Avqustun 28-i axşam saatlarında Bakının Fəvvarələr Meydanında ( “Torqovı”) 35 nəfərə yaxın ictimai fəal “Azad seçki” gəzintisi təşkil edib. Üzərində “Azad seçki” yazılmış köynəklər geyinən fəallar qarşıdan gələn prezident seçkisinin azad və ədalətli olması tələbinə diqqət çəkiblər. Aksiyanı “Azad seçki -2013” İctimai Dəstək Qrupu təşkil edib. Qrupa 10-dan çox QHT daxildir.
Virtualaz.org saytı aksiya iştirakçılarının saxlandığı xəbərini yayıb. Aksiyanın iştirakçısı və təşkilatçılarından biri Anar Məmmədli isə “azadliq.info”ya deyib ki, saxlanılanların olduğu barədə məlumat doğru deyil. “Aksiyamız təxminən 45 dəqiqə çəkdi. Flaşmob tipli aksiya idi. Polis bizi müşaiyət edirdi. Lakin heç kimi saxlamadı. Aksiyamızı dinc şəkildə başa vurduq”, deyə A.Məmmədli qeyd edib.