«Siyavuş Novruzov hakimiyyətin «ləkəatma» komandasına daxildir»
1994-cü ildən 1999-cu ilə kimi Türkiyənin Bakıdakı səfirliyində mətbuat attaşesi vəzifəsində çalışmış Turqut Ər son günlər yenə də hakimiyyətin hədəfindədir. Turqut Ər hər zaman Azərbaycandakı mövcud hakimiyyəti kəskin tənqid edib və öz fikirlərini kitablarında faktlarla sübut edib.
Bir neçə gündür “Yeni Azərbaycan” qəzeti Turqut Ər haqqında tənqidi yazılar dərc edir. Qəzetin ötən günkü sayında YAP icra katibinin müavini Siyavuş Novruzov Turqut Əri Azərbaycanda çevriliş etməkdə, müxtəlif dairələrdən pul almaqda ittiham edib. Daha sonra Siyavuş Novruzov bildirib: “Onun adı Turqut Ər yox, ”AR”dır Onun nə vətən, nə millət, nə də türkçülük anlayışı var”.
Turqut Ər Siyavuş Novruzova cavabında bildirdi ki, mənim keçmişim, həyat tarixçəm hamıya məlumdur və mən Siyavuş Novruzov səviyyəsində olan insanlara özümü yenidən tanıtmaq ehtiyacı duymuram: “Siyavuş Novruzov hakimiyyətin ”ləkəatma” komandasına daxildir və bunun kimi adamlar ləyaqətli insanları hədəf almaq üçün təlimatlandırılır. Bizlərdə belə adamlara “qapı qulları” deyirlər. Mən 50 ildir ermənilərlə mübarizə aparmış adamam. Siyavuş Novruzov və onun lideri Heydər Əliyev isə bir gün də olsun ermənilərin əleyhinə mübarizə aparmayıblar. Siyavuş Novruzov kimilər haram pullarla bahalı evlər, maşınlar alır. Mən isə dövlətimin verdiyi təqaüdlə dolanıram. Araşdırma aparılsın və aydın görünsün ki, kim xarici dairələrdən pul alır, kim oğrudur, kim dürüstdür. Dövlət çevrilişinə gəlincə, təkrar deyirəm ki, Azərbaycanda dövlət çevrilişi şousunu Heydər Əliyev ortaya atmışdı. Bunun nəticəsində isə Rövşən Cavadovu aradan götürdülər. Onun komandası isə həbsə atıldı. Onlar həbsdən çıxanda Siyavuş Novruzov gizlənməyə yer axtaracaq. Türmələrə atılmış vicdanlı insanlar öz sözünü mütləq deyəcək. Bu hakimiyyətdəkilərin isə kimliyinə mən yaxşı bələdəm. Mən Ər oğlu Ərəm”
Turqut Ər onu da bildirdi ki, Türkiyə mətbuatı və telkanalları Milli Şuraya hər cür kömək edə bilər: “Milli Şura sürətlə Türkiyə mediası ilə əlaqəyə girməlidir. Çünki Türkiyə mətbuatında Azərbaycanla bağlı biganəlik var. Bu biganəliyi dəf etmək lazımdır və Azərbaycandakı demokratik mücadiləni dünyaya çatdırmaq lazımdır. Türkiyədə kifayət qədər mətbuat var ki, Azərbaycandakı mübarizə insanlarına simpatiya bəsləyirlər. Mən özüm də bu istiqamətdə iş aparıram və Milli Şuraya əlimdən gələn qədər imformasiya dəstəyi verməyə çalışacam. Milli Şura öz ünvanlarını, əlaqə nömrələrini yaymalıdır ki, Türkitə mətbuatı onlarla əlaqə saxlasın. Mən inanıram ki, Milli Şura qalib gələcək”.
Ilham Hüseyn