Kərəm Həsənovun idarəsindəki ölümün şok təfərrüatları

Mərhumun yas mərasimində “Azadlıq”ın əməkdaşı ilginc məlumatlar topladı

Rauf Əliyevin qaynı Şükür Qafarov: «Rauf dünyasını dəyişəndən sonra iki nəfər sənədləri tələsik hazırlayıb bizə verdi»

İdarə əməkdaşları mərhumun ölümünün səbəbini ört-basdır etməkdən ötrü hansı addımları atıblar?

Martın 9-da Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki Inventarlaşdırılması Idarəsində bir nəfər dünyasını dəyişib. Həmin şəxs Bakı sakini, Nəsimi rayon Mirzə Ibrahimov küçəsi, dalan 4, ev 13 ünvanında qeydiyyatda olan 1957-ci il təvəllüdlü Əliyev Rauf Camal oğludur. Dünən günorta saatlarında mərhumu torpağa tapşırıblar. Hadisənin təfərrüatlarını öyrənmək üçün adıçəkilən ünvana baş çəkdim.

Qeydiyyat jurnalına diqqət!!!

Ilk qarşıma çıxan şəxs mərhumun qaynı Şükür Qafarov oldu. Ş.Qafarov deyir ki, Rauf Əliyev bir ildən çoxdur, dövlət idarələrinə gedib-gəlirdi: “Maştağanın ”Albalı bağları” deyilən ərazisində bağı vardı. Həmin yerin sənədlərini düzəldirdi. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən tutmuş aidiyyəti başqa qurumlara qədər getmişdi. Sonuncu ünvan isə Nərimanov rayonu ərazisində Daşınmaz Əmlakın Kadastrı və Texniki Inventarlaşdırılması Idarəsi idi. Bu ünvana üç ay idi ki, gedib-gəlirdi. Hər dəfə deyirdilər ki, get, gələn dəfə hazır olacaq. Amma heç nə düzəlmirdi”.
Şükür müəllim qaynının ali təhsilli mühəndis olmasına baxmayaraq heç bir yerdə işləmədiyini söyləyir: “Mərhum bir dəfə ürək çatışmazlığı xəstəliyindən müalicə olunub. Ona əsəbiləşmək olmazdı. Lakin onu o qədər get-gələ saldılar ki, sonda idarədə dünyasını dəyişdi”.
Müsahibim deyir ki, R.Əliyevin ölüm xəbərini eşidən kimi hadisə yerinə gediblər: “Bizə yaxınlaşıb dedilər ki, ”növbədə durmuşdu, halı pisləşdi. Biz də ona su verdik. Amma həyatını xilas edə bilmədik”. Sonra sənədlərini bizə təqdim etdilər. Dedilər ki, bütün sənədləri hazır idi. Indi bir sual çıxır, sənədləri hazır idisə, niyə əsəbiləşirdi? Deməli, sənəd-filan boş şey imiş. Hadisədən səksəkəyə düşüb tez sənədləri hazırlayıblar”.
Ş.Qafarov deyir ki, qeydiyyat jurnalına diqqət yetirmək lazımdır: “Mən özüm də dəfələrlə o idarəyə gedib-gəlmişəm. Sənədi o adama verirlər ki, hər şey onun adına olsun. Adi məntiq deyir ki, R.Əliyevi əsəbiləşdirib öldürüblər. Çünki ona sənədləri versəydilər, belə faciə yaşamazdıq. Aidiyyəti qurumlar gedib qeydiyyat jurnalına nəzər salsınlar, görsünlər mərhum ora imza atıb, yoxsa yox”.

Məsələni ört-basdır etmək üçün qeydiyyat jurnalına saxta imza atıla biləcəyini deyən Ş.Qafarovun sözlərinə görə, sənədi heç vaxt ailəsinə verə bilməzlər: “Bütün hallarda onun imzası olmalıdır. Bir daha təkrar edirəm, qeydiyyat jurnalına imza atıbsa, deməli, artıq məsələni həll edib. Belədirsə, niyə əsəbiləşir, sonra da dünyadan köçür? Deməli, ona sənəd verilməyib. Əvvəlki kimi onu get-gələ salıblar. Sadəcə bu hadisə yaşanandan sonra məsələ bitib”.

“Sənədlərə 1000 manata yaxın pul xərcləmişdi”

Hadisə yerinə ilk gedən mərhumun oğlu Elçin Əliyev deyir ki, onlar o ünvana çatanda ərazidə prokuror və hüquq-mühafizə orqanlarının əməkdaşları artıq gəlibmiş: “Dünən (martın 9-da) saat 11-12 radələrində evə zəng gəldi ki, atam rəhmətə gedib. Tez ünvana getdik. Polis də, prokuror da orada idi. TTYS-in əməkdaşları da gəlmişdi. Xəstəxanaya aparmağa ehtiyac görülməyib. Çünki onlar gələndə artıq atam dünyasını dəyişmişdi. Bizə dedilər ki, növbədə duranda ürəyi sıxılıb, tez bayıra çıxardıblar… Biz çatandan bir neçə dəqiqə sonra gətirib sənədləri verdilər ki, artıq hazırdı. Sadəcə növbəsini gözləməli imiş. Bu da ona qismət olmayıbmış”.
E.Əliyev deyir ki, onlara yaxınlaşan idarənin iki əməkdaşı sənədləri təqdim edərkən belə fikir bildiriblər: “Qeydiyyat jurnalına imza atmışdı, qalmışdı sənədləri götürmək”.
Müsahibimin sözlərinə görə, mərhumun üstündən 200 manata yaxın pul çıxıb: “Ölümündən əvvəl gedəndə orada kimsə sənədlərini düzəltmək üçün ona əli ilə 4 göstərmişdi. O da hey fikirləşirdi ki, bu 4 nə deməkdir. 400, yoxsa 4000 manat? Əgər 400 manat olsaydı, atam o pulu tapıb düzəldə bilərdi. Indiyə qədər sənədlərə 1000 manata yaxın pul xərcləmişdi”.
Mərhumun ailəsi olayla bağlı cinayət işinin açılıb-açılmamasından hələ xəbərsizdilər.

Şahid nə deyir?

Yas yerindən çıxıb hadisə baş verən ünvana üz tutdum. Ətrafda yaşayan sakinlərdən olayla bağlı məlumat almaq o qədər çətin olmadı. Hadisəni gözləri ilə görən Bakı sakini idarədə böyük növbənin olduğunu deyir: “Kənarda bir nəfər var idi. Uca səslə deyirdi ki, ”nə vaxta kimi bura gəlib gedəcəm? Adi bir sənədi düzəltmək üçün bu qədər əziyyət çəkmək olar?”. Ucadan danışan adam az keçməmiş divara söykəndi. Tez ona su gətirdilər. Hiss olunurdu ki, vəziyyəti getdikcə pisləşir. Dünyasını dəyişəndən sonra idarənin əməkdaşları heç nə olmamış kimi hərəkət edirdilər”.

***

Rauf Əliyev almaq üçün bir ildən artıq mübarizə apardığı sənədi ölümü bahasına da olsa əldə edə bildi. Amma ailəsi bu sənədlərin sevincini yaşaya bilmədi…

Ramin DEKO