Prezidentin zövqünə görə döşənən şəhər

Içərişəhər Ilham Əliyevin bəyəndiyi süni daşlarla bəzənir 

Içərişəhərin Hərb və Ilyas Əfəndiyev küçələrində bütün kommunikasiya xətləri kəsilib. Yer altından gedən rabitə, su, işıq, qaz, kanalizasiya xətləri dağıdılıb. Hərb küçəsində bu işləri ARDNŞ görsə də, Ilyas Əfəndiyev küçəsində bu işi “Qaya” RTK şirkəti aparır. 

Təmir işi Macarıstanın ölkəmizdəki səfirliyinin qarşısında aparılır. Səfirin yolu keçməsi üçün nazik bir cığır qoyulub. Burada işləyən fəhlə deyir ki, bütün kommunikasiya xətləri təzələnir. “Burada ancaq əllə iş görülür, texnikanın gətirilməsinə icazə verilmir. 10-15 günə bərpa qurtaracaq. Buranı qurtarıb, başqa yerlərin təmirinə keçəcəyik. Amma iki il bu işlər gedəcək”. 

Usta deyir ki, qazdıqları yerdən şirin su quyuları da çıxıb. Amma kanalizasiya suları şirin suya qarışdığına görə onun üstü bağlanıb. “Kanalizasiyanın haradan keçib suya qarışdığı bilinmir”. 

Ilyas Əfəndiyev küçəsindəki təmirin iş icraçısı Mətləb Hümbətov “Azadlıq”a deyir ki, buradakı bütün kommunikasiya xətləri 60-70 il bundan əvvəl çəkilib. “Qazırsan, elə bir boru çıxır, heç kim bilmir ki, bu xətt hara gedir. Məcbur olursan ki, onu mənbəyinə kimi qazıb gedəsən. Indi əlimizdə layihə var, amma buranın əvvəlki layihəsi yoxdur”. 

M.Hümbətov deyir ki, Sabir küçəsini qazanda oradan şirin su quyusu çıxıb. Quyunun üstünə şüşə vurub, tarixi olduğu yazılıb. Iş icraçısı deyir ki, vaxtilə Içərişəhər əhalisinin 90 faizi bu su quyularından içsələr də, indi tapdıqlarını istifadəyə verə bilməzlər. O, bunu quyuların avtomobil yoluna düşməsi ilə bağlayır. 

Iş icraçısı deyir ki, 200 kvadrat metrlik yerin təmiri 10 sentyabra qədər bitməlidir. Həmin yerdən 50 metr uzaqlıqda Tahir Salahovun ev muzeyi yerləşir. M.Hümbətov deyir ki, həmin vaxt rəssam T.Salahovun ev muzeyinə gəlib-gedənlər çox olacaq deyə kommunikasiya xəttin tez çəkib, üstünü örtəcəklər. Torpağın üstü isə prezident Ilham Əliyevin bəyənib seçdiyi daşlarla örtüləcək. “Biz bu daşlara ”buruçatka” deyirik. Bu, prezidentin özünün bəyəndiyi daşlardır, qəmbər daşlara oxşayır. Kiçik Qala küçəsində nümunə üçün daşlar vurulub, prezident baxıb, bunu bəyənib”. 

Tarix, Mədəni və Təbii Irsi Qoruma Şəbəkəsinin koordinatoru Aytəkin Imranova “Azadlıq”aÿdeyir ki, Içərişəhərdə görülən işlər bərpa deyil, pul yumaq üçün vasitədir. “Kommunikasiya xətləri çoxdan qalıb, dəyişilməlidir. Amma bu necə dəyişdirilir? Bu iş iki ildir aparılır, amma yekunlaşmır. Ayrılan vəsaiti tez dövriyyədən çıxarmaq üçün qeyri-peşəkar iş görülür. ”Four sesasons” hoteli tikiləndə orada şəhərdən Xəzərə gedən kommunikasiya xətlərinin hamısı kəsildi. Bütün sular hamısı o boşluğa tökülürdü, ona görə də sement tökürdülər su çıxırdı. Bu, qəza vəziyyəti yaradırdı. 2006-cı ildən 2009-cu ilə qədər Içərişəhər sərasər qazıldı. Içərişəhərdə əvvəllər hər məhlədə kəhriz olub, onların üstünü örtdülər. O sular hara axır, bilinmir. Bunun fəsadı sonralar bilinəcək”. 

A.Imranova binalarda bərkitmə işləri aparmadan hər dörd tərəfində qazıntı aparıldığını deyir. Kommunikasiya xəttlərinin xəritəsi olsa da buna baxılmadığını vurğulayır. O, Içərişəhərin prezidentin zövqünə görə döşənməsinə də etiraz edir. “Şəhər kiminsə zövqünə, fantaziyasına görə qurulmamalıdır. Bu, tarixi məkandır. Orada qəmbər daşlar olub, amma indiki qoyulan daşlar sünidir. Bunun yerlə-göy qədər fərqi var. Bərpa işləri təmir işlərindən qat-qat baha başa gəlir. Bərpa adı ilə oraları kortəbii qazıb məbləğləri silməyə ehtiyac yoxdur”. 

Sevinc Vaqifqızı