“El”in yerli təşkilat rəhbərləri istefalar barədə məlumatları təkzib edirlər
Son günlər “El” hərəkatından kütləvi istefaların olduğu barədə bəzi mətbu orqanlarında məlumatlar yayılmaqdadır. Hərəkatın sabiq üzvü Əflan İbrahimov bir sıra rayon təşkilatlarının adlarını çəkərək bu təşkilatlardakı üzvlərin sədrləri ilə birgə «El»i tərk etdiyini iddia edir. Hətta mətbuuatda «El» hərəkatının Ağdaş rayon təşkilatının sədri kimi təqdim olunan sabiq deputat Faiq Baxşəliyevin də istefa verərək təşkilatdan uzaqlaşdığı bildirilir.
“El” hərəkatının sədri Eldar Namazov mətbuata açıqlamasında təşkilatdakı istefalarla bağlı yayılan xəbərləri uydurma adlandırıb. E.Namazov qeyd edib ki, istefa verdiyini bəyan edən şəxslər “El”in üzvləri olmayıblar: “Milli Şuranın mitinqi olan günü “El”də ümumrespublika müşavirəsini çağırmışdıq. Biz orda bu məsələləri müzakirə etdik. Mən Mingəçevir, Ağdaş rayonlarındakı şöbələrimizlə əlaqə saxladım. Onlar təəccübləndilər və belə adda üzvlərimiz olmadığını söylədilər. Həmin adamlar ümumiyyətlə “El”in siyahısında olmayıblar, iclaslarında iştirak etməyiblər”.
Rüstəm İbrahimbəyov: “Haram olsun ona Şirvan çörəyi və bir yerli kimi mən Əflan İbrahimova görə utanıram“
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov da Ə.İbrahimovun ittihamlarına cavab verib. Hazırda «El»ə qarşı yönələn ittihamları hakimiyyətin növbəti təxribatı adlandıran R,İbrahimbəyov vurğulayıb ki, hakimiyyət Ə.İbrahimovun vasitəsilə növbəti böhtan kampaniyasını reallaşdırır: «Mən bu şəxsin hərəkətlərinə təəccüblənirəm. O özü mənimlə Bakıda əlaqə saxlayaraq bildirmişdi ki, təcrübəli adamdır, bizə fəaliyyətimizdə köməyi dəyə bilər. Bundan sonra bu şəxs hərdən mənə zəng edərək, hal-əhval tuturdu. Bir müddət keçdikdən sonra isə Eldar Namazov mənimlə əlaqə saxlayaraq bildirdi ki, Əflan İbrahimov ona mənim qohumum olduğunu deyir və onu Milli Şuraya qəbul etməyimizi istəyir. Bir müddət sonra Əflan İbrahimovun Eldar Namazov və Əli Kərimlini çevriliş hazırlamaqda ittiham etdiyini eşitdik. Bu, mənim üçün çox təəccüblü gəldi. Haram olsun ona Şirvan çörəyi. Bir yerli kimi mən Əflan İbrahimova görə utanıram. Bu bir daha onu göstərir ki, ya bu şəxsi əvvəlcədən bizim sıralara qoşmaq istəyiblər ki, o bu cür təxribatçı işlər görsün. Ya da o sonradan düşünüb ki, «El» hərəkatında bu cür addımlar atsa qazana bilər. Bu əsassız şaiyələrdir. Mən bu adama çox təəccüblənirəm. Çünki o, özü bizə müraciət etdi və fəaliyyət göstərmək istədiyini söylədi. Mən Bakıda olmadığımdan Eldar Namazova müraciət etmişdi».
Faiq Baxşəliyev: «Adımdan yalan məlumat yayıblar»
Öncə sabiq deputat Faiq Baxşəliyevlə əlaqə saxladıq. O, adından mətbuatda yayılan məlumatı təkzib etdi: «Mənə bu günlərdə bir jurnalist zəng edərək «El»dən istefa veri-vermədiyimi soruşdu. Mən dedim ki, «El» hərəkatının üzvü deyiləm və ümumiyyətlə bu təşkilatla əlaqəm yoxdur. Amma sonradan mənim adımdan yalandan belə bir məlumat yayıblar ki, guya mən «El»dən istefa verdiyimi təsdiqləmişəm. Eldar Namazov, Eldəniz Quliyev mənim dostlarımdır. Amma mənim «El» hərəkatı ilə heç bir əlaqəm yoxdur».
Vaqif Əhmədoğlu: «Rayon şöbəsində heç bir panika yoxdur, təşkilatlanma ilə məşğuluq»
Kütləvi istefaların baş verdiyi rayon şöbələrindən biri kimi Astaranın da adı hallanır. «El»in Astara rayon şöəbsinin sədri Vaqif Əhmədoğlu qəzetimizə açıqlamasında bildirdi ki, mətbuatda istefalar barədə yazılanlar reallığı əks etdirmir. Hazırda Astara rayonunda «El» hərəkatının sürətlə təşkilatlandığını deyən V.Əhmədoğlu vurğuladı ki, bəzi KİV-lər reallığı təhrif olunmuş şəkildə təqdim etməyə çalışır: «Hələ Cəmil bəyin namizədliyi təsdiqlənməmiş mənə bir jurnalist zəng edərək baş verənlərlə bağlı fikrimi soruşmuşdu. Mən də bildirmişdim ki, hazırkı reallıqda Milli Şuranın namizədinin siyasilərdən birinin olması yaxşı olardı və Əli Kərimli, Eldar Namazov və İsa Qəmbərin adını çəkmişdim. Amma sonradan Milli Şuranın ehtiyat vahid namizədlə bağlı qərarı çıxdı və biz bu qərarı alqışladıq. Hazırda rayon şöbəsində heç bir panika yoxdur və biz rayon üzrə sürətlə təşkilatlanma prosesi ilə məşğuluq».
Mehdi Səfərov: «Heç bir istefa yoxdur, fəaliyyətimiz əvvəlki qaydada davam edir»
«El»in Cənub bölgəsi üzrə təmsilçisi Mehdi Səfərov da vurğuladı ki, demokratik düşərgəyə qarşı ünvanlanan hazırkı ittihamlar hakimiyyətin növbəti təxribatıdır: «El» Hərəkatından heç bir istefa yoxdur və təşkilatımız əvvəlki qaydada fəaliyyətini davam etdirir. Mətbuatda bu barədə yazılanlar sadəcə olaraq yalandır. «El» hərəkatı Milli Şuranın qərarlarını dəstəkləyir».
Xəyal