Həsən Kərimov: «Əsas məqsəd Cəmil Həsənli qeydiyyata alınandan sonra imzatoplama kampaniyasının uğurla başa çatdırılmasıdır»
Eldar Namazov: «Onların kimliyi Milli Şuranın və namizədin seçki qərargahının toplantısından sonra bilinəcək»
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçki qərargahı formalaşıb. Qərargahın rəhbərliyinə Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı və AXCP Ali Məclisinin sədri Həsən Kərimov seçiliblər. Seçki qərargahına nə qədər adam cəlb olunacaq və onların arasında işlər necə bölünəcək? Həmçinin namizədin vəkilləri kimlər olacaq?
Qərarhagın rəhbərlərindən biri olan AXCP Ali Məclisinin sədri Həsən Kərimov seçki qərargahının yeni formalaşdığını və AXCP Rəyasət Heyətinin əksər üzvlərinin fəaliyyəti qərargahın işinin daha yaxşı qurulmasına yönəldiyini bildirdi. Bu istiqamətdə artıq ilkin təşkilati və texniki işlər başa çatıb.
H.Kərimov əsas məqsədin Cəmil Həsənli qeydiyyata alınandan sonra imzatoplama kampaniyasının uğurla başa çatdırılması olduğunu da qeyd etdi. Bu istiqamətdə də lazımi işlər görülür. Partiya funksionerləri Bakı şəhərində imza qrupu ilə müəyyən treninqlər keçirib. Eyni zamanda imza vərəqələri alınandan partiyanın məsul adamları regionlara ezam olunacaq və imzatoplama kampaniyasına birbaşa rəhbərlik edəcəklər.
H.Kərimov artıq sənədlərin hazırlanması istiqamətində rayon şöbələrinə göstərişlərin verildiyini də bildirdi. Eyni zamanda avqustun 29-dan başlayaraq bir çox rayonlarda Cəmil Həsənlini namizədliyinin irəli sürülməsi üçün təşəbbüs qrupunun iclasları keçiriləcək və bu istiqamətdə işlər davam etdiriləcək.
Milli Şuranın aparat rəhbəri Eldar Namazov isə Cəmil Həsənlinin vəkillərinin və səlahiyyətli nümayəndələrinin kimliyinin Milli Şura və namizədin seçki qərargahının toplantısından sonra bilinəcəyini dedi. Eyni zamanda Milli Şuraşının bu məsələlərlə bağlı xüsusi sessiyası olacaq.
Fizzə