Turqut Ərdən “Yeni Azərbaycan”a tutarlı cavab

«Haqqımda deyilənlər qul təfəkkürlü insanların fantaziyasıdır»

1994-cü ildən 1999-cu ilə kimi Türkiyənin Bakıdakı səfirliyində mətbuat attaşesi vəzifəsində çalışmış Turqut Ər  “Azadlıqdan Tiranlığa” adlı məhşur kitabı yazdıqdan sonra hakimiyyətin bir nömrəli düşməninə çevrildi. Çünki həmin kitabda Heydər Əliyevlə bağlı ilginc faktlar yer alır. 

Bir neçə gün öncə Turqut Ərin “Azadlıq” qəzetini verdiyi müsahibə hakimiyyəti yenidən qəzəbləndirib. “Yeni Azərbaycan” qəzeti bu müsahibəyə istinad edərək Turqut Ər haqqında kəskin ittihamlarla dolu məqalə dərc edib. Məqalə müəllifi yazır: “90-cı illərdə Azərbaycanda öz çirkin niyyətinə çata bilməyən Turqut Ər antiAzərbaycançı qüvvələrin sifarişi əsasında Azərbaycana qarşı məkrli planlar həyata keçirməyə çalışır. Onun məqsədi hər zaman Azərbaycanda dövlət çevrilişi etmək olub. O, dostu Ziya Aydınla Azərbaycanın sərvətlərini qamarlamaq istəyi ilə min bir planlar qurub. Bu adam 1995-ci ildə Azərbaycandakı dövlət çevrilişinə cəhddə Fərman Dəmirqolla birlikdə iştirak edib. Turqut Ər erməni diasporunun maddi yardımı ilə Azərbaycana şər-böhtan atır. Bu gün Milli Şura üzvləri ona maliyyə yardımı göstərdiyi üçün, bu adam həmin qurumu tərifləməyə başlayıb”.

Turqut Ər haqqında deyilənlərə “Azadlıq” vasitəsilə cavab verdi.

Əgər “Yeni Azərbaycan” qəzeti…

“Əgər ”Yeni Azərbaycan” qəzeti dürüst, şərəfli bir mətbuatçılıq edirsə, getsin dünyaya səpələnmiş, səfil vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarından yazsın. Əgər vicdanları varsa, Bakının kəndlərindəki səfaləti yazsınlar. Əgər onlar gerçəkdən vətənpərvər qəzetçidilərsə, Azərbaycandakı despotizmi, hüquqsuzluğu, rüşvətxorluğu yazsınlar. Əgər onlar dürüst mətbuatçıdılarsa, bu hakimiyyətin öz əli ilə təhvil verdiyi 6 rayon haqqında yazsınlar. Onlar heydər Əliyevin sülaləsi haqqında təriflər yazmaqdansa, vətəndaşına vətənpərvərlik aşılasınlar. Bunlar sadəcə qapı quludur.

Əliyev hakimiyyəti xalqa xidmət etməyi “çirkin plan” adlandırır

“Mənim çirkin planlarım nədə əks olunub? Çirkin plan demokratiya istəməkdirmi, Azərbaycandakı insanların aclıqdan xilas olmasını istəməkdirmi, Azərbaycanda dövlət terroru törədənlərə ”bunu etməyin” deməkdirmi? Görünür, bu hakimiyyət üçün xalqın xeyrinə olan istənilən tələb, xalqa xidmət çirkin plan adlanır. Mənim bir planım olub, o da Azərbaycanı demokratik, azad görmək planıdır. Mən hər zaman demişəm ki, bu xalq sizin xalqınızdır, bu xalqı əzməyin, bu günaha batmayın. Əgər gücünüz varsa, Qarabağda erməniyə göstərin”.

Turqut Ər Azərbaycanda dövlət çevrilişi etmək ittihamına da cavab verdi. 

“Mən dövlət çevrilişi etmək gücündə olsaydım, bunu edərdim. Bunu yazanlar dövlət çevrilişinin nə demək olduğunu bilmirlər. Mən tək adam necə çevriliş edə bilərdim? Azərbaycanda dövlət çevrilişi şousunu Heydər Əliyev uydurmuşdu və yalandan belə bir xəbərin yayılmasına şərait yaratmışdı. Bunlar deyirlər ki, guya mən Ziya Aydın adlı bir adamla dövlət çevrilişi etmək istəmişəm. Mən belə bir adamı, ümumiyyətlə, tanımıram. Dövlət çevrilişi topla, tüfənglə olur, sözlə olmaz”.  

Mənim tanıdığım yeganə erməni……

Turqut Ər erməni diasporundan maddi dəstək almasına da aydınlıq gətirdi: “Mənim həyatımda tanıdığım heç bir erməni yoxdur. Mən ermənilərə xoş münasibəti olan, ermənilərlə sıx əlaqəsi olan Heydər Əliyevi tanıdım. Mənim sülaləmdə ermənilərin şəhid etdiyi 4 nəfər doğmam var və onların ikisi doğma əmimdir. Atam erməniləri Gümrüyə qədər qovmuş adam olub. Mənim ermənilərə qarşı münasibətim, Ilham Əliyevin, Heydər Əliyevin ermənilərə olan münasibəti kimi deyil. Ermənilərlə hər cür iş birliyi quran Azərbaycandakı mövcud hakimiyyətdir”. 

“Milli Şura üzvləri şərəflə yaşamağın nümunəsin göstərib”

Turqut Ər Milli Şuradan pul almasına da aydınlıq gətirdi: “Bu fikirləri yazan adamların ağlına şübhə edirəm. Milli Şuranı yaradanların, Əli Kərimlinin, Isa Qəmbərin və digərlərinin beş qəpik pulları yoxdur. Əgər onların pulu olsaydı, bu hakimiyyəti 5 il bundan əvvəl yola salardılar. Milli Şurada olanlar kasıb, ancaq mənəvi baxımdan zəngin insanlardı. Azərbaycanın demokratik qüvvələri mənə pul yox, öz dostluqlarını, ürəklərini, qardaşlıqlarını veriblər. Bu hakimiyyət qarşısında dik durmaqla, mənə bir qürur veriblər. Bu adamlar dünyaya şərəfli yaşamağın nümunəsini veriblər. Ona görə də mən Azərbaycan xalqına deyirəm ki, bu oğru hakimiyyətdən azad olmaq üçün demokratik qüvvələrə səs verin və öz gələcəyinizə biganə qalmayın”.

Ilham