Ödənişli efir olmayacaq?

Telekanallar ödənişli təşviqata qoşulmayıb

Prezident seçkisində ödənişli təşviqat aparmaq istəyən media quruluşlarının Mərkəzi Seçki Komissiyasına müraciət etməsi üçün 7 gün vaxt qalır. Media qurumları ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək (sentyabrın 2-dək) dərc etməlidirlər.

“Media forum” saytı xəbər verir ki, avqustun 27-dək MSK-ya heç bir telekanal müraciət etməyib.

Seçki Məcəlləsi dövlət televiziyası olan AzTV-nin seçki təşviqatı aparmasını yasaqlayır, İctimai Teleradio isə ödənişsiz təşviqata yer ayıracaq.

Bəs digər telekanallar?

ANS Şirkətlər Qrupu prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov “Media forum”a deyib ki, bu barədə qərar verilməyib: “Hər şey televiziya rəhbərliyinin mövqeyindən asılıdır. Qərar verilsə, MSK-ya müraciət edəcəyik”.

“Space” Teleradio Şirkətinin icraçı direktoru Kamil Şahverdiyev “Media forum”a açıqlamasında kanalın prezident seçkisinin ödənişli təşviqat kampaniyasında iştirak etməyəcəyini vurğulayıb: “Bizim öz layihələrimiz var”.

“Lider” televiziyasının Reklam Xidmətindən “Media forum”a bildiriblər ki, kanalın ödənişli təşviqata qoşulub-qoşulmayacağı barədə məlumatları yoxdur.

“Azad Azərbaycan” televiziyası və “Xəzər” televiziyasından məlumat almaq mümkün olmayıb.