Sabiq nazirin «Cəmil Həsənli açıqlaması» ilə bağlı yeni məlumatlar
Sabiq iqtisadi inkişaf naziri, 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilən Fərhad Əliyevin Milli Şuranın vahid namizədi Cəmil Həsənli ilə bağlı açıqlaması barədə yeni məlumatlar yayılıb. “Bizim Yol” qəzetinin xəbərinə görə, Fərhad Əliyev həmin açıqlamanı təzyiq altında verib.
Məlumatda deyilir ki, Cəmil Həsənlinin prezidentliyə namizədliyi irəli sürüləndən dərhal sonra Pentensiar Xidmətin rəisi Mədət Quliyev Fərhad Əliyevin cəza çəkdiyi müəssisəyə gəlib. Əvvəlcə Fərhad Əliyevə Cəmil Həsənli əleyhinə bəyanata imza atmağı tələb edən Mədət Quliyev sabiq nazirin etirazından sonra güzəştə gedib. Mənbə bildirir ki, Mədət Quliyev Fərhad Əliyevə təzyiq üçün bir müddət əvvəl ondan götürülən qanunsuz mobil telefonla bağlı açıq qalmış sənədi xatırladıb. Yenidən cinayət məsuliyyətinə cəlb ediləcəyindən ehtiyyatlanan Fərhad Əliyev bu bəyanatı yazmalı olub.
“Yeni Müsavat” qəzetinin məlumatına görə isə Fərhad Əliyevin bu açıqlamasını prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov təşkil edib. Məlumatda bildirilir ki, prezidentin köməkçisi Fərhad Əliyevlə görüşərək ona belə bir açıqlama müqabilində azadlıq vəd edib. Fərhad Əliyev də bu vədə inaònaraq məlum açıqlamanı verib.
“Azadlıq”ın araşdırmaları zamanı isə Əli Əsədovla bağlı xəbər təsdiqini tapmayıb. Məlumatlı mənbə bildirib ki, bu kimi işlər, xüsusilə həbsxanada olan siyasilərlə sövdələşmələr prezident köməkçisinin kurasiyasına daxil deyil. Əksinə, Mədət Quliyev bu məsələdə daha çox fəaldır. Mənbə Fərhad Əliyevin məlum açıqlamasını Mədət Quliyevin təşkil etdiyini daha çox inandırıcı sayıb.
Xatırladaq ki, Cəmil Həsənlinin namizədliyi irəli sürüləndən sonra Fərhad Əliyev açıqlama yayaraq bəyan etmişdi ki, Milli Şuranın vahid namizədinə böyük hörməti olsa da, seçkidə Ilham Əliyevi dəstəkləyəcək.