Bir neçə ay əvvəl Bakı Apelyasiya Məhkəməsi “Altes Group” holdinqin paytaxtın Ismayıl Qutqaşınlı küçəsi 507-511 (“ALTES PLAZA” yaşayış kompleksi), Bəsti Bağırova küçəsi 592 (“EMERALD PALACE” yaşayış kompleksi), Həsənbəy Zərdabi küçəsi 569 (“ACADEMY HOUSE” yaşayış kompleksi) ünvanları üzrə yeni tikilən çoxmərtəbəli binalarda yaşayış evlərinin alqı-satqısına qadağa qoyulması haqqında Binəqədi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu barədə məlumatı teleqraf.com saytı yayıb.
Məhkəmənin qətnaməsinə əsasən, həmin evlərin inşaatçıları, “Nur-Inşaat” MMC və “Fərid-Inşaat” MMC şirkətləri, məcburi surətdə orada yaşayış evlərinin satışını dayandırmalıdır. Yaşayış mənzillərinə həbsin qoyulmasına səbəb “Altes Group”un təsisçiləri arasında fikir ayrılıqları olub.
Şirkət səhmlərinin 22 faizinin sahibləri səhmdarlar heyətindən çıxmaq haqqında qərar qəbul ediblər və onların payına düşən vəsaiti təbii formada almaq istədiklərini bildiriblər. “Altes Group”un bir sıra başqa təsisçilərinin bu niyyətə mane olmağa başladığını nəzərə alaraq, həmin məsələ baxılması üçün məhkəməyə verilib.
2012-ci ilin oktyabrında altı aylıq məhkəmə təhqiqatından sonra Binəqədi rayon Məhkəməsi “ALTES PLAZA”da, “EMERALD PALACE”də və “ACADEMY HOUSE”da mənzillərin satışına həbs qoyub, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyası və Ali Məhkəmə isə göstərilən binalarda yaşayış evlərinin satışına qoyulan qadağanı qüvvədə saxlayıb. Hazırda ?Fərid-Inşaat? MMC və “Nur-Inşaat” MMC nümayəndələri həmin yaşayış binalarında mənzillərin satışının dayandırılmasını öz öhdələrinə götürüblər.
Bundan başqa, bu günlərdə Nəsimi rayon Məhkəməsi “Altes Group” holdinqin tərkibində olan “Lider EN” MTK-nin fəaliyyəti ilə əlaqədar qərar qəbul edib. Məhkəmə qərarına əsasən, “Lider EN” MTK-nin payçılarından olan Rüstəm Abdullayevə və digər şəxslərə MTK-da qərar qəbul etmək, göstəriş vermək, hər hansı bir hərəkət etmək qadağan edilib.