«Hər diktaturanın əvvəli olduğu kimi, sonu da var, bunlar da hiss edirlər ki, sonlarıdır»
Rüstəm İbrahimbəyov: «Hakimiyyətdəkilər yaxşı bilir ki, xalq onları istəmir»
Son günlər mətbuatda “EL” Hərəkatının üzvü, eləcə də hərəkatın rəhbəri Eldar Namazovun müavini olduğunu iddia edən Əflan Ibrahimovla bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Ə.Ibrahimov mediaya açıqlamasında Milli Şurada toplaşan qüvvələrin Bakıda qarışıqlıq və iğtişaşlar törətməyə hazırlaşdığını bildirib. O, həmçinin Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm Ibrahimbəyovun da adını hallandırıb. Rüstəm Ibrahimbəyovla dünənki söhbətimizə də bundan başladıq:
“Bir yerli kimi, ona görə utanıram”
– Yəqin ki, Əflan Ibrahimovun dediklərindən xəbərininiz var…
– Mən bu şəxsin hərəkətlərinə təəccüblənirəm. Onun özü Bakıda mənimlə əlaqə saxlayaraq demişdi ki, çoxdandır sizinlə görüşmək istəyirəm, biz yerliyik, bilirəm ki, sizin Mehriban Əliyevaya münasibətiniz yaxşıdır, mən də onu dəstəkləyirəm və s. O zaman mən bildirdim ki, siyasətlə məşğul deyiləm. Daha sonra əlavə etdim ki, Mehriban Əliyevaya hörmətlə yanaşıram, amma mən onun prezident kimi namizədliyini heç zaman dəstəkləməmişəm. Mən mətbuatda bəyanat vermişəm ki, hətta Rusiyada Putin də 3-cü dəfə seçkiyə getməyib və prezidentlik postuna yaxın adamı Medvedevin namizədliyini dəstəkləyib. Azərbaycanda da Ilham Əliyev Konstitusiyanı pozmasın deyə, belə bir adam tapa bilər. Belə bir adam Mehriban Əliyeva ola bilər. Mən yalnız bu kontekstdə Mehriban Əliyvanın adını çəkmişəm. Sonra Əflan Ibrahimov mətbuatdan oxuyub ki, Milli Şura yaranır və mən onun təşəbbüskarıyam, “EL” Hərəkatını dəstəkləyirəm. O, yenidən mənim yanıma gəldi və bildirdi ki, təcrübəli adamdır, bizə fəaliyyətimizdə köməyi dəyə bilər. Eldar Namazova dedim ki, bu şəxs yerlimdir, mənə müraciət edərək kömək göstərə biləcəyini deyib. Xahiş etdim ki, bəlkə bu şəxsin “EL” Hərəkatının fəaliyyətində iştirakına icazə verəsiz. Bundan sonra həmin şəxs hərdən mənə – Moskvaya zəng edərək, hal-əhval tuturdu. Bir müddət keçdikdən sonra isə Eldar Namazov mənimlə əlaqə saxlayaraq bildirdi ki, Əflan Ibrahimov ona mənim qohumum olduğunu deyir və onu Milli Şuraya qəbul etməyimizi istəyir. Eldar Namazov bildirdi ki, artıq Milli Şuranın siyahısı təsdiqlənib, yalnız ümumi rəy olarsa, Əflan Ibrahimovu Milli Şuraya qəbul etmək olar. Və bir müddət sonra Əflan Ibrahimovun Eldar Namazov və Əli Kərimlini çevriliş hazırlamaqda ittiham etdiyini eşitdik. Bu, mənim üçün çox təəccüblü oldu. Haram olsun ona Şirvan çörəyi… Bir yerli kimi, mən Əflan Ibrahimova görə utanıram. Bu bir daha onu göstərir ki, ya bu şəxsi əvvəlcədən bizim sıralara qoşmaq istəyiblər ki, o, bu cür təxribatçı işlər görsün, ya da o, sonradan düşünüb ki, “EL” Hərəkatında bu cür addımlar atsa, nəsə qazana bilər. Mən bu adama çox təəccüblənirəm. Onun dedikləri əsassız şayiələrdir. Çünki onun özü bizə müraciət etdi və fəaliyyət göstərmək istədiyini söylədi. Mən Bakıda olmadığımdan Eldar Namazova müraciət etmişdi. Sonradan mətbuatdan oxudum ki, Eldəniz Quliyev və başqaları da onu tanıyır.
“Əvvəlcədən namizədim Cəmil Həsənli idi”
– MSK sizin namizədliyinizin qeydə alınmamasıyla bağlı qərar verdi. Bu qərarı necə dəyərləndirirsiniz?
– MSK-nın bu istiqamətdə qəbul etdiyi qərarla bağlı bütün sənədləri əldə etdikdən sonra bu qurumu məhkəməyə verəcəyik.
– Rusiya vətəndaşlığınızın ləğvilə bağlı son durum nə yerdədir?
– Rusiya vətəndaşlığından çıxmaq üçün uzun müddət lazımdır. Bu proses, hətta aylarla çəkir. Ona görə mənim Putinə şəxsi müraciətim də var idi ki, istisna hal kimi, mənim müraciətimi tez həll etsinlər. Azərbaycanda belə şayiələr yayılıb ki, guya, Rusiyanın Miqrasiya Xidməti mənim müraciətimə bu ilin dekabr ayında baxılacağını bildirib. Sonradan bu məlumatın yalan olduğu məlum oldu. Rusiyanın Miqrasiya Xidməti daha sonra aydınlıq gətirdi ki, nə onlara belə bir məlumatın alınması istiqamətində Azərbaycan mediasından müraciət olunub, nə də onlar cavab veriblər. Məlumatda Rusiya Miqrasiya Xidmətinin əməkdaşı kimi adı çəkilən qadın isə o müddətdə məzuniyyətdə olub.
Bu məsələnin həlli bir qədər çəkə bilər. Düşünürəm ki, əgər Putin Bakıya gələrək, Azərbaycanda bir sıra sazişlərə qol çəkibsə, bu məsələnin həllini o qədər də tələsdirməz. Çünki bu istisna haldır. Amma buna baxmayaraq, ümid edirəm ki, bu məsələ həllini tapacaq. Amma mən MSK-ya sənədlərimi təqdim edərkən qeyd etmişəm ki, mənim heç bir ölkə qarşısında öhdəliyim yoxdur. Mənim Rusiyada mülküm yoxdur, nə də vergi verirəm. Rusiya vətəndaşlığımla bağlı yaranan məsələyə görə Rusiyada tanınmış fonda müraciət etmişəm və o təşkilat rəy verib ki, Azərbaycanın seçki qanunvericiliyində namizədin qeydiyyatıyla bağlı yazılan tələblər qeyri-qanunidir. Çünki burada beynəlxalq qanunlarla təzad yaranır. Beynəlxalq qanunlara görə, mən Rusiya vətəndaşlığından çıxmaqla bağlı ərizəmi verdikdən sonra MSK məni seçkilərə buraxmalıdır. Azərbaycan bu beynəlxalq qanunlara imza atıb və bu öhdəlik yerli qanunvericilikdən üstündür. Amma mənim namizədliyimlə bağlı problem həllini tapmasa, hər ehtimala qarşı biz seçkilərə mənim hörmət etdiyim, dəyərli dostum Cəmil Həsənlinin də namizədliyini irəli sürdük. Əvvəlcədən bəyan etmişdim ki, mənim namizədlərim var. Mən o zaman üç nəfəri – Cəmil Həsənlini, Rafiq Əliyevi və Mehman Əliyevi nəzərdə tuturdum. Amma sonradan belə alındı ki, Milli Şura məni vahid namizəd kimi seçdi. Sonradan situasiya dəyişdi. Mən gördüm ki, namizədliyimin təsdiqilə bağlı problem ləngiyir və biz belə qərara gəldik ki, Milli Şuranın ehtiyat vahid namizədi olmalıdır. Mən təklif etdim ki, Cəmil Həsənli olsun bu namizəd, bu fikri Əli Kərimli, Isa Qəmbər, Eldar Namazov və Milli Şuranın əksəriyyəti dəstəklədi.
Milli Şuranın rəhbəri kimi əlimdən gələni edəcəm
– Rusiyada yaşayan azərbaycanlılar arasında böyük nüfuzunuz var. Milli Şura seçkilərə Cəmil bəyin namizədliyilə qatılacağı təqdirdə bu qurumun sədri kimi, soydaşlarımıza müraciət edəcəksinizmi? Ümumiyyətlə, təşkilatın sədri kimi hansı addımları atacaqsınız?
– Hamımız birlikdə Cəmil bəyin namizədliyini dəstəkləməliyik. Milli Şuranın sədri kimi, həm soydaşlarımıza müraciət edəcəyəm, həm də Cəmil bəyin namizədliyinin dəstəklənməsi istiqamətində addımlar atacağam. Cəmil bəy çox dəyərli, yüksək səviyyəli ziyalımızdır, böyük siyasi təcrübəsi də var. Düşünürəm ki, Cəmil Həsənli uğurlu namizəddir.
– Hakimiyyət Milli Şuranın Rusiyanın proyekti olduğunu iddia edirdi. Amma Rusiyanın din xadimləri Ilham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan edib. Heç şübhəsiz, Rusiya kimi dövlətdə bu cür bəyanat Kremlin razılığı olmadan verilə bilməzdi. Bunu necə dəyərləndirirsiniz?
– Aydın məsələdir ki, Putinin Azərbaycana səfəri onun hazırkı hakimiyyətə dəstəyi demək idi. Bu səfər zamanı məlum oldu ki, Milli Şuranın Kremlin layihəsi olmasıyla bağlı məlumatların hamısı yalandır. Bundan başqa, xüsusi xidmət orqanlarına işləyən mətbuat orqanlarında Milli Şura ilə bağlı gedən məlumatların da yalan olduğu üzə çıxdı. Belə məlumat yaymışdılar ki, Rusiya Azərbaycanda hərbi çevriliş hazırlayır. Bu istiqamətdə konkret olaraq, Rusiyanın Prezident Administirasiyasının rəhbəri Volodinin, “Milyarderlər Ittifaqı”nın bir neçə üzvünün adı hallanırdı. Bu, hakimiyyət tərəfindən hazırlanmış bir təxribat idi. Burada məqsəd o idi ki, müxalifət düşərgəsindəki bir neçə nəfəri 2005-ci ildəki kimi ləkələsinlər. Əgər əvvəl Azərbaycandakı çevrilişin ABŞ tərəfindən hazırlandığını iddia edirdilərsə, indi bu çevriliş planının Rusiyadan gəldiyini bəyan edirlər. Siyasətlə məşğul olmayan və hazırda Türkiyədə yaşayan Nicat Quliyevin bağına silah-sursatın atılması da bu məqsədə xidmət edir. Bu şəxs bir neçə dəfə mənimlə əlaqə saxlayıb. Nicat Quliyevi Milli Şuranın “silahlı qanadı” kimi təqdim etməyə çalışırdılar. Indi də Əflan Ibrahimovun vasitəsilə böhtan atırlar ki, Milli Şura, Eldar Namazov, Əli Kərimli Bakıda iğtişaşlar planlaşdırırmışlar. Bu böhtanlar hakimiyyətin təxribatının növbəti qoludur. Məqsəd odur ki, müxalifəti sıradan çıxarsınlar. Çox çirkin, namussuz hərəkətlərə gedirlər. Məni nəyə görə seçkiyə buraxmırlar? Çünki bilirlər ki, ölkədə vəziyyət yaxşı deyil, xalq onları istəmir. Ona görə də bu cür təzyiqlərlə məcbur etmək istəyirlər ki, xalq sussun. Xalqın əsas haqlarını tapdalayırlar. Bu yolla cəmiyyətdə xof yaratmaq, müxalifəti məhv etmək istəyirlər. Hər diktaturanın əvvəli olduğu kimi, sonu da var. Bunlar hiss edirlər ki, sonları çatıb. Ona görə bu cür addımlar atırlar.
Xəyal