Türkiyədən Milli Şuraya dəstək

“Azərbaycan üçün yola çıxan Milli Şuraya uğur diləyirik”

Azərbaycan Kültür Dərnəyi prezident seçkiləri ilə bağlı bəyanat yayıb

Mərkəzi ofisi Ankarada yerləşən Azərbaycan Kültür Dərnəyi ölkəmizdə qarşıdan gələn prezident seçkiləri, Mili Şuranın yaranması və fəaliyyəti ilə bağlı açıqlama yayıb. Qurumun başqanı Cəmil Ünalın adından “musavat.com”a daxil olan bəyanatda oktyabr ayında keçiriləcək seçkilərin Azərbaycanda demokratiyanın, çağdaş dövlətçiliyin, milli bütünlüyün və qardaşlığın oturuşması baxımından bir fürsət olacağı xüsusi vurğulanır: “Demokratiyanı bir sıra Qərb dövlətlərindən öncə yaşamış Azərbaycan, 1918-ci il Mayın 28-də Məmmədəmin Rəsulzadə və silahdaşlarının milli ideologiya əsasında qurduqları demokratik cümhuriyyətin əsasları Sovetlər Birliyinin dağılması ilə özünü göstərirkən, müsavatçılıq ideologiyasının davamçısı Əbülfəz Elçibəy və Xalq Cəbhəsi də Azərbaycanın tarixi keçmişi ilə gerçək müstəqilliyə gedən yolda toparlayıcı və birləşdirici bir işıq olmuşdur.
Bu proseslə başlayan siyasi hərəkat 7 iyun 1992-ci il tarixdə demokratiyanın başladığı yeni bir mərhələ olurkən, eynən 28 May 1918-ci il əzmi ilə təkan verilən demokratik proses kimi, milli və demokratik bir Azərbaycan qurmaq üçün səy göstərilmişdir. Nə yazıq ki, qısa zamanda ortaya çıxan xaos sonrası iş başına gələnlərin antidemokratik təfəkkürləri nəticəsində demokratiya rəfə qoyulmuş, atadan oğula keçən bir xanədanlığa yönəlik Azərbaycanda müxalifətin yox edilməsi prosesi yaşanmışdır. Lakin aradan keçən 20 ildə faktiki, gizli fəaliyyətə keçməli olan və Azərbaycan xalqının nəbzi olan siyasi güclər, eynən 1918-ci ildəki kimi Milli Şuranın yaradılması yönündə mühüm addım atmışlar”.

Bəyanatda daha sonra Milli Şuranın yaradılması alqışlanır və təqdir edilir. Sənəd bu sözlərlə bitir: “20 ildən çoxdur zorakı metodlar və intriqaçı qayda-qanunlarla idarə olunan Azərbaycanda bir daha saxtakarlığın olmadığı, hiylə qatılmayan seçkilərin keçirilməsi hər şeydən öncə Azərbaycan xalqının xeyrinə olmalı və onun iradəsini əks etdirməlidir. Azərbaycan üçün yola çıxan Milli Şuraya uğurlar diləyirik”.