cəzalandıranları müdafiə etmək, səni müdafiə edənlərə qarşı vuruşmaq – Eynulla Fətullayev olmaqdı bədbəxtlik;
– Şərə, böhtana yoldaş olmaq, seçkidən-seçkiyə ortaya çıxıb müxalif bildiyin insanları söymək, bunun müqabilində heç bələdiyyə seçkisini də qazana bilməməkdi – Hafiz Hacıyev olmaqdı bədbəxtlik;
– Haqqı deyib gənc yaşında həbsxanaya düşmək yox, sözə görə kimisə zindana atmaqdı;
– Sevişmək yox, sevişənə kamera tuşlamaqdı bədbəxtlik;
– Səkinə Qurbanova kimi ananın yox, “Kim nə desə, cavab vermə” deyənin övladı olmaqdı bədbəxtlik;
– Jurnalistlər üçün tikilmiş binadan mənzil almaq üçün iş yoldaşının başını yarmaq, illərlə söydüyün hakimiyyətə bir evə görə uzun-uzadı tərif yağdırmaq, növbəti mənzil üçün həyat yoldaşından boşanmaq, başqasının haqqı olan evə sahiblənməkdi bədbəxtlik;
– Qadın hesabına yaşamaq, qadın adıyla kişiləri aldadıb pul qoparmaqdı bədbəxtlik;
– Sevgisiz ailə quran qadınları aşağılayıb, ailə naminə bədənlərini ərlərinə satmaqda ittiham etmək, amma tanış olduğu hər kişinin qoynuna atılmaq, o kişilərə pul xərcləməkdi bədbəxtlik;
– Ikinci, üçüncü, lap beşinci dəfə ailə qurmaq, yaxud evdə qalmaq yox, o adamları ələ salmaqdı bədbəxtlik…
Bu mələkətdə sayı-hesabı yoxdu bədbəxtlərin. Bax, bacım, bax, qardaşım, özünə bir də bax. Əgər sən bunların heç biri deyilsənsə, deməli, bədbəxt də deyilsən!..