«Hakimiyyət ciddi bir rəqiblə üz-üzə olduğunu bildiyindən təlaş keçirir»
Həsən Kərimov: «Bu hakimiyyətin reytinqini müəyyən etsək, mənə elə gəlir ki, cəmiyyətdə 0.5 faiz səs belə bunlara çox gələr»
Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm Ibrahimbəyovun namizədliyi MSK tərəfindən qeydiyyata alınmadıqdan sonra diqqətlər təşkilatın ehtiyat vahid namizədi, professor Cəmil Həsənlinin üzərinə yönəlib. Artıq Milli Şuraya daxil olan təşkilatlar C.Həsənlinin imzatoplama kampaniyasını qısa müddətdə başa vurmağa hazır olduqlarını bəyan ediblər. Bu istiqamətdə son durumun necə olduğunu dəqiqləşdirmək üçün AXCP Ali Məclisinin sədri, Cəmil Həsənlinin Seçki Qərargahının həmsədri Həsən Kərimova müraciət etdik. Söhbətimizin gedişində H.Kərimovdan ölkədə baş verən və gündəmdə olan digər məsələlərlə də bağlı mövqe öyrəndik.
– AXCP olaraq imzaların hamısını yığmağa hazırıq. Amma Seçki Qərargahında belə qərara gəldik AXCP və Müsavat Partiyası birlikdə 42 min imza toplayacaq. Hər partiyanın boynuna 21 min imza düşəcək. Yerdə qalan 3 min imzanı isə gənclər təşkilatı və digər siyasi qrumlar toplayacaq. Artıq prosesə start verilib. Hansı rayon şöbələrinin imzatoplama kampaniyasına cəlb olunacağı müəyyənləşdirilib. Artıq AXCP-dən regionlara səfər edəcək səlahiyyətli nümayəndələrin siyahısı hazırlanıb. Imza qruplarına da artıq treninq keçirilib. Imza qruplarının üzvlərinə imzatoplama kampaniyasının necə keçiriləcəyi və digər prosedur qaydalar izah edilib, yaddaşlar hazırlanıb. Qarşımızda əsas məqsəd kimi Cəmil Həsənlinin imzatoplama kampaniyasını uğurla başa çatdırmaq durur. Hazırda AXCP bütün rayon şöbələrinin diqqəti imzatoplama kampaniyasına, Cəmil Həsənli qeydə alındıqdan sonra seçki komissiyalarına nümayəndələrin verilməsinə yönəlib. Bu proses artıq gedir. Rayon şöbələrindən aldığımız məlumata görə, artıq komissiya üzvləri, müşahidəçilərin siyahısı hazırlanıb. Yaxın zamanlarda bu siyahılar DSK-lara təqdim olunacaq. Partiyanın hər rayon şöbəsindən imzatoplama kampaniyasına 30 nəfər cəlb edilib.
– Hakimiyyət ilk gündən Cəmil Həsənliyə qarşı kampaniya başladıb. Yürüdülən təbliğatın gedişindən açıq görünür ki, hakimiyyət Milli Şuranın son qərarından ciddi təlaş keçirir?
– Hakimiyyət Rüstəm Ibrahimbəyovun namizədliyinin qeydə alınmaması üçün müxtəlif bəhanələr gətirdi. Hakimiyyət düşünürdü ki, Milli Şuranın vahid namizədinə problem yaranandan sonra təşkilatı seçkidən kənarda saxlaya biləcək. Amma Milli Şura geniş müzakirələrdən sonra özündə yeni bir namizəd irəli sürməyə güc tapdı. Hakimiyyət gözəl bilir ki, Azərbaycanın siyasi elitasında, cəmiyyətində Cəmil Həsənli böyük nüfuz sahibidir. Hakimiyyətin Cəmil bəyə atdığı heç bir çirkab yapışmayacaqdır. Ona görə bu hakimiyyətin təlaşı başadüşüləndir. Bu hakimiyyət ciddi bir rəqib, müxalifətin alternativi ilə üz-üzədir. Ona görə ciddi təlaş keçirir. Milli Şuranın namizədi Cəmil Həsənli bu hakimiyyətin istənilən namizədinə yüksək səs faizi ilə qalib gəlməyə qadirdir. Bu realıqları bildiyindən iqtidar narahatlıq içərisindədir.
“Regionlarda görüşlərə böyük diqqət ayıracağıq”
– Bir müddət əvvəl regionlarda şəxsi evlərdə iclasların keçirilməsinə dözə bilməyən hakimiyyət seçki kampaniyası dövründə əyalətlərdə iri meydanlarda təşkil edilməli mitinqləri necə həzm edəcək. Hakimiyyətin təxribatlarına qarşı hansı addımların atılması nəzərdə tutulub?
– Bu istiqamətdə AXCP və Müsavat olaraq artıq fəaliyyətə başlamışıq. Biz hansı rayonlarda geniş mitinqlərin keçirilə biləcəyi, hansı qapalı məkanlarda görüşlərin təşkil edilə biləcəyi ilə bağlı təkliflərimizi hazırlayırıq. Biz 3-4 rayonu birləşdirərək, ərazi üzrə mitinqlər də keçirməyə hazırlaşırıq. Təbliğat kampaniyası olduqca qısa müddəti əhatə edir. Seçki qanunvericiliyinin mürtəceləşdirilməsi nəticəsində təbliğata cəmi 21 gün ayrılıb. Ona görə qısa müddət ərzində bütün rayonları əhatə etmək mümkün deyil. Seçki qanununa uyğun olaraq Cəmil həsənlinin 125 səlahiyyətli nümayəndəsi, eyni zamanda 50 vəkili olacaq. Bundan başqa, partiya sədrləri, funksionerləri də görüşlərə qatılacaq. AXCP-nin regionlarda indiyə qədər keçirdiyi müşavirələri hakimiyyət qəbul etmək istəmirdi. Polis zoruna evlərdə keçirilən görüşlər belə dağıdılır, fəallar həbs olunurdu. Hakimiyyət başa düşməlidir ki, qarşıdan seçki kampaniyası gəlir. Iqtidar özündə siyasi iradə, cəsarət tapmalı, rəqiblərinə qarşı ləyaqətlə, qanunun tələblərinə uyğun olaraq mübarizə aparmalıdır. Əgər müxalifətin regionlarda seçicilərlə görüşmək imkanı yaradılmayacaqsa, onda əminliklə söyləmək olar ki, hakimiyyətin azad və ədalətli seçki keçirmək, rəqiblərinə bərabər şərait yaratmaq fikri yoxdur. Bu seçkinin də bəri başdan saxtalaşdırılacağını söyləmək olar.
– İlham Əliyevin şanslarını necə dəyərləndirmək olar? Hazırda cəmiyyətdə hakimiyyətdən narazılığın pik həddində olduğu, bir müddət əvvəl baş vermiş təbii fəlakətlərdən sonra ziyan çəkən əhalinin problemlərinin hələ də həll olunmaması şəraitində hakimiyyət yenə də bəyan edir ki, xalq onları dəstəkləyir…
– Artıq yalan danışmaq bu hakimiyyətin xislətinə çevrilib. Bu hakimiyyət başqa cür təbliğat apara da bilməz. Axı hakimiyyət necə deyə bilər ki, Ilham Əliyevin dövründə 48 milyard dollar offşor zonalara keçirilib. Dövlət başçısının və ailəsinin adına xaricdə təmtəraqlı vilalar alınıb. Ilham Əliyevin dövründə xalqın səfalətə uğradığını, dilənçi kökünə salındığını necə bəyan etmək olar? Eyni zamanda bu hakimiyyətin dövründə böyük korrupsiya əməlləri həyata keçirilib. Bütün bu problemlərin fonunda cəmiyyəti illərdir narahat edən məsələlər də həllini tapmayıb. Ona görə bu hakimiyyət, YAP özündə cəsarət taparaq Ilham Əliyevin namizədliyini irəli sürməməliydi. Son on ildə Azərbaycanın üzləşdiyi problemlərin ən böyük səbəbkarı bu komanda və onun namizədi Ilham Əliyevdir. Belə bir komandanın yenidən namizəd irəli sürməsi, hakimiyyətin namizədinin şansının qiymətləndirilməsi cəmiyyətdə gülüş doğurur. Nəyə görə belə iddialı partiyanın təmsilçiləri sədrləri üçün imza yığmadılar, görüşlər keçirmədilər. 2008-ci il seçkilərində Ilham Əliyev nəinki seçicilərin qarşısına, hətta efirə belə çıxmadı. Ona görə bu adamların öz namizədlərinin şanslarını dəyərləndirməsi absurddur. Bu gün nəinki müxalifətin geniş koalisiyası olan Milli Şuranın namizədi, istənilən partiyanın funksioneri Ilham Əliyevə azad və ədalətli seçkilərdə qalib gəlmək iqtidarındadır.
“Müxalifətin efirə çıxmasından təlaş keçirirlər”
– İlham Əliyevin regionlara səfərləri zamanı geniş xalq kütləsinin qarşısına çıxmaması, görüşlərində yalnız 20-25 nəfərin iştirak etməsi nədən xəbər verir. Hakimiyyət nədən ehtiyatlanır?
– Azərbaycanın bütün rayonları sosial partlayış həddindədir. Əyalətlərdə yüzlərlə şikayətçi var və onlar Ilham Əliyevlə görüşmək istəyirlər. Ilham Əliyev rayona səfər edən zaman həmin adamların qapısının qarşısına polis qoyulur. Hətta rayondakı potiensial şikayətçilər avtobuslara doldurularaq rayondan çıxarılır. Bütün bunlar reallıqdır. Əvəzində isə hakimiyyət Bakıdan öyrədilmiş insanları avtobuslara yığaraq rayonlardakı görüşlərə apararaq Ilham Əliyevə həmin rayonun sakini kimi təqdim edir. Ilham Əliyevin xalqla görüşməyə üzü yoxdur. Ona görə hakimiyyət bu istiqamətdə özünün ştatlı kadrlarından istifadə edir.
– Hakimiyyət, bundan başqa, prezidentliyə namizədlərə veriləcək efir vaxtını da mümkün qədər qısaltmağa çalışır. Elə xeyli sayda namizədin seçkiyə qatılması da bu məqsədi daşıyır. Bundan başqa, özəl telekanallardan hələ heç biri ödənişli efir vaxtına yer ayırmaqdan ötrü müraciət etməyib?
– Əslində xeyli sayda namizədin qeydə alınması təsadüfi deyil. Həmin namizədlərin əksəriyyəti hakimiyyətin sifarişi ilə bu addımları atırlar. Məqsəd müxalifətin efir vaxtını məhdudlaşdırmağa yönəlib. Hətta özəl kanallarda ödənişli efir vaxtına imkan yaradılarsa belə ona elə qiymətlər qoyulacaq ki, müxalifətin heç bir dəqiqə çıxış etmək imkanı olmayacaq. Bütün bu addımlar müxalifətin hakimiyyətin iç üzünü açmasının qarşısını almağa yönəlib. Hakimiyyət müxalifətin telekanallardan istifadə imkanlarının qarşısını almağa çalışır. Bu isə hakimiyyətin cılızlığını göstərir.
– Seçki ilə bağlı ciddi narahtlıqdan biri də seçki komissiyaların tərkibi ilə bağlıdır. Bu istiqamətdə problemləri beynəlxalq təşkilatlar qarşısında qaldıracaqsınızmı? Bundan başqa, seçki günü ölkədə müstəqil “exit-poll”un keçirilməsi üçün müraciətlər olacaqmı?
– Müəyyən beynəlxalq təşkilatlar var ki, onlar bu hakimiyyətlə ciddi əlaqələr qurublar və hakimiyyət çalışacaq ki, seçkiyə ənənəvi olaraq postsovet məkanından çağırılmış müşahidəçilərin hesabına rəy verilsin. Türkiyədən ənənəvi olaraq Mərmərə qrupunun müşahidəçilərinin çağırılması nəzərdə tutulub. Hakimiyyət bu qrupların köməyi ilə seçki başa çatmamış günortadan seçkinin nəticələrini elan etmək istəyir. Amma demokratik qüvvələr heç də bununla razılaşmaq fikrində deyil. Biz beynəlxalq təşkilatlar, Avropa Birliyi və ATƏT qarşısında məsələ qaldıracağıq ki, bu hakimiyyətə xidmət edən beynəlxalq təşkilatlar seçkinin müşahidəsindən kənarda qalsınlar. Hazırkı acı reallıq “kürü diplomatiyası”nın nəticəsidir. Azərbaycan hakimiyyəti kifayət qədər təşkilatları ələ ala bilib. Biz ona görə çalışacağıq ki, bu hakimiyyətlə əlaqəli olan təşkilatların iqtidarın ssenarisini həyata keçirməsinə imkan verməyək.
“Ziyalıların dəstəyindən seçki kampaniyasında istifadə ediləcək”
– Hakimiyyət bir müddət əvvəl belə bəyanatlarla çıxış edirdi ki, müxalifətin seçkilərdə heç bir şansı yoxdur və cəmiyyətin yalnız 4 faizi müxalifəti dəstəkləyir. Siz, iqtidarın seçkilərdə səs alma faizini necə qiymətləndirərdiniz?
– Hakimiyyət nümayəndələrindən bundan artıq bəyanat gözləməyə dəyməz. Hansı sosioloji sorğuya əsasən belə rəqəm elan olunur. Əgər bu hakimiyyət müxalifətin reytinqini müəyyən etmək istəyirsə, o zaman aksiyaların keçirilməsinə icazə versin, normal seçki keçirsin ki, siyasi qüvvələrin gücü bilinsin. Bu, hakimiyyətin ictimai rəyi aldatmaq cəhdidir. Bu hakimiyyətin xislətində saxtakarlıq və yalançılıq var. Bu hakimiyyətin reytinqini müəyyən etsək, mənə elə gəlir ki, cəmiyyətdə 0.5 faiz səs belə bunlara çox gələr. Büdcə təşkilatlarında çalışanları seçkiyə getməyə, onları dəstəkləməyə məcbur etsələr də bu insanlar artıq hakimiyyətdən boğaza yığıldıqlarını etiraf edirlər. Sizi əmin edirəm ki, yaranmış duruma görə qarşıdan gələn seçkidə Prezident Administrasiyasının işçiləri, icra hakimiyyətində çalışanlar, polislərin əksəriyyəti müxalifətin namizədinə səs verəcək.
– Cəmil Həsənlinin namizədliyi cəmiyyətdə böyük rəğbətlə qarşılandı. Kənardan da xeyli ziyalı Cəmil Həsənliyə dəstək verir. Seçki kampaniyasının gedişində bu resursdan istifadə edəcəksinizmi?
– Cəmil Həsənli bütövlükdə demokratik düşərgənin namizədidir və onun cəmiyyətdə böyük nüfuzu var. Cəmil bəy Azərbaycanı dünyada layiqincə təmsil edə biləcək ziyalılarımızdan biridir. Azərbaycan cəmiyyətində qəbul olunan kifayət qədər ziyalı Cəmil Həsənlini dəstəkləyir. Həmin ziyalılar Cəmil bəyin səlahiyyətli nümayəndəsi, vəkili kimi təqdim olunacaq. Seçki kampaniyasındakı teleçıxışlarda da həmin ziyalılar cəmiyyətə müraciət edəcəklər.
Xəyal