“Hökumət tənqidçiləri üçün internet təhlükəli yerə çevrilib”

Keçmiş ABŞ diplomatı Azərbaycanda bu vəziyyətin yaranmasına görə beynəlxalq təşkilatları qınayır

Rebekka Vinsent «Əl-Cəzirə»də Azərbaycanda seçkiqabağı durumdan bəhs etdi

 

ABŞ-ın Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Rebekka Vinsent “Əl-Cəzirə”də yaydığı növbəti məqaləsində Azərbaycanda seçki öncəsi vəziyyətdən, o cümlədən bu ölkədə söz azadlığının durumundan bəhs edir.

“Azərbaycanda internet tənqidçiləri təhlükədədir” başlıqlı məqalədə xanım Vinsent yazır ki, prezident seçkiləri yaxınlaşdıqca tənqidçi jurnalistlər, bloggerlər və siyasi fəallar hökumətin daha çox təzyiqinə məruz qalır. Azərbaycan hökuməti tənqidçi səsləri susdurmaq üçün uzun müddət çox ciddi iş aparıb. Bunun nəticəsində mətbuat üzərində hökumətin nəzarəti təhlükəli həddə çatıb. Dövlətin nəzarətində olan mətbuat orqanları mütləq əksəriyyət təşkil edir. Yalnız bir neçə tənqidçi media strukturu qalıb ki, onların da vəziyyəti olduqca ağırdır. Hakim elita internetdə siyasi fəallıq göstərən şəxslərə qarşı mövqeyini günü-gündən sərtləşdirir. Araşdırmaçı jurnalistlərə qarşı əxlaqdan və qanundan kənar addımlar atılır. Tənqidçi mətbuat orqanları və insan hüquqları təşkilatlarının veb-saytları haker hücumlarına məruz qalır.

Həyəcan doğuran xəbərlərdən biri budur ki, Azərbaycanda internetdə təhqir və böhtana görə də cinayət məsuliyyəti nəzərdə tutulub. Azərbaycan hökuməti beynəlxalq öhdəliklərinə zidd olaraq, may ayında qanun qəbul etdi. Avqustun 14-də yerli məhkəmə Mikayıl Talıbov adlı vətəndaşı internetdə böhtana görə 1 illik cəzalandırdı.

Rebekka Vinsent məqaləsində azərbaycanlı siyasi icmalçı və blogger Veysəl Qurbanovun fikirlərinə də yer verib. O bildirib ki, Azərbaycanda bloggerlər və sosial şəbəkə fəalları tamamilə müdafiəsiz vəziyyətdədir. Onların özlərini müdafiə etmək imkanları yoxdur.

Amerikalı keçmiş diplomat araşdırmaçı jurnalist Xədicə Ismayıla qarşı şantaj və qarayaxma kampaniyasından da bəhs edir. Yazır ki, bu kampaniya hələ də davam edir.

“Azadlıq” qəzeti ətrafında yaranmış problemlər də diqqətdən kənarda qalmayıb. Xanım Vinsent yazır ki, bu yaxınlarda iki təşkilat “Azadlıq” qəzetinin saytına edilən çox güclü kiberhücumlar haqda məlumat verdi: “Hökuməti ən çox tənqid edən media orqanlarından olan ”Azadlıq” qəzetinin saytına avqustun 13-dən başlayaraq, aramsız kiberhücumlar həyata keçirilib. Saytın veb-redaktoru Alı Rza bildirir ki, müxalifətin avqustun 18-də azad, ədalətli seçki və siyasi məhbusların azad edilməsi tələbilə keçirdiyi mitinq öncəsi bu hücumlar başlamışdı. Onun sözlərinə görə, avqustun 22-də bu vaxta qədər görünməmiş səviyyədə qəzetin saytına və sayta xidmət göstərən şirkətə hücumlar olub. Alı Rza hesab edir ki, hücumlarda məqsəd “Azadlıq”ın saytını sıradan çıxarmaqdır”.

Rebekka Vinsent Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun saytına hücumlara da toxunur. Qeyd edir ki, bu təşkilata hücumların başlıca səbəbi ölkədə söz azadlığının vəziyyətilə bağlı daimi monitorinq aparmalarıdır: “Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun rəhbəri Emin Hüseynov bildirdi ki, hücumları kimlərin təşkil etdiyini müəyyənləşdirmək mümkün deyil”.

“Vəziyyətin təhlili göstərir ki, internet Azərbaycan hökumətini tənqid edənlər üçün təhlükəli yerə çevrilir. Bütün bu hadisələr Avropa Ittifaqı və Avropa Şurası kimi beynəlxalq təşkilatların Azərbaycan hökumətinə ciddi təzyiqinin olmaması nəticəsində baş verir”, – deyə xanım Vinsent vurğulayır.

Siyasət şöbəsi