Siyasətə sistemli baxış olmayanda o, həvəsəkarların məşğuliyyətinə çevrilir. Sistemli baxış bütün amillərin nəzərə alınması deməkdir və bir çox hallarda o, siyasi uğur üçün vəsiqə olur.
Siyasətçi üçün uğur isə ictimailəşmədən başlayır. Buna bəzən ümummilli miqyaslı siyasət də deyirlər. Ictimailəşmə mərhələsini keçməyən siyasətçi ümummili miqyasda, ölkə miqyasında uğur əldə edə bilməz.
Indiki halda, sosial şəbəkələrin geniş vüsət aldığı, elektron medianın ən ucqarlara yol tapdığı bir vaxtda ictimailəşmə üçün tələb olunan minimal vaxt xeyli qısalıb. Amma bu vaxtın tamam götürüldüyünü demək düzgün olmazdı.
Sonuncu dəfə mən belə bir fenomeni Rusiyada – A.Navalnının nümunəsində müşahidə etmişəm. Bloqçu, ictimai fəal A.Navalnı çox tez bir zamanda ictimailəşmə mərhələsini keçdi.
Indi isə gəlirəm əsas mətləbin üstünə. Bütün bunları mən niyə görə deyirəm? Təxminən on dörd gündən sonra ölkədə prezidentliyə namizədlərin qeydə alınması üçün ayrılan vaxt bitəcək. Bu, o qədər də böyük vaxt deyil. Hətta azdır.
Ona görə də sual yaranır. Milli Şuranın ehtiyat namizədi təxminən bir ay on dörd gün ərzində ictimailəşmə mərhələsini keçə biləcəkmi?
“Hə” deməyə tərəddüd edirəm. Xüsusən də nəzərə alanda ki, bizim namizədlərin elektron medianın xidmətlərindən istifadə etmək imkanı çox azdır.
Namizədlərə ayrılan pulsuz vaxta gəldikdə isə o, çox məhduddur və belə məhdud vaxt müxtəlif vasitələrlə hakimiyyət tərəfindən faktiki olaraq heçə endiriləcək.
Belə olan təqdirdə ehtiyat namizədin qələbəsindən danışmaq, ümumiyyətlə, mümkün olacaqmı? Güman etmirəm. Hakimiyyətin “ənənəvi müxalifət” adlandırdığı və ehtiyat etdiyi siyasi qüvvənin liderlərinin üstünlüyü nədədir?
Onların tanınması, ictimailişməsi üçün əlavə vaxta ehtiyac yoxdur, onları hamı tanıyır. Ona görə də bir daha israr edirəm ki, vahid namizəd kimi I.Qəmbərin və yaxud Ə.Kərimlinin namizədliyinin irəli sürülməsi daha məqsədəuyğun idi.
Amma bu detalı heç kim, hətta onların özü belə nəzərə almadı.
Efir böyük gücdür. Amma o, indiki vaxtda çox məhduddur. Həm də biz efirin “öldürücü siyasi tənqid”inin də şahidi olmuşuq.
Bu, 1998-ci ilin prezident seçkisi vaxtı olmuşdu. Bəli, namizədlərdən biri çıxışlarına hətta “qara siyasi texnologiya”nın elementlərini də qatmaqdan çəkinməmişdi.
Amma nəticəsi nə oldu? Bu yol ona uğur gətirdimi? Əsla. Indi həmin namizədi hətta xatırlamırlar.
Ona görə də indidən fikirləşmək lazımdır ki, Milli Şuranın namizədi nə deməlidir, necə davranmalıdır ki, diqqəti cəlb etsin? Bu adam iki dəfə millət vəkili olub. Amma parlamentə keçirilən seçkilərin vəziyyəti və parlamentin şəffaflığı hamımıza məlumdur. Ona görə də ağıllı bir şey fikirləşmək faktiki olaraq qeyri-mümkündür.
Belə bir təsəvvür yarana bilər ki, biz yalnız müxalifət düşərgəsini təşlil edirik. Amma belə deyil. Məsələ bundadır ki, hər şey hakim siyasi partiyanın əlində cəmləşib.
Bizim bu hakim düşərgə ilə bağlı apardığımız təhlillər faktların sadalanması ola bilərdi. Üstəlik, hətta indiki şəraitdə – müxalifətin seçkiyə namizəd kimi ictimailəşməmiş siyasi fiqurları göndərdiyi bir vəziyyətdə belə inanmırıq ki, bu hakimiyyət demokratik seçki keçirsin.
Hətta bu vəziyətdə buna inanmımız yoxdur. Bəlkə də azad və ədalətli seçki keçirilsəydi hətta indiki müxalifət namizədi ilə belə müəyyən effektə nail ola bilərdik. Amma azad seçki keçiriləcəkmi? Məsələ də elə bundadır.
Belə fikirlər var ki, azad seçki keçirilsəydi C.Həsənli bəlkə də I.Əliyevə qalib gələ bilərdi. Bu fikri tam təsdiqləməsək də Müsavatın və AXCP-nin dəstəyinə imkan veriləcəyi təqdirdə bunu tamamilə inkar da etmirik, çünki C.Həsənlinin tərəfindəki siyasi güc də yetərlidir, o, böyük bir müxalifət qurumunu təmsil edir.
Ona görə də azad seçki keçiriləcəyi təqdirdə seçkini təkbaşına olmasa da birgə udmaq olardı və bu halda təkcə C.Həsənli deyil, bütün Milli Şura qalib olacaqdı.
Ona görə də çox operativ işləmək lazımdır. Məhdud olsa da hər halda Milli Şuranın bütün imkanları səfərbər edilməlidir. Bəlkə bu halda heç olmasa bizim mənəvi cəhətdən qalib gəlmək imkanlarımız artardı.
Belə deyim var ki, hər bir günü elə yaşamaq lazımdır ki, sanki bu, sənin sonuncu günündür. Siyasətçi də hər bir seçkidə elə çalışmalıdır ki, sanki bu, onun sonuncu seçkisidir.