«Nikoil Bank» Rəfael Cəbrayılovu ittiham edir, o, deyilənlərin doğru olmadığını söyləyir
“Nikoil Bank” millət vəkili Rafael Cəbrayılovun evini və ofisini əlindən alacağını təsdiqləyib. Millət vəkili Rafael Cəbrayılov evinin və ofisinin “Nikoil Bank” tərəfindən əlindən alınacağı haqda xəbərə münasibət bildirərkən iddianın əsassız olduğu bildirsə də, qarşı tərəf məlumatı təsdiqləyib.
“Nikoil Bank”ın reklam şöbəsinin rəhbəri Rüstəm Babazadə Modern.az saytına bildirib ki, Rafael Cəbrayılov banka olan kredit borcunu vaxtında ödəmədiyindən bank tərəfindən məhkəməyə verilib.
Məhkəmə Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib. Iddia onunla əsaslandırılıb ki, bank deputatın bacısının həyat yoldaşı N.Bünyatova 795 min manat məbləğində kredit verib. Eyni zamanda kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədilə digər cavabdehlər Rauf, Elşən və Rafael Cəbrayılovlarla zaminlik müqaviləsi bağlanılıb. Lakin “ödəniş qrafiki”nin şərtlərinə əməl edilməyib, kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik yerinə yetirilməyib.
Rafael Cəbrayılov isə bu iddiaların əsassız olduğunu bildirib: “Bunlar tamamilə əsassız iddialardır. Bunun mənə heç bir aidiyyəti yoxdur. Mən dəfələrə bu barədə məlumat vermişəm. Bu məsələyə yenidən qayıdıb açıqlama vermək hesab edirəm ki, lüzumsuzdur”,- deyə R.Cəbrayılov vurğulayıb.
Deputat qardaşlarının bizneslə məşğul olduğunu deyərək bank ödənişlərinin verilməsində gecikmələrin olmadığını deyib: “Bu hadisə noyabr ayında olmuşdu. Mənim qardaşlarım böyük bizneslə məşğuldurlar. Onların tikdiyi layihənin yüz milyona yaxın qiyməti var. Yüz milyona yaxın işdə milyon yarım borcun olması normal hal deyil?
Bu məsələni heç kim boş niyyətlə eləmir. Bu biznesin başında oturan mənim iki qardaşımdır. Mən varam deyənə bu insanlar bizneslə məşğul olmamalıdırlar? Bankdan normal qaydada kredit götürüblər. Qərəzli məlumatı yayanlar kimdirlərsə xoş niyyətlə eləmirlər.
Mənim iki qardaşım təxminən 40 yaşları olan insanlardır. Onların bizneslərinin 100 milyona yaxın dəyəri var. Bu məbləğin içində 824 min nədir ki? Bunun mənə nə aidiyyatı var”.
Məlumat üçün deyək ki, “Nikoil Bank” iş adamları Vahid Ələkbərovla, Isgəndər Xəlilova məxsusdur.
Əli Mirhəşimli