Dekadans təhsilin parıltısı

“Qızıl” medal haqqında yazı yazmaq istəmirdim. Ancaq Təhsil Nazirliyinin 2012-2013-cü dərs ilinin və təhsilalanların yekun dövlət attestasiyasının nəticələrinin təhlili ilə bağlı açıqlaması məni xeyli məyus etdi. Açıqlamanın sonunda deyilir: “Aktuallığına görə qızıl və gümüş medalçılarla bağlı məsələlərin kütləvi informasiya vasitələrinin diqqətində saxlanılması Təhsil Nazirliyi tərəfindən təbii qarşılanır. Eyni zamanda, bu mövzunu işıqlandırarkən yüksək nəticə göstərmiş abituriyentlərin uğurlarına da diqqət yetirilməsinin zəruriliyini yaddan çıxarmamağı tövsiyə edirik”.

Bu kimi ifadələr göstərir ki, bu qurum hələ Kütləvi Informasiya Vasitələri ilə işləməyi düşünmür və məsələnin mətbuatda işıqlanmasından narahatdır. Xalis Bayram Hüseynzadə təfəkkürüdür. O ki qaldı yüksək bal toplamış abituriyentlərin uğurlarına diqqət yetirilməsinin zəruriliyinin yaddan çıxarılmamasının tövsiyyə edilməsinə, bəli, biz həmişə 700 bal toplayanların sayının az olmasına məyus olmuşuq. Elə indi də 700 bal toplamış 3 abituriyentin “qızıl” medal ala bilməməsini nazirliyin verəcəyi tövsiyyədən asılı olmayaraq yaddan çıxara bilmirik. Ancaq son 10 ildə ən çox məyusluğumuz qəbul imtahanlarında 0-100 bal toplayanların sayının artması ilə bağlı olub.

Mən və mənim ekspert dostlarım Təhsil Nazirliyinə bu uğursuzluğa həmişə diqqət yetirməsinin zəruriliyini yaddan çıxarmamağı tövsiyyə edirik. 

Azərbaycan təhsilinin vəziyyəti stabil ağır olaraq qalır. Keçmiş təhsil naziri vəziyyəti o həddə çatdırmışdı ki, demək olar, hamı çıxış yolunu onun getməsində görürdü. Nəhayət bu baş verdi. Misir Mərdanovun nazir ömrü o qədər uzun olub ki, hələ də Mikayıl Cabbarova yeni təhsil naziri deyirik. Amma yeni nazir anlayışı leksikondan çıxarılmalıdır. Mikayıl Cabbarov artıq sadəcə təhsil naziridir. Artıq o xeyli iş görüb: Hövsan qəsəbəsində bir məktəb direktorunu, Xırdalanda bir texnikum direktorunu işdən “azad edib”. Distant təhsilin işartısının görünmədiyi bir halda qiyabi təhsilin ləğv olunması haqqında əmr imzalayıb. 248 nəfərə qızıl, 10 nəfərə isə gümüş medal verib. Rayonlarda əhali ilə görüşlər keçirir. Əldə olunan məlumata görə, nazir son görüşlərinin birinə Fərzalı Qədirovu da aparıbmış. Yeri gəlmişkən, cənab nazir Xırdalanda yerləşən Iqtisadiyyat və Humanitar Kollecinin direktorunu çox maraqlı bir şəkildə işdən azad etmişdi. Qərb təhsilli nazirimiz adını çəkdiyim kollec direktorunu vəzifəsindən azad edib müavin təyin etdikdən sonra indi o, həm direktor vəzifəsini icra edir, həm də müavindir. Bax, bunun hüquq və siyasi baxımından izahı çox maraqlı olardı. 

15 il təhsil naziri işləmiş Misir Mərdanov təhsildə əsl dekadans (çöküş) yaratdı. Sistemin altı üstünə çevrilib. Biz yalnız görünən tərəfləri müzakirə edirik. Görünməyən tərəflər haqqında danışanda çox vaxt deyirlər ki, bunlar artıq ötüb. Təhsil yeganə sahədir ki, onun keçmişi, indisi və gələcəyi ortada olan nəticələrdə birləşir. Yaxşı təhsil sistemi qurulmayıbsa və yaxşı olanlardan zaman-zaman üz döndərilibsə, deməli, təhsilin indisindən və gələcəyindən danışmaq yersizdir. Azərbaycan təhsil sisteminin özəyini  imtahan götürmək təşkil edir. Bizim təhsilimizdə iki qütb formalaşıb: imtahan götürənlər və imtahan verənlər. Məktəb yaşı çatmayanlar imtahan yolu ilə 1-ci sinfə qəbul olunurlar. Lisey və gimnaziyaların birinci sinfinə uşaqlar imtahanla götürülür. 9-cu və 11-ci siniflər üçün sınaq və buraxılış imtahanları, qəbul imtahanları üçün keçirilən sınaq və buraxılış imtahanları, hazırlıq kursalarında keçirilən imtahanlar və s.

Ali məktəb rektorları tədrisin keyfiyyətindən danışmırlar. Öyünürlər ki, kompüterlə imtahan götürürlər. Bunlar başa düşmürlər ki, Boloniya sistemində kompüterlə imtahan götürmək anlayışı yoxdur. Hər bir müəllim imtahan üsulunu seçməkdə sərbəstdir. 

2013-2014-cü tədris ilində imtahan burulğanından çıxmış 1-ci və 3-cü qrup abituriyentlərinin nəticələrinə baxaq. Biri texniki və təbiət elmləri qrupu, digəri isə humanitar qrup olduğu üçün maraqlıdır. 

TQDK-nın məlumatına görə, I qrupda imtahan vermiş 35519 abituriyentin 50 faizə yaxını, yəni 17 min abituriyent 90 baldan aşağı nəticə göstərib. Birinci qrupda bu ilin məzunlarıdan 20 min 453 nəfər imtahan verib. Bunların 60,4 faizi 0-200 bal arası nəticə göstərib. Məleykə xanım bu faciəni belə şərh edib: “Biz 150 bala düşməsəydik, əvvəlki illərin məzunu olan gənclərdən 150 bal yığanlar da ali təhsil ala bilməyəcəkdilər. Bizdə gənclər ali təhsil almaq istəyirlər, bu motivasiyanı da gənclərdə saxlamaq lazımdır”. Yaxşı ki, belə abituriyentlərdə gələcəkdə Nobel mükafatı almaq üçün motivasiya yaranacağını ehtimal etmirik, Məleykə xanım.

TQDK-nın açıqlamasına görə, III qrup üzrə keçirilən qəbul imtahanlarında builki abituriyentlərin 43,1 faizi 0-200 bal toplayıb. Belə bir melanxolok vəziyyətdə birdən-birə 248 “qızıl” və 10 “gümüş” medalçının üzə çıxması şok effekti yaratdı. Bu barədə mətbuatda dərc olunmuş yazılardan sonra TQDK sədri qızıl medalçıların bir neçəsinin topladığı balı belə açıqladı: “Düzdür, onların əksəriyyati 600 baldan yuxarı nəticə göstərənlərdir. Təbii ki, onların arasında 499, 533, hətta 140 bal toplayanlar da var”. 

Bu açıqlamadan dərhal sonra isə Təhsil Nazirliyi qızıl medal alanların ballar üzrə faiz göstəricilərini açıqladı. Başa düşülmür, bu, sırf fərdi göstəricilər olduğundan faizə nə ehtiyac var. Konkret hər bir kəsin topladığı ballar açıqlanmalı idi. Aydın məntiqlə qızıl medal alanlar ən azı 600 baldan yuxarı nəticə göstərənlər olmalı idi. Burada isə 35 nəfər 140-499 bal toplayıb. Təhsil Nazirliyi bu il medallara layiq görülmüş məzunların mütləq əksəriyyətinin öz bilik səviyyəsini təsdiqlədiyini də önə çəkir. Bu cür ciddi məsələyə belə don geyindirilməsi yaxşı debüt sayıla bilməz.

Təhsil tariximizdə maraqlı hadisələrdən biri də bu il buraxılış imtahanlarında “2″ qiyməti almış 128 məzunun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olunmasıdır. Onların arasında I ixtisas qrupu üzrə 350, II ixtisas qrupu üzrə 301, III ixtisas qrupu üzrə 559, IV ixtisas qrupu üzrə 330 bal toplamış abituriyentlər də var. Maraqlıdır, nazirlik rəsmilərindən tez-tez eşidirik  ki, qəbul imtahanlarında test tapşırıqları bilərəkdən ilbəil çətinləşdirilir. Orta məktəbdə buraxılış imtahanlarından ”2″ almış 128 məzun qəbul imtahanlarında normal bal toplayıb tələbə olublar. Paradoksa diqqət edin: orta məktəb məzunu  asan imtahandan keçə bilmir, amma çətin imtahanda yaxşı nəticə göstərir.

Digər paradoks isə ondan ibarətdir ki, orta məktəbi əlaçı bitirən və qızıl medal almış birisi 140 bal toplayıb.  Məleykə Abbaszadə qızıl medalçıların bir neçəsinin balını açıqlayan kimi M.Cabbarov da buraxılış imtahanlarından “2″ alanların qəbulda yüksək bal topladıqlarını açıqladı. 

Tam orta təhsil pilləsini bitirələrin attestatına yazılan 16 qiymətin 2-si TQDK-nın keçirdiyi buraxılış imtahanlarının qiymətidir. Əslində bu 4 fənnin qiyməti sayılmalıdır. Riyaziyyat və həndəsə, Ana dili və ədəbiyyat. Deməli, belə çıxır ki, iki təməl fəndən keçirilən buraxılış imtahanlarında da qüsurlara yol verilib və Fərzalı Qədirov deyə bilər ki, 14-nü biz yazmışıq 2-ni isə siz. Yaddan çıxarmaq olmaz ki, 248 “qızıl” və 10 “gümüş” medal alanların “əla” qiymətlərinin 2-ni (4-nü də demək olar) TQDK yazıb. Buraxılış imtahanlarından “2″ alan 128 məzun isə tələbə olub. Hətta onlar istəsələr ali məktəbi əlaçı da qurtara bilərlər. Bu bizim təhsil sistemimizin gənclərə yaratdığı geniş imkanlardır.

Təhsil Nazirliyinin son açıqlamasından: “Təhsil Nazirliyi bu sahələrdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərdiklərini nəzərə çatdırır və təhsilin keyfiyyətinin artırılmasına nail olacaqlarına əminliyini ifadə edir”. Deməli, narahatlığa heç bir əsas yoxdur. Həyat davam edir…

Işiniz avand olsun…

Etibar Əliyev